Təhsil gündəmi / 29 may 2021

Bozalqanlı məktəbinin şagirdləri ilə görüş

Mayın 29-da Respublika Təhsil Şurası İctimai Birliyinin Tovuz rayon flialı təsis edildi. Toplantı bir əsrlik tarixə malik olan Bozalqanlı kənd tam orta məktəbində reallaşdı. Təsis toplantısından öncə Təhsil Şurasının sədri Samir Mehdizadə və Birliyin katibi Böyükağa Mikayıllı Bozalqanlı kənd tam orta məktəbin şagirdləri ilə görüşdülər. Görüşdə çıxış edən Samir Mehdizadə şagirdləri 28 may Respublika Günü münasibətilə təbrik etdi. Samir Mehdizadə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun qələbə çaldığı 44 günlük Vətən müharibəsindən bəhs etdi. O, vurğuladı ki, 44 günlük Vətən müharibəsi Azərbaycan məktəbinin əsl vətəndaş yetişdirməyə qadir olduğunu bir daha sübut etdi. S.Mehdizadə Bozalqanlı məktəbinin tarixindən, Azərbaycan təhsilinin inkişafında burada çalışmış müəllimlərin əhəmiyyətli dərəcədə rol oynadıqlarından danışdı. Əməkdar müəllim, Sosialist Əməyi Qəhrəmanı Məhər Quliyev kimi bir müəllimin, təhsil təşkilatçısının bu məktəbin tarixində izi olmasını məktəbin tarixi üçün mühüm hadisə adlandırdı. Heydər Əliyev Fondu tərəfindən müasir tələblər səviyyəsində inşa edilən yeni məktəbin gələcəkdə şagirdlərin daha böyük uğurlarına yol açacağına ümidvar olduğunu dilə gətirdi. 
Respublika Təhsil Şurasının katibi Böyükağa Mikayıllı Bozalqanlı məktəbinin tarixini, onun müasir dövrdə fəaliyyət istiqamətlərini, nailiyyətlərini öyrəndiyini söylədi. Qeyd etdi ki, Bozalqanlı məktəbinin şagirdlərinin sorağı respublikamızın, eləcə də dünyanın ən yaxşı universitetlərindən eşidilir. Bu, əlbəttə ki, məktəbdə təlim-tərbiyə prosesinin yüksək peşəkar səviyyədə təşkil olunmasından xəbər verir. B.Mikayıllı qeyd etdi ki, Bozalqanlı məktəbində yaradılmış müasir tədris şəraiti məktəbin zəngin ənənlərini davam etdirməyə stimul yaradır. 
Daha sonra məktəbin direktoru Nüsrət Quliyev və şagirdlər çıxış edərək Bozalqanlının tarixindən, məktəbin uğurlarından, yeni məktəb binasında tədris üçün yaradılmış şəraitdən bəhs etdilər. 
Müəllimlərlə söhbət...
Məktəbin bir qrup qabaqcıl müəllimi ilə görüşün keçirilməsində məqsəd Respublika Təhsil Şurasının tarixi, onun məqsəd və məramı haqqında onları məlumatlandırmaq idi. Təhsil Şurasının sədri Samir Mehdizadə çıxış edərək bildirdi ki, Təhsil Şurası 1998-ci ildə Azərbaycan müəllimlərinin 11-ci qurultayında Ulu Öndər Heydər Əliyevin tövsiyəsi ilə yaradılıb. Ulu Öndər qurultaydakı çıxışında Təhsil Şurasının fəaliyyət istiqamətlərini müəyyənləşdirərək, onun qarşısında ciddi tapşırıqlar qoyub. Təhsil Şurası 20 ildən artıq fəaliyyəti dövründə dövlətin təhsil strategiyasına sadiq qalaraq, təhsilimizin inkişafı istiqamətində fundamental əhəmiyyətli layihələr həyata keçirib. Sonra Samir Mehdizadə Təhsil Şurasının fəaliyyəti ilə bağlı müəllimləri maraqlandıran sualları cavablandırdı.
Təsis toplantısı...
Respublika Təhsil Şurası İctimai Birliyi Tovuz rayon filialının təsis toplantısında Təhsil Şurasının sədri Samir Mehdizadə, Birliyin katibi Böyükağa Mikayıllı, Tovuz Rayon Təhsil Şöbəsi Metodkabinetinin direktoru İbrahim Həsənov, Bozalqanlı kənd tam orta məktəbin direktoru Nüsrət Quliyev, rayonun bəzi məktəblərinin direktorları, qabaqcıl müəllimlər iştirak edirdilər. 
Təhsil Şurasının sədri Samir Mehdizadə Təhsil Şurasının tarixindən bəhs edərək söylədi ki, Təhsil Şurası ötən illər ərzində təhsilimizin bütün pillələrində həyata keçirilən layihələrə öz münasibətini bildirmiş, təkliflər irəli sürmüş, problemlərdən çıxış yollarını göstərmişdir. Bir sözlə, Şura daim öz prinsiplərinə, idaya və məqsədlərinə sadiq qalaraq, təhsilimizin inkişafına çalışmışdır. Respublikamızın qabaqcıl müəllimləri Təhsil Şurasının ətrafında birləşərək, onun daha səmərəli işləməsi üçün əllərindən gələni ediblər. S.Mehdizadə qeyd etdi ki, Təhsil Şurası əməkdaşlıq etmək, təkliflər vermək arzusunda olan müəllimlərə, təhsil işçilərinə açıqdır. Təhsilimizin inkişafının təməlində müəllimin pedaqoji ustalığı, onun vətəndaşlıq mövqeyi dayanır. Təhsil Şurası belə müəllimlərlə işləməyə hər zaman hazırdır.
Təhsil Şurası İctimai Birliyinin katibi Böyükağa Mikayıllı Birliyin həyata keçirdiyi layihələr haqqında toplantı iştirakçılarını məlumatlandırdı. Uzun illər ərzində fəaliyyət göstərən, respublikamızın pedaqoji ictimaiyyətinin rəğbətini qazanan “Təhsil və zaman” qəzetindən, qabaqcıl müəllimlərin forumlarından, beynəlxalq təcrübə mübadiləsi layihələrindən, universitetlərin, təhsil sistemlərinin, görkəmli pedaqoqların elmi-pedaqoji irsinin tədqiqi istiqamətində görülən və gələcəkdə görüləcək işlərdən bəhs etdi. B.Mikayıllı vurğuladı ki, Təhsil Şurası müəllimlərlə yanaşı, alimlər, tədqiqatçılarla da əməkdaşlıq etməyə hazırdır. “Biz təhsilimizin inkişafına fayda verəcək bütün ideyaları və təklifləri dəstəkləməyə hazırıq” deyə B.Mikayıllı vurğuladı. 
Təsis toplantısında çıxış edən Tovuz Rayon Təhsil Şöbəsi Metodkabinetinin direktoru İbrahim Həsənov Təhsil Şurasının Tovuzun təhsil ictimaiyyəti ilə əlaqələrinin genişlənməsindən məmnun olduğunu söylədi.
Bozalqanlı kənd tam orta məktəbin direktoru Nüsrət Quliyev Respublika Təhsil Şurası Tovuz rayon filialının rəhbəri seçildi. Toplantı iştirakçıları filalın gələcək fəaliyyət istiqamətlərini müzakirə etdilər. 
Respublika Təhsil Şurasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Mərkəzi.

Mənbə ​​​