Təhsil gündəmi / 04 may 2021

Aktuallığını hər zaman qoruyub saxlayacaq təcrübənin yaradıcısı – Mayıl İsmayılov

Bu yazı, Respublikanın Əməkdar müəllimi, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin qurucusu Mayıl İsmayılovun elmi-pedaqoji fəaliyyətindən, məktəb quruculuğu sahəsindəki işlərindən bəhs edir...


Mingəçevirə hər yolum düşəndə, el arasında “Mayıl müəllimin liseyi” kimi tanınan şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyə mütləq olaraq baş çəkirdim. Əmin idim ki, liseyin şagirdləri yenə də məni öz uğurları ilə təəccübləndirəcək, maraqlı, əhəmiyyətli layihələri ilə diqqətimi cəlb edəcəklər. Belə də olurdu. Mayıl müəllimlə tanışlığım 2000-ci illərin əvvəllərinə təsadüf edir. Bu zaman artıq, Mayıl müəllim 1990-cı ildə yaratdığı liseyi respublikanın ən yaxşı təhsil müəssisələri sırasına çıxara bilmişdi.Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey haqqında ayrı-ayrı zamanlarda yazılar qələmə almışam. Hər dəfə də liseyin fəaliyyətinə başqa-başqa rakurslardan baxmağa çalışmışam. Mayıl müəllim 1998-ci ildən  Respublika Təhsil Şurasının üzvüdür. Görüşlərimizdə Şuranın, eləcə də, onun mətbu orqanı olan “Təhsil və zaman” qəzetinin fəaliyyəti ilə bağlı məsləhətləşmələr aparır, eyni zamanda liseyin iş təcrübəsini müzakirə edirdik. Zaman-zaman qələmə aldığım yazılarda Mayıl müəllimin məktəb quruculuğu fəaliyyətini görkəmli məktəbşünaslar - SSRİ Xalq müəllimi, Xaldan məktəbinin qurucusu Zahid Şöyübov, Sona xanım Tağıyeva ilə müqayisə etmişəm. Amma onun fəaliyyətində hər zaman fərqli bir nüans diqqətimdə olub. Məhz bu nüans onu həmkarlarından fərqləndirib. Bu yazıda bu məsələdən, eləcə də Mayıl müəllimin dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvi irsinin tədqiqi istiqamətində əldə etdiyi elmi nailiyyətlərdən, tərcüməçilik fəaliyyətindən bəhs edəcəyəm. 


Lisey necə yarandı?


1990-cı illərin əvvəllərində Azərbaycanda yeni tip orta təhsil müəssisələri –liseylər, gimnaziyalar yaradılırdı. Təhsilimizin dünyanın qabaqcıl təhsil təcrübəsinə inteqrasiyasını, ümumiyyətlə təhsil mühitinin keyfiyyətinin yüksəldilməsi məqsədini daşıyan bu addım mütərəqqi düşüncəli müəllimlər, məktəbşünaslar tərəfindən rəğbətlə qarşılanırdı.Onların arasında bu prosesə dəstək vermək istəyində olanlar da var idi. O zaman Mingəçevir Şəhər Təhsil Şöbəsində çalışan Mayıl müəllim də yenilikçi ruhlu təhsil mütəxəssisi kimi yeni tipli təhsil müəssisəsinin yaradılması işinə qoşulur. Onun başlıca məqsədi bu idi ki, Mingəçevirli gənclərin daha keyfiyyətli təhsil almasına şərait yaransın. Bu, o qədər də asan başa gələn bir iş deyildi. Məktəb qurmaq, onun maddi texniki bazasını təmin etmək, ən yaxşı müəllimləri bir yerə toplamaq, nəhayət bu müəllimləri bir ideya ətrafında birləşdirmək, əlbəttə ki, maneələr, çətinliklərlə müşaiyət olunacaqdı. Buna rəğmən Mayıl müəllim bu məsuliyyətli işi öz çiyinlərinə götürür. Müvafiq orqanlarla aparılan danışıqlar, rəsmi yazışmalar başlanır. Bəzən ümid çırağı yanır, bəzən isə əlləri hər yerdən üzülür, amma ruhdan düşmür. Mayıl müəllimin prinspial mövqeyi, ideyasını mükəmməl şəkildə əsaslandırmaq bacarığı öz bəhrəsini verir. Liseyin vacibliyi ilə bağlı onun maraqlı və fundamental əsaslandırmaları var idi. Onun məntiqi proqnozlarına görə, lisey bir neçə ildən sonra Mingəçevirin, ardınca isə Respublikanın ən yaxşı təhsil ocaqlarından birinə çevriləcəkdi. Mayıl müəllim, bunu yalnız öz təxəyyülünə arxalanıb söyləmirdi. O, Mingəçevirin pedaqoji kadr potensialına, ailələrin elmə, təhsilə olan münasibətinə, gənclərin təhsilə olan istək və maraqlarına, nəhayət Mingəçevir təhsilinin ənənələrinə inanırdı. İnanırdı ki, bu potensial, bu intellektual mühit lisey üçün mükəmməl baza, inkişaf üçün təməl rolunu oynayacaq. Necə deyərlər, el bir olsa zərbi kərən sındırar. Nəhayət, lisey 1990-1991-ci tədris ilində fəaliyyətə başlayır. 


“Sizin liseyinizin yeri hər birimizin ürəyindədir”


2000-ci illərin əvvəllərində bu liseylə tanışlığım bir sıra qənaətlərə gəlməyə səbəb oldu. Birincisi bu idi ki, lisey əldə etdiyi uğurlara “özgə qapılarda” nail olmuşdu. Liseylə tanış olmayanlara bu təəccüblü, bəlkə də inandırıcı görünməyə bilər. Amma həqiqətdir. Onlar 17 il məhz belə bir şəraitdə işləyiblər. Bəzən Mayıl müəllimlə görüşəndə deyirdim ki, sizin liseyinizin yeri hər birimizin ürəyindədir. Maraqlıdır ki, 17 il ərzində əldə etdiyi uğurlar, ən yaxşılar sırasında dayanması belə ürəkləri yumşaltmayıb ki, onlara bir bina versinlər. Yalnız 2008-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Azərkabel zavodunun təmirsiz binası liseyin balansına keçirilir. O zaman Liseyin bina ilə təmin olunmasında o zaman Təhsil naziri vəzifəsində çalışan Misir Mərdanovun, millət vəkili, Mayıl müəllimin şagirdi olmuş Aydın Mirzəzadənin də xidmətləri olub. 


Xəyaldan reallığa


Bir neçə ildən sonra liseyə gedərkən tamamilə başqa bir mənzərənin şahidi oldum. Binanın görkəmi tamamilə dəyişmişdi. Liseyə daxil olarkən inanmaq olmurdu ki, bura nə zamansa zavod binası olub. Dəhlizlərdən başlamış, fənn kabinetlərinə - ən incə nüanslara qədər –hər şey yenilənmişdi, Mayıl müəllimin xəyallarından reallığa qədəm qoymuşdu. Təhsil nazirliyi binanı əsaslı şəkildə təmir etmişdi. 

İkinci qənaətim bu idi ki, liseyuğurları ilə respublikanın ən qabaqcıl təhsil ocaqlarını belə qabaqlaya bilmişdi. Bu liseydətəhsil almaq Mingəçevirli uşaq və gənclərin arzusu idi. Liseyin get-gedə artan uğurları ona olan marağı da artırırdı. Mayıl müəllim liseyə Mingəçevirin ən yaxşı müəllimlərini toplamağı bacarmışdı. Lisey informasiya-kommunikasiya texnologiyaları ilə təchizata görə respublikada öncül yerlərdən birini tuturdu. Məktəb üçün mühüm olan faktorlara – mükəmməl pedaqoji kadr və maddi-texniki bazaya malik olması liseyi respublikanın ən yaxşı məktəbləri sırasına çıxartmışdı. Nəticə etibarilə lisey iki dəfə “Ən yaxşı məktəb” Respublika müsabiqəsinin qalibi adına layiq görüldü. Lisey hər il, bir qayda olaraq, ali məktəblərə qəbulun nəticələrinə görə ilk beşlikdə qərarlaşıb. İki dəfə isə şəriksiz lider kimi birincilik qazanıb. Əldə etdiyi nailiyyətlərinə görə Beynəlxalq Liseylər və Gimnaziyalar Assosiasiyasının üzvü seçilib. Şübhə yoxdur ki, əməkdaşlığa, mənəvi dəyrələrə, müasir pedaqoji təcrübənin tətbiqinə, innovativliyə əsaslanan təlim-tərbiyə prosesinin, idarəetmə sisteminin də qurulması əldə olunan uğurların təməl prinsiplərindən idi. Mayıl müəllim liseyə rəhbərlik etdiyi 25 ilə yaxın müddətdə əslində müasir dövrümüz üçün hər bir məktəb rəhbərinə nümunə olacaq məktəb quruculuğu təcrübəsini yaratdı. Bu liseyin nümunəsində təfəkkür məktəbinin özüllərini qurdu.

