Təhsil gündəmi / 03 aprel 2021

ƏSKİ TÜRKLƏRİN SİMVOLU - BOZ QURD

Əski türkcədə Aşina, Börteçine, Çine, Azərbaycan türkcəsində Qurd, Boz qurd, Anadolu türkcəsində Gök börü, Gök kurt, Gök yele, Yalınsak (Yalquzaq anlamında) Qırğız türkcəsində Coo börüsü, Qazax türkcəsində Kaskır, Kök çal, Tıva türkcəsində Kuu pörü, Özbək türkcəsində Kök yal və digər adların daşıyıcısı Boz qurd...


  Əski türk və bozqurd xarakteri


  Bozqurdlar da türklər kimi təşkilat halında yaşayar. 

  Bozqurd ailəsində ata ailənin başçısıdır.

  Türk soylarında olduğu kimi boz qurd sürülərinin də tabe olduqları lideri var. 

  Bozqurd erkəyinin ömürlük bir dişi yoldaşı, dişisinin də yalnız bir erkəyi olur. Onlar bir-birini qısqanarlar. Dişisi ölən erkək boz qurd bir daha heç vaxt başqa dişi qurdla yaxınlıq etməz və Yalquzaq olar. Dişi boz qurd da eləcə. Yalquzaq olan qurd çox təhlükəli olur. Artıq onlar hər şeyini və yaşam anlamını itirmiş kimi davranır, qurd törələrinə belə məhəl qoymur, çox bədbin və qəzəbli olur.

  Qar üzərində hərəkət edən boz qurd sürüsü ayağını öndə gedən liderin izi üzərinə qoyaraq gedər. Onlarla boz qurdun getdiyi yerdə sanki üç-dörd boz qurd keçibmiş kimi ayaq izi qalar. Anasını, atasını, yaxud bunların hər ikisini itirən körpə boz qurd ac qalmaq, ölmək təhlükəsi ilə üzləşmir. Bu zaman boz qurd ailəsi ona ata-anasının yoxluğunu unutdurur, yetim qalan balanı digər boz qurdlar “övladlığa götürür”.

  Qurd əhliləşməyən, azadlığını əldən verməyən yeganə heyvandır. Əgər o, ayağından tələyə düşərsə, azadlığının əlindən alınmasına nədən olan tələdəki ayağından “imtina edər”, dişləri ilə ayağını üzər və qalan üç ayağı ilə qaçıb qurtular.

Qurd qeyri-yetkinliyə, zəiflik və xəstəlik mənbəyinə qarşı amansızdır. Onlar təbiətin ən sağlam heyvanlarıdır. Dünyaya gələn körpələrindən hansısa xəstə olarsa, onu dərhal parçalayar, digər balalarına yedirər.

  Qurdlar sürü şəklində hərəkət edər. Ov edərkən, təbiətdəki digər canlılardan qorunarkən həyatda qalmağın ən başlıca yolunun birliyin qorunub saxlanmasında olduğunun fərqindədirlər.

  Qurdlar heç bir halda qorxu hissi keçirmir. Rəqibinə hücum edərkən ilk olaraq onun gözlərinə baxır, bununla rəqibinin gücünü və qorxub-qorxmadığını müəyyən edir.

  Qurd üçün soy və qan təmizliyi çox önəmlidir, yurduna, ailəsinə və soyundan olanlara çox bağlıdır. Ailəsinə və yurduna təcavüz olarkən qurdun qəzəbi qarşısında heç bir canlı duruş gətirə bilmir. Hətta, intiqam hissi ilə irəliləyən qurddan aslanlar belə ehtiyat edir, yoldan çəkilir. 

  Qurdlar sürü şəklində ova gedərkən və ya ovdan qayıdarkən sürünün geridə qalan xəstə üzvü olarsa, lider qurd tərəfindən parçalanıb öldürülür ki, digər canlıların əsiri olmasın.

  Bütün heyvanlar təhlükə anında bir addım geri çəkilir, qurd isə bir addım irəli atılır. Qurd düşməninə gözlənilmədən və arxadan saldırmaz. Üzbəüz, gözbəgöz dayanar, saldıracağını öncədən bəlli edər. Əgər boz qurd ona saldıran çox sayda yırtıcının əhatəsində çıxılmaz durumda qalarsa, əsir olmamaq üçün sinəsini parçalayıb özünü öldürər.

