Təhsil gündəmi / 06 may 2021

Kürsəngi dağı haqqında

Salyan folklorunun izi ilə;
         Kürsəngi dağı Salyan rayon Kürsəngi kəndi ərazisində  yerləşir. Kənd öz adını bu dağdan alıb. El arasında Kürsəngi dağı deyilsə də, əslində bu, uca bir təpədir. Təxminən, 90 metr hündürlüyü var. Kürsəngi dağı vulkan mənşəli dağdır.  Bu dağın yaranması ilə bağlı bir neçə rəvayət var. Bu  rəvayətlə bağlı məlumatı Kürsəngi kənd sakini 1953-cü il təvəllüdlü Rəhimov Ağabəy Abdulla oğlundan aldıq. Onun dediyinə görə bir zamanlar üç qardaş olub; Kürsəngi, Savalan, Həzrət. Onlar Şirvan dağının ətəyində bir pir var, orada məskunlaşmışdılar. Səhərlər hərə öz işinə gedirmiş, axşama evlərinə gəlirmiş. Bir gün də Kürsəngi adını daşıyan qardaş axşam işdən gələndə görür ki, yerə düyü tökülüb. Buna görə onların aralarında mübahisə olur. Mübahisə zamanı Həzrət qardaş acıq edir, evdən çıxıb gedir. Qardaşlar bundan çox narahat olurlar. Həzrəti axtarmaqdan ötrü iki qardaş yola düzəlirlər. Baba dağının ətəyinə qədər gedirlər. Axtarırlar, amma onu tapa bilmirlər, kor-peşman  geri qayıdırlar. Geri qayıdanda Kürsəngi qardaş yorulur, indiki Kürsəngi dağının ətəyində dayanır, deyir ki, ”Mən yorulmuşam, mənim məskənim elə buradı. Mən bu dağın üstündə yaşayacam, ömrümü burada başa vuracam”. Savalan qardaş nə qədər təkid edirsə Kürsəngi qardaş qərarından əl çəkmir. Savalan qardaş əsəbləşir, ona deyir, “Sən elə kürsən ki kür”, yəni tənbəlsən ki, tənbəl. Kür sözünün digər mənası da dəli-dolu, ipə-sapa yatmayan deməkdir. Elə o vaxtdan bu dağın adı Kürsəngi qalıb. Kürsəngi digər qardaşlardan daha qocaman olduğu üçün bu dağa bəzən, qoca Kürsəngi də deyirlər. Hətta bu ərazidə yaşayan insanlar and içəndə,”Yuxarıda Allah, aşağıda qoca Kürsəngi haqqı” deyirlər.
         İkinci ehtimal da ondan ibarətdir ki, Kür sözü öz yatağına sığışmayan, kükrəyən, daşan, coşan mənasını ifadə edir. Bu da Kür çayı ilə əlaqədardı. Vaxtı ilə Kürün qabağına bənd atılmamışdan əvvəl Kür sahillərini basanda, bütün əraziləri su basarmış. Əhali özünü qorumaq üçün Kürsəngi dağına çıxarmış. Kür daşıb bu ərazilərə çatanda yavaşlayarmış, səngiyərmiş.  Ehtimallardan biri də buna əsaslanır.
Bir ehtimal da var ki, səng fars dilində “daş” mənasında, Kürsəngi sözü isə "Kürün daşı" mənalarına söykənir. Belə ki, Kür daşanda hər yeri su basırmış. Kürsəngi dağı o daşqının ortasında bir daş kimi, ada kimi görsənirmiş. Bu dağ Cənub-şərq Şirvan düzündə ən böyük vulkanik dağ, Salyanda ən yüksək zirvə hesab edilir.
Kürsəngi kəndinin adı da məhz bu dağın adından götürülmüşdür. O vaxta qədər bu kəndə Çalovlu deyirdilər. Çünki burada yaşayan əhalinin əksəriyyəti Şamaxının Çalov  kəndindən gəlmədir. Sözü gedən kənd çalovluların qışlağı hesab olunurdu. Daha sonra əhali oturaq həyata keçmiş və burada məskunlaşmışlar. Hal-hazırda da Şamaxının Çalov kəndi ilə sıx əlaqələr var. Kürsəngidə bir hadisə baş verən kimi Çalov kəndində eşidilirdi, yəni o dərəcə sıx əlaqələr var.
          Kürsəngi dağı və Kürsəngi sözü haqqında başqa rəvayətlər də var. Bu rəvayətlərdə Kürsəngi sözünün izahı ağzdan-ağıza keçən el yorumlarına əsaslanır. Fikrimizcə, bu rəvayətlərdə söylənənlər bu dağın adının gerçək izahından uzaqdır. Lakin onları qiymətli folklor nümmunələri kimi yazıya almağı gərəkli hesab etdik. 
            Kürsəngi dağı haqqında araşdırmaçı Namiq Hacıheydərlinin “Gizli tarix və ya Şumer yadigarı Kürsəngi dağı” adlı araşdırma yazısı var. Araşdırmaçının yazdığına görə Kürsəngi sözünün iki komponenti var. Kür qədim Şumer dilində “yüksəklik” anlamını verən Kur sözündən götürülüb. Qədim şumerlər özlərinə səng və ya sang deyiblər. Yəni bu adın mənası qədim şumercədə “Şumer yüksəkliyi” deməkdir. Fikrimizcə, Kürsəngi sözünün ən doğru elmi və məntiqi izahı budur.

Arzu Çingiz (Əliyeva)