Təhsil gündəmi / Pedaqogika / 03 aprel 2021

Azərbaycan sevdalı ukraynalı alimin Türkiyə uğurları - Yazı

Ölkələr, xalqlar arasında mənəvi əlaqələr əslində, fərdi münasibətlər, şəxsiyyətlərin rolu ilə müəyyənləşir, hər bir soydaş yad ellərdə öz xalqı, doğma vətəni haqqında müəyyən təsəvvür yaradır.
Azərbaycan övladları da qonşu xalqlara münasibətdə daim xalqımızın adını uca tutmuş, mərdanə davranmış, dost əli uzadanların əlini qaytarmamışlar. Bunu müşahidə edən məşhur gürcü ədibi İlya Çavçavadze 1887-ci ildə yazmışdır: "Azərbaycan türkləri ürəyiaçıq, sakit, təmkinli və vüqarlıdırlar. Azərbaycanlı bir adama hörmət edib inanarsa, heç vaxt ona xəyanət etməz. Azərbaycanlılar yalnız ağıllı və mərd adama hörmət edirlər..."
Osmanlı imperiyasının və Türkiyə Cümhuriyyətinin, Orta Asiyanın, Gürcüstanın, Şimali Qafqazın, Rusiyanın, Ukraynanın və digər məmləkətlərin dövlətçiliyinə sədaqətlə xidmət etmiş soydaşlarımız bu ölkələrin tarixində iz qoymuşlar, vətənimiz, xalqımız haqqında müsbət rəy yaratmışlar.
Tarix boyu sıx əlaqədə olduğumuz dost ölkə Ukrayna və ukraynalılarla tarixi əlaqələrimizin kökləri çox qədimlərə, sonsuz Avrasiya məkanında ulu əcdadlarımızın - qədim türk soylarının nəhəng səltənətlər qurduğu, şəhərlər saldığı, zəngin mədəniyyət yaratdığı erkən Orta  əsrlərə gedib çıxır. Bu əlaqələr XIX yüzillikdə xüsusilə güclənmiş və görkəmli şəxsiyyətlərin, ziyalıların, mədəniyyət xadimlərinin adı ilə bağlanmışdır.
Bir çox əcnəbi ziyalılarla təmasda olmuş böyük mütəfəkkir və ədib M.F.Axundov Ukraynanın siyasət və mədəniyyət xadimləri Mikola Qulak və Aleksandr Navrotski ilə əməkdaşlıq etmişdir. Qafqaza sürgün edilmiş Qulak və Navorotskinin Axundovla dostluğu onlarda folklor və ədəbiyyatımıza maraq oyatmış, müxtəlif əsərləri, o cümlədən, Nizamidən və Füzulidən tərcümələr etmişlər.
Xalqlarımız arasında əlaqələrin dərinləşməsində insani münasibətlərin, xüsusən də Azərbaycanda yaşayan Ukrayna diasporunun və Ukraynadakı həmyerlilərimizin böyük rolu olub. XIX əsrin sonlarından neft sənayesinin yaranması ilə Azərbaycanda məskunlaşmış ukraynalılar mədəni varlıqlarını qorumuş, 1906-cı ildə Bakıda Taras Şevçenko adına "Prosvita" mədəni-maarif və xeyriyyə cəmiyyəti yaratmışlar. Ukrayna və Azərbaycan arasında münasibətlər 1918-1919-cu illərdə müstəqil siyasi əməkdaşlıq müstəvisinə keçmiş, Sovet dövründə isə hakim ideologiyaya uyğun forma və məzmunda inkişaf etmişdir.
Hazırda multikultural Azərbaycanda ukraynalıların diaspor təşkilatları fəaliyyət göstərir, bu xalqın nümayəndələri ölkənin ictimai-mədəni həyatında fəal iştirak edir, müasir Azərbaycanda Ukrayna dili və mədəniyyəti öyrənilir, ədəbiyyatı tərcümə olunur, şəhərin mərkəzində Taras Şevçenkonun abidəsi ucalır.
Azərbaycanlılar da Ukraynada xalqımızı ləyaqətlə təmsil etmiş və bu gün də etməkdədirlər. Maraqlı tale yaşamış və sonda Ukraynada qərar tutmuş Sadıq bəy Ağabəyzadənin taleyi bu baxımdan səciyyəvidir. 1865-ci ildə Göyçayda anadan olmuş, bir roman süjetinə düşəcək həyat yolu keçmiş peşəkar hərbçi və şərqşünas, Çar ordusunun general mayoru, Azərbaycan Cümhuriyyətinin daxili işlər nazirinin müavini Sadıq bəy Ağabəyzadə inqilabdan sonra bir müddət Türkiyə və Avropada yaşamış, 1927-ci ildən Lvova köçərək ali məktəbdə türk, fars, ərəb dillərini, islamşünaslıq və digər elmləri tədris etmiş, dünya miqyaslı Lvov-Peterburq şərqşünaslıq məktəbinin əsasını qoymuşdur. Bu məktəb, Mirzə Kazım Bəyin Kazan məktəbi ilə birlikdə Rusiya-Ukrayna şərqşünaslığının özəyini təşkil etmişdir. II Dünya müharibəsində faşist hərbçilərinin məruz qoyduğu sıxıntılardan xəstələnərək vəfat etmiş Sadıq bəyin bu gün Lvovda büstü ucalmaqdadır.
Mirzə Fətəli, Mirzə Kazım bəy, Sadıq bəy, Mikola Qulak, Aleksandr Navrotski kimi ziyalıların həyatı, fəaliyyəti bir daha təsdiqləyir ki, xalqlar, ölkələr arasında əlaqələr, münasibətlər mücərrəd anlayış deyil. Bu münasibətlər azad fərdlərin şəxsi seçimi, konkret insanların  yaşadığı ömür yoludur.
Belə maraqlı insanlardan biri ukraynalı türkoloq alim, tərcüməçi, yazıçı, pedaqoq, Azərbaycan dilində dəyərli bədii əsərlər yazan keçmiş dissertantım İvan Pavlidir. İvan 1975-ci ildə Kiyevdə anadan olub. Atası Volodimir Pavloviç nəzəri fizika və riyaziyyat üzrə mütəxəssisdir, Ukrayna Milli Elmlər Akademiyasında çalışıb. İvan Kiyevdə orta məktəbi, 1998-ci ildə Kiyev Dövlət Linqvistik Universitetini türk və ingilis dilləri üzrə tərcüməçi ixtisası ilə bitirib.
Tale elə gətirib ki, 1999-cu ildə Azərbaycana gəlib, 2007-ci ilə qədər beynəlxalq humanitar təşkilatda direktor, 2006-2009-cu illərdə Bakı Slavyan Universitetində Ukrayna dili müəllimi və elmi işçi vəzifələrində çalışıb. Ukraynaca-Azərbaycanca tədris lüğətinin, danışıq kitabçasının, Taras Şevçenkonun Ukrayna və Azərbaycan dillərində seçilmiş əsərlərinin tərtibçilərindən olub, bir sıra elmi məqalələri dərc edilib.
Ana dilindən başqa, Azərbaycan, rus, türk, ingilis, ərəb, ibrani, fars və gürcü dillərini  bilir. Yaxın Şərq və Qafqaz mədəniyyətlərini araşdırır. Lakin bütün bu dil və mədəniyyətlər sırasında İvanın qəlbində və fəaliyyətində Azərbaycan sevgisi xüsusi yer tutur. Azərbaycan mədəniyyətini, ədəbiyyatını, dilini, əxlaqını dərindən mənimsəmiş İvanı yaxından tanıyanlar onu həm ukraynalı, həm də azərbaycanlı kimi qəbul edir, Elman adlandırırlar. Azərbaycanda Aysun xanımla ailə qurub, üç oğlu var. Lakin Azərbaycan sevdalısı olan İvanın - Elmanın Azərbaycana səmimi məhəbbəti yalnız şəxsi dostluq və ailə münasibətləri zəminində yaranmayıb. İvan Pavli ölkəmizdə olduğu dövrdə xalqımızın taleyini qəlbən yaşayıb, Qarabağ acısına bizim qədər yanıb, şanlı qələbəmizə sevinib, mənəvi dəyərlərimizi mənimsəyib, xalqımızın istəklərinə şərik olub, dövlətçilik meyarlarımızı qəbul edib, tədqiqatlarını da Azərbaycan dilinə, mədəniyyətinə yönəldib.
Mənim üçün İvan ilk növbədə alimdir, elmdə ciddi, tələbkar və prinsipial xarakterə malik zəhmətkeş alimdir, filoloji təhlildə riyazi dəqiqliyə yönəlik azsaylı həmkarlarımdan biridir. Bu cəhətlər o, "Ukrayna bədii ədəbiyyatının Azərbaycan dilinə tərcüməsinin tarixi və problemləri" mövzusunda dissertasiyasını işləyərkən tam dolğunluğu ilə aşkarlandı. Bu dissertasiyada müasir tərcüməşünaslığın ən mürəkkəb məsələlərindən biri - bədii mətndə milli mentallıqdan gələn semantik və poetik özünəməxsusluğun qorunması araşdırılıb.
Dissertasiya müdafiəsi ərəfəsində Türkiyəyə köçüb fəaliyyətə başlayan İvan müzakirələr və müdafiə üzrə bütün mərhələləri uğurla keçib sənədlərini Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etdi və yenidən Türkiyəyə qayıtdı. Bu kənardan gözləmə məqamı gənc tədqiqatçını təbii olaraq həyəcanlandırmaya bilməzdi. Mən də bir rəhbər kimi məsələnin uğurlu həllini gözləyir və fəhmlə buna inanırdım. Çox şadam ki, bu inamımda yanılmadım. AAK-ın yeni təyin olunmuş sədri, hörmətli Famil müəllim və islahatlar yolunda olan kollektivi İvan Pavlinin əməyini obyektiv şəkildə layiqincə qiymətləndirdi, dissertasiya işi qısa müddətdə təsdiqləndi və diplom iddiaçıya təqdim olundu. Diplomun təqdimatının özü çox səmimi, elmi etikaya uyğun tərzdə keçdi və əminliklə deyirəm ki, Ukrayna vətəndaşı olan istedadlı, perspektivli bir alimi, vaxtilə hətta Ukrayna prezidentinə rəsmi görüşlərdə türk dili üzrə tərcüməçilik etmiş dəyərli ziyalını Azərbaycana daha da sıx bağladı.