Bu liseydə qabaqcıl müəllimlərin pedaqoji təcrübəsini bir neçə dəfə öyrənib respublikaya yaymışam. Təfəkkür, yaradıcılıq məktəbinin izlərini iş təcrübəsini öyrəndiyimiz bütün müəllimlərin fəaliyyətində müşahidə etmək mümkün idi.Hesab edirəm ki, bu təcrübə hər zaman öz aktuallığını qoruyub saxlayacaq. İnsanın atdığı bir cəsarətli addım neçə-neçə insanın həyatını yaxşı mənada dəyişə bilər. Mayıl müəllimin Mingəçevirdə yaratdığı lisey zamanında atılmış məhz belə bir addım – gələcək üçün açılan işıqlı bir pəncərə idi. “Tikdim ki, izim qala, tikmədim özüm qalam” məsəli yada düşür...

Mayıl müəllimin məktəb quruculuğu fəaliyyəti onun elmi tədqiqatlarına heç vaxt mane olmayıb. Əksinə, elmi fəaliyyəti pedaqoji fəaliyyətinə, pedaqoji fəaliyyəti isə elmi tədqiqatlarına istiqamət verib. Əslən Qərbi Azərbaycanın Dilican dərəsində yerləşən, gözəlliyi ilə göz oxşayan Haqqıxlı kəndində anadan olan Mayıl İsmayılov əsas təhsilini bu kənddə, orta təhsilini isə qonşu Polad kəndində bitirib. O, 1963-cü ildə M.F.Axundov adaına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (indiki ADU) ingilis-azəri dilləri şöbəsinə daxil olub. O zaman eksperiment kimi yaradılan bu fakültədə həm Azərbaycan, həm də ingilis dilinin tədrisi metodikası öyrədilirdi. Mayıl müəllim ali təhsilini başa vurduqdan sonra Mingəçevir şəhərinə təyinat alıb. Müəllim, orta məktəbdə direktor müavini, Şəhər Təhsil Şöbəsində  məktəb inspektoru vəzifələrində çalışıb. Müxtəlif illərdə AzərTAc-da ingilis dilində xəbərlər hazırlayan və yayan Baş redaksiyada redaktor, ali təhsil müəssisələrində müəllim, kafedra müdiri, prorektor vəzifələrini daşıyıb. Qurucusu və direktoru olduğu Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseydə, eləcə də Mingəçevir Politexnik İnstitutunda (indiki MDU), Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir flialında ingilis dilindən dərs deyib. 1994-1998-ci illərdə BMT-nin Azərbaycanda ərzaq proqramı üzrə monitorinqinə cavabdeh şəxs olub. Nizami Gəncəvi irsinin ingilisdilli ölkələrdə tədqiqi və tərcüməsi ilə bağlı dissertasiya müdafiə edib. O, hal-hazırda Mingəçevir Dövlət Universiteti Xarici dillər kafedrasının dosentidir. Onun "Nizami poemalarının ingilis dilinə tərcümələri" monoqrafiyası, eləcə də Azərbaycanda ilk təşəbbüs olan "İngiliscə-Azərbaycanca şəxs adları lüğəti" və Namaz Manafovla həm müəllifi olduğu "Xarici dil dərslərində çox işlənən sözlər" tədris vəsaitləri çapdan çıxıb. R.Azadənin "Məhəmməd Füzuli" monoqrafiyasını ingilis dilinə, bir sıra ingilis ədəbiyyatı nümunələrini Azərbaycancaya çevirib. Mayıl İsmayılov Nizami Gəncəvi irsinə, onun digər tədqiqatçıları kimi, Azərbaycan xalqının mənəvi xəzinəsi kimi yanaşaraq, onu öz əsərlərində, məqalələrində, məruzə və görüşlərində əhatəli şəkildə xarakterizə edib. Onun əsərləri ali məktəb tələbələri tərəfindən dərs vəsaiti kimi istifadə olunur. O, bir neçə il əvvəl Böyük Britaniyanın York Universitetinə, daha sonra isə ERASMUS+ layihəsi çərçivəsində Sloveniyanın Nova-Qoriça Universitetinə Nizami Gəncəvi irsi ilə bağlı mühazirə oxumağa dəvət edilib. Ənənəsinə sadiq qalan alim tələbələr qarşısındakı çıxışlarında Nizami Gəncəvini Azərbaycanın dahi şairi, mütəfəkkiri kimi səciyyələndirməklə, poeziyasındakı fəlsəfi, elmi incəliklərindən danışıb, şairin əsərlərini söz xəzinəsinin əbədi incisi kimi ayrı-ayrılıqda təhlilə cəlb edib. Bəlli olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilib. Ölkə başçısının dahi şairin 880 illiyi ilə əlaqədar imzaladığı bu sərəncamAzərbaycan və dünyada Nizamişünaslığın inkişafı, Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliği baxımından mühüm təşəbbüsdür. Bu sərəncam dahi şairin irsinin təbliği istiqamətində uzun illərdir ki, yorulmaz fəaliyyət göstərən Mayıl İsmayılovun da tədqiqatlarına bir stimuldur desəm, doğru olar. Uzun illərdir ki, bu mənəvi xəzinəni araşdıran, onu orta məktəb şagirdlərindən tutmuş, ali məktəb tələbələrinə, xarici tədqiqatçılara, elm-sənət dünyasına öyrədən müəllim və tədqiqatçı üçün bundan yaxşı imkan ola bilərmi? Bu günlərdə Kiyev Milli İqtisadiyyat Universiteti ilə Mingəçevir Dövlət Universitetinin “Nizami Gəncəvi: şair, mütəfəkkir, filosof” mövzusunda təşkil etdiyi beynəlxalq konfransda da məruzəçi məhz Mayıl müəllim idi. Hazırda o, Türkiyənin Qazi Universiteti ilə birgə keçiriləcək növbəti konfransa hazırlaşır. Konfransın Azərbaycan tərəfindən iki məruzəçisindən biri Mayıl İsmayılovdur. Mayıl müəllim Azərbaycan və dünya mətbuatında Nizami Gəncəvinin irsi ilə bağlı tədqiqatlarını mütəmadi olaraq dərc etdirir. “Nizami poeziyasının Avropa ədəbiyyatı və mədəniyyətində əks-sədası”, “Nizaminin Amerika tədqiqatçısı” adlı məqalələri bu qəbildəndir.  