  Qurdun ən təhlükəli halı yaralandığı haldır. Ovçu və ya rəqib canlı tərəfindən yaralanan qurd əsla qaçmaz, əksinə qəzəb və qətiyyətlə onu yaralayana saldırar.

  İkinci ərəb xəlifəsi Ömərin boz qurd simgəli türklər haqqında dediyi məşhur sözü var: “Türkü yaraladınsa, mütləq onun işini bitir. Əks halda o, geri qayıdacaq. O zaman sizə aman olmayacaq. Türklər geri çəkilməyi, uduzmağı qəbul etmirlər”.


       Əski türk dastan, əfsanə və yazılarında qurd


       Göytürk dastanı olan “Bozqurd” dastanında göstərilir ki, türklər Batı dənizinin batısında yaşayırdılar. Onlar Lin ölkəsinin orduları ilə savaşda yenilgəyə uğrayırlar. Bu döyüşdə türklərdən yalnız bir nəfər - on yaşında bir uşaq sağ qalır. Onu dişi bir qurd himayəyə götürür, Altay dağlarının uca zirvələrindən birində yerləşən bir mağaraya aparır. Boz qurdun himayəsində böyüyən uşaq gələcəkdə boz qurdla evlənir. Onların on uşağı olur, zaman keçdikcə çoxalıb artırlar və Lin ölkəsindən babalarının öcünü alırlar. Bayrağında qurd başının rəsmi olan yeni dövlət qururlar.


       “Doqquz Oğuz - On Uyğur dastanı”nda Doqquz Oğuzun ulu babası olan bir Xaqandan danışılır. Bu xaqanın ilahə kimi iki qızı vardı. Xaqan qızlarını onlar üçün özəl olaraq tikdirdiyi qalanın içində qoruyurdu. Qızlar göylərdən gəlmiş bir boz qurdla evlənir. Göylərdən gəlmiş boz qurdla evlənən qızlardan doqquz oğuz və on uyğur övlad dünyaya gəlir.


       “Ərgənəkon dastanı”nda öncə türkün qüdrətindən danışılır. Türkün oxu yetməyən bir yer, türkə boyun əyməyən bir kimsə yoxdu. Ancaq türklərin bu uca durumu yabançı soyları çox rahatsız edir. Sonda yabançı soylar birləşib türkləri yenilgəyə uğradırlar. Bu zaman türklərin başında İl Xaqan vardı. İl Xaqan adamlarını və sürülərini alıb yalnız bir girişi olan dağlar arasında gizli bir yerə köç edir. Türklərin yeni yurdu yaşamaq üçün çox əlverişli, zəngin bir yurddu. Bu yurdun adına Ərgənəkon dedilər. Burada yaşayıb çoxalan türklər dörd yüz il sonra Ərgənəkona sığmaz oldular. Çıxış yolu aramaq üçün qurultay keçirən türklər mütləq burdan çıxmağın bir yolunu bulmaq qərarına gəlirlər. Sonda onlar “Tanrının yardımı ilə” Ərgənəkondan çıxa bilirlər. Bu zaman onlara hardan gəldiyi bilinməyən bir boz qurd bələdçilik edir. Türklərin önünə düşən boz qurd onlara çıxış üçün yolu göstərir. Türklər boz qurdun liderliyi ilə “qutsal ilin, qutsal ayının, qutsal günündə” Ərgənəkondan çıxdılar. Türklər o qutsal günü unutmadılar. Hər il Ərgənəkondan çıxdıqları günü yad etdilər, törənlər keçirdilər.


       “Oğuz Xaqan dastanı”nda “qutsal bir şəkildə” doğulan Oğuz Xaqana göydən enən işığın içərisindən çıxan göy qurd yol göstərir, yardım edir. Bu dastanda Karluk türklərinin meydana gəlməsi bölümündə də qurddan bəhs edilir. Ancaq, bu boz qurd deyil, Göy qurddur;

       Oğuz Kağan bakdı ki, erkek kurt önler gider,

       Ordunun öncülleri Gök Kurdu gözler gider.

       Görüncə Oğuz bunu ne çok sevinmiş idi,

       Alaca aygırını çabucak binmiş idi.

  Oğuz Xaqan dastanının Uyğur variantında “Üfüqdə bir qurd görünür. Oğuz Xaqanın ordusu qurdu izləyir. Bir yerdə qurd qeybə çəkilir. Oğuz Xaqan Tanrı bizim buraya gəlməyimizi buyurdu -deyib orda dayanır”.


       “Salur Qazanın əsir olduğu dastan”da Salur Qazan əsir düşdüyü kafirlərə: “Azman qurd yavrusunun erkəyində köküm var”- deyərək öyünür.


       “Törəyiş dastanı”nda bir Hun Xaqanının çox ağıllı iki qızından bəhs edilir. Qızlar o qədər ağıllı və gözəl idi ki, Xaqan “bu qızları ancaq Tanrı evləndirə bilər, mən evləndirə bilmərəm”- düşüncəsiylə ölkənin Quzeyindəki insan ayağı dəyməyən zirvələrdən birinə aparır. Bir müddət sonra zirvədə erkək bir bozqurd görünür. Kiçik qız “bu, Tanrının göndərdiyi boz qurddur”-deyib onunla evlənir. Onların çoxlu boz qurd ruhlu övladları oldu. Onlardan törəyənlərin səsi boz qurdun səsinə bənzəyirdi.


       Ən əski türk əfsanələrindən olan “Asena əfsanəsi”ndə də qurd xilaskar obrazında təqdim olunur. “Asena əfsanəsi” məzmunca “Bozqurd dastanı”na çox yaxındır. Burda da tək qalmış uşağı bir dişi qurd himayə edir. Böyüyüncə xilaskar qurdla evlənən adamın on uşağı olur ki, onlardan biri də Asena idi.


       Uyğurların “Köç” dastanında da qurd yol göstərən- qurtarıcıdır. Böyük bir el köçə başlayır. Xeyli getsələr də hara gedəcəklərini, harada dayanacaqlarını bilmirlər. Bu zaman onların qarşısına bir göy qurd çıxır. Qurdun Tanrı tərəfindən göndərildiyini bilən Uyğurlar onun ardına düşürlər. Qurd onları düzən olan bir yerə gətirib çıxarır. Uyğurlar bu yeri özlərinə yurd seçirlər.

       “Manas” dastanında da Boz qurdu yolgöstərən qutsal varlıq obrazında, Tanrısal qüdrət sahibi olaraq görürük. Doqquz yaşlı Manas quzu otararkən bir qurd onun otardığı quzulardan birini aparır. Qurdun arxasınca düşən Manas bir mağaraya gəlib çıxır. Mağarada quzunu sağ-salamat görən Manas burada cübbəli qırx adam görür və onlardan qurdu soruşur. Onlardan aldığı cavab belə olur:

        “Anla artıq evlad-dedilər

       Qurd olan bizik-dedilər...

        ...qırxlar deyilir bizə-dedilər”.

  Bundan sonra duaya başlayan “qırxlar”dan biri silkinərək qurda dönüşür. Bu məqamda “Qırxlar”ın başçısı quzunu qaçıran qurdu Manasa göstərib:

       Qovaraq gəldiyin bax bu qurd,

        Qiyamətə qədər olar sənə dost!- deyir və qeyb olurlar.


       Asena


       Əski türk mifologiyasında qutsal dişi qurddur. Əsil Ana (Asil Ana) sözündən törəmiş ola bilər. “Bozqurd” dastanında Lin adlı yad ölkəylə savaşan türklərdən yeganə sağ qalan 10 yaşlı türkü himayəyə götürən, gələcəkdə onunla evlənən qurddan törəmiş on çocuqdan biri Asenadır. Ərgənəkon dastanında türklərə qurtuluş yolunu dişi qurd - Asena göstərir. 552-ci ildə Bumın Xaqanın başqanlığıyla qurulan Göytürk Xaqanlığı da Asena (Aşina) boyunun adıyla bağlıdır.


Ardı var.


Namiq HACIHEYDƏRLİ, 

Araşdırmaçı-jurnalist