Hazırda İvan Azərbaycan Ali Attestasiya Komissiyasının ona təqdim etdiyi diplomla İstanbulda Yedditəpə Universitetində uğurla müəllim işləyir. Eyni zamanda, şövqlə Azərbaycanı təbliğ edir. Onun Türkiyədəki elmi, tərcüməçilik və ədəbi yaradıcılıq fəaliyyətinin də özəyi Azərbaycan, xalqımızın mədəniyyəti, Qarabağ həqiqətlərinin çatdırılması, ölkəmizə xidmətdən ibarətdir.
Haqq, həqiqət, ədalət tərəfdarı olan İvan Pavlinin ölkəmizə, xalqımıza olan səmimi hissləri onun ana dili kimi sevdiyi Azərbaycan türkcəsində qələmə aldığı "Zaxariyanın sevdiyi şeir" povestində təcəssüm olunub. Əsərin yazıldığı və nəşri dövründə işğalda olan Qarabağdan, Şuşada Molla Pənah Vaqifin türbəsindən başlayan süjet Tiflisdə davam edir və hadisələr sanki Narınqalaya dikələn pillələr boyu irəliləyir, böyük şairin sətirləri əsasında dini, fəlsəfi, mənəvi dəyərlər ətrafında dövr edir. Həyatın mənası, xeyir və şər, törəniş və ölüm, tale və qismət, insan xisləti və cəmiyyət, sədaqət və xəyanət, haqq və ədalət, eşq və nifrət kimi anlayışlar əsərin məğzini təşkil edir. Müdrik gürcü qocası Zaxariya Vaqifin "Görmədim" müxəmməsinin mənalar aləminə əsaslanaraq bu mətləblər barədə düşüncələrini azərbaycanlı gənc Eminlə bölüşür. Molla Pənah Vaqifin simasında Azərbaycan mənəviyyatının yüksək dəyərləri, imana və həqiqətə uyğunluğu, bəşəriliyi və tolerantlığı aşkarlanır. Qeyd edim ki, bu kitab sonradan Türkiyə türkcəsində Türkiyədə də nəşr olundu.
Azərbaycan mənəvi dəyərlərini, xalqımızın mədəni sərvətlərini, Qarabağ həqiqətlərini aşkarlayan "Zaxariyanın sevdiyi şeir" povestinin İvan Pavli artıq ingiliscə audio-video versiyasını yaradaraq, öz Yutub kanalında "Bizi birləşdirən şeir" ("The Poem the Brought Us Together") adı ilə 6 hissədə yayınlamışdır.
Eyni zamanda, bu filmin rusca versiyasını da hazırlayıb Şuşanın azad olunma günündə yayımlamışdır.
Həmin kanalda Azərbaycan və Türkiyə türkcələri arasındakı fərqləri dörd dərsdə sistematik şəkildə izah etmişdir, əlavə olaraq, fərqli leksikanı və ifadələri öyrətmək məqsədilə bir sıra video dərsləri hazırlayıb geniş kütləyə təqdim etmişdir.
Türkiyə əhalisini "Qaynana" filmi ilə tanış etmiş, 6 videoda filmin mətnini oxuyub türkcə izah etmişdir.
Hazırda "O olmasın, bu olsun" filmini və əsərini öyrədən videolar üzərində işləyir.
Bundan başqa, 2020-ci ilin mart ayında İstanbulda, böyük türk şairi, filosofu Yunus İmrəyə həsr olunmuş "Nastyanın könlünün Sultanı" əsəri rusca ("Sultan Nastinoqo serdüa") və ingiliscə ("Stasia and Yunus Emre") nəşr olunmuşdur.
Bütün bunlar alim və müəllim kimi Azərbaycanda püxtələşmiş,  Bakıda filologiya üzrə fəlsəfə diplomunu almış və hazırda Türkiyədə elmi-pedaqoji və eyni zamanda, Azərbaycanpərvər maarifçilik fəaliyyətinə başlamış ukraynalı İvan Pavlinin cəmi bir il ərzində gördüyü işlərin yalnız bir qismidir. Əminəm ki, bizim İvan - Elman azərbaycanlı dostlarını yeni uğurları ilə bundan sonra da sevindirəcək.
Belə bir istedadlı gənc tədqiqatçının əməyinin layiqli dəyərləndirildiyinə və geniş miqyasda fəaliyyətinə imkan yaradıldığına görə, başda hörmətli Famil müəllim olmaqla Ali Attestasiya Komissiyasının kollektivinə öz adımdan və İvan Pavlinin adından təşəkkür edirəm.

Mənbə ​​​