Mayıl İsmayılov bir məktəb qurusucu olaraq Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin əsasını qoyub. Bu liseyi respublikanın ən qabaqcıl təhsil ocaqlarından biri səviyyəsinə yüksəldib. Bir müəllim kimi, Amerikadan tutmuş Yaponiyaya qədər sorağı tibbi, iqtisadi, hərbi, siyasi, diplomatiya və s. sahələrdən, eyni zamanda ən nüfuzlu ali məktəblərdən, elm ocaqlarından eşidilən şagirdlər yetişdirib. “Qabaqcıl maarif xadimi", "Azərbaycanın təhsil əlaçısı" döş nişanlarına, "Əməkdar müəllim" fəxri adına və Avropa nəşr mətbu evinin qızıl medalına layiq görülüb. Müstəqil Azərbaycan Respublikası müəllimlərinin I, II, III qurultaylarının nümayəndəsi olmuşdur. Dəfələrlə Təhsil Nazirliyinin və Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Tədqiqatçı-alim kimi Nizamişünaslığa dəyərli əsərlər bəxş edib. Unikal tərcümələri ilə maraq doğurub. Fikrimcə, o, bir müəllim olaraq sözünü məktəbdə və alim kimi elm aləmində deyib. Elmi pedaqoji fəaliyyətini ustalıqla əlaqələndirirək daim yaşayacaq mənəvi varidat yaradıb. Bəzən yazdığın məqalədəki bir fikir demək istədiklərini tam ifadə edir. Mayıl müəllimin həyatını və fəaliyyətini onun yaratdığı lisey və elmi əsərləri ifadə etdiyi kimi...


Böyükağa MİKAYILLI