Təhsil gündəmi / 03 aprel 2021

Bozalqanlı məktəbi – tarixdən bu günə...

Bozalqanlı məktəbinin fəaliyyəti haqqında məlumatım çox idi. Bu təhsil ocağını həm qabaqcıl məktəb, həm də burada  uzun illər kimya müəllimi kimi çalışmış, Azərbaycanda, eləcə də keçmiş sovet məkanında, xüsusilə kimya müəllimlərinə çox yaxşı tanış olan, Əməkdar müəllim, Sosialist Əməyi Qəhrəmanı Məhər Quliyevin məktəbi kimi tanıyırdım. Məhər Quliyevin Bozalqanlı məktəbində yaratdığı “kimya laboratoriyası” bu təhsil ocağını pedaqoji ictimaiyyətə tanıtmış və sevdirmişdi. Bozalqanlı məktəbi 100 illik tarixi ilə Azərbaycanın məktəb və təhsil tarixinə qocaman təhsil ocaqlarından biri kimi yazılıb. Məktəbin keçdiyi bir əsrlik tarixi onun zəngin ənənələrini formalaşdırıb. Yazıya da elə bu tarixin ilk günlərindən başlamağa qərar verdim. Amma tarixə keçməzdən öncə bir mühüm məqamı da xüsusilə qeyd etmək istəyirəm. Məktəbin 1971-ci ildə inşa edilmiş binası xeyli müddət idi ki, tədrisə yararlı vəziyyətdə deyildi. Heydər Əliyev Fondu tərəfindən müasir standartlar səviyyəsində yenidən inşa edilən 1200 şagird yerlik məktəb binası 2021-ci il fevral ayının 1-də pedaqoji kollektivin istifadəsinə verilib. Fikrimcə belə bir məktəb binası, yalnız zəngin maarifçilik, təhsil ənənələri olan Bozalqanlı kəndinə deyil, Azərbaycanın təhsil ictimaiyyətinə olduqca qiymətli bir hədiyyə, elm və təhsilə verilən qiymətin bariz nümunəsidir. Yeni məktəb binasında təlim-tərbiyə prosesinin müasir tələblər səviyyəsində təşkili üçün hər cür şərait təmin olunub. Kimya, biologiya, fizika laboratoriyaları təcrübi proseslərin həyata keçirilməsi üçün kifayət qədər reaktivlərə, avadanlıqlara malikdir. Məktəbin akt zalı, idman zalı, oğlan və qızlar üçün ayrı-ayrı texnologiya kabineti, linqafon kabinetinin təminatı haqqında da bu fikirləri söyləmək mümkündür. Kitabxananın “Kitab fondu və kitabların təmiri”, “İnformasiya mərkəzi” bölmələrinin yaradılması da maraqlı, eyni zamanda əhəmiyyətli nüansdır. Bu mərkəzlərdə köhnəlmiş kitabların bərpa işlərinin, informasiya mübadiləsinin həyata keçirlməsi nəzərdə tutulur ki, bu da təhsil ocağının optimal fəaliyyəti, dərsliklər, dərs vəsaitləri ilə təminatı işinin yaxşılaşdırılması üçün əsasdır. Qeyd edim ki, Bozalqanlı məktəbində 1412 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 159 müəllim məşğul olur. Məktəb 2011-ci ildə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.   

Məktəbin zəngin ənənələrinin, nailiyyətlərinin öyrənilib yayılması pedaqoji kollektiv üçün stimul, motivasiya olmaqla yanaşı, digər məktəblər üçün də təcrübə rolunu oynayır. Görülən iş, yaranan təcrübə özlüyündə bir təcrübə məktəbi, öyrənmə mənbəyi, eləcə də gələcək nəsillər üçün istinad yeridir. Məktəbin tarixi yazılanlarla, tədqiqatlarla öyrənilir. Odur ki, Bozalqanlı məktəbinin direktoru Nüsrət Quliyevin rəhbərlik etdiyi təhsil ocağı ilə tanışlıq təklifini Samir Mehdizadə və mən məmnuniyyətlə qəbul etdik. Respublikanın əməkdar müəllimi, İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Şəfaqət Rəsulov, İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin direktoru Əhmədağa Ələkbərovun də məktəblə tanışlıq prosesində iştirak etməsini nəzərə alsaq, bu görüşü həm də təcrübə mübadiləsi hesab etmək olar. 


100 il öncə...


Bozalqanlı məktəbinin əsası, qeyd etdiyim kimi, 100 il öncə - 1921-ci ildə qoyulub. Təhsil ocağı, o zaman kəndin hörmətli sakinlərindən olan Kərbəlayi Əsədin evində fəaliyyətə başlayıb. Dünyəvi məktəbin açılması kənd üçün mühüm hadisə idi. Bu hadisə qısa bir zamanda kənddə təhsilə olan marağı artırıb. Oxumaq üçün müraciət edənlərin sayı durmadan çoxalır, Kərbəlayi Əsədin evi məktəb üçün kiçiklik edir, sinif otaqlarının sayı çatışmır. Elə buna görə də məktəbi Mirzəli ağanın evinə köçürürlər. Sovet hakimiyyətinin ilk illərində respublikanın hər yerində məktəb tikintisi genişlənirdi. Bozalqanlı kəndi də bu quruculuq işinin önündə gedirdi. Kəndin mərkəzində məktəb üçün yeni bina inşa edilir. Məktəbə əsas məktəb statusu verilir. Qızxanım xanım məktəbə direktor təyin olunur. Zaman keçdikcə, Bozalqanlının maarifçilik ənənələri burada böyüyən nəslin düşüncəsində, təfəkküründə əks olunur. Gənclərin təlimə olan marağı məktəbə daha çox müəllimin cəlb olunmasını zəruri edir. Bu kənddə hər evdə bir maarif işığı yanır, elmə olan sevgi boy verdikcə Bozalqanlı məktəbinin çırağı daha gur alovlanmağa başlayır. Məktəbin pedaqoji kadrlara olan tələbini tam ödəmək üçün rayon mərkəzindən, eləcə də digər kənd məktəblərindən müəllimlər dəvət olunur. 1960-cı illərdə təhsil ocağına ixtisasca riyaziyyat müəllimi olan Xədicə Nəcəfova rəhbərlik edib. Direktor müavini kimi isə Şövkət Nağıyeva çalışıb. 1971-ci ildə Bozalqanlı məktəbi üçün 3 mərtəbəli yeni bina tikilib. 1971-1986-cı illərdə məktəbə ixtisasca tarix müəllimi olan Şəmsəddin Paşayev rəhbərlik edib. Direktor müavini vəzifəsini isə Əli Abdullayev, Müslüm Quliyev, Şövkət Nağıyeva, Rafiq Dadaşov icra edib. 1972-ci ildə məktəbə Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıqovun adı verilib. (Haşiyə: Yusif Mədəd oğlu Sadıqov 1918-ci ildə Tovuz rayonunun Ağdam kəndində anadan olmuşdur. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində baş gizir kimi döyüşmüşdür. Yusif Sadıqov 1-ci tank ordusunun 19-cu mexanikləşdirilmiş briqadası artilleriya dəstəsinin komandiri olmuşdur. O, Moskva şəhərinin müdafiəsində, Ukrayna, Belorusiya, Polşanın azad edilməsində iştirak etmişdir. Berlin şəhərinin alınması uğrunda gedən döyüşlərdə, Reyxstaqın alınmasında göstərdiyi rəşadətə görə 31 may 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O, “Lenin” ordeni, “Qızıl ulduz” medalı ilə təltif edilmişdir. Yusif Sadıqov 11 iyun 1971-ci ildə vəfat etmiş, doğma kəndində dəfn olunmuşdur.). Sonrakı illərdə məktəbə qabaqcıl maarif xadimi Qara Sultanov, Fəxrəddin İmamquliyev rəhbərlik edib. Direktor müavini vəzifəsini isə İsrayıl Nəcəfov, Rəşid Vəliyev, Tanrıqulu Rəhimov icra edib. 2004-cü ildə məktəbə Nüsrət Quliyev direktor təyin olunub. Direktor müavinləri Sevinc Həsənova, Rafiq Musayev və Məhəbbət Məhərrəmovadır. 


Müəllimi ilə tanınan məktəb


Məktəbin tarixi ilə tanış olduqca görmək mümkündür ki, o bütün dövrlərdə zamanın tələbələrinə uyğun maddi-texniki baza ilə təmin olunub. Burada respublikanın ən yaxşı müəllimləri dərs aparıb və onlar öz ardıcıllarını yetişdirib, həmçinin ölkə həyatının müxtəlif sahələrində, ən çətin, şərəfli peşələrdə çalışmağa bilik və mənəvi cəhətdən hazır olacaq gənc nəsil formalaşdırıblar. Belə müəllimlərdən biri də haqqında yazımın əvvəlində də bəhs etdiyim Əməkdar müəllim, Sosialist Əməyi Qəhrəmanı, “Tovuzun Mendeleyevi” adlandırılan Məhər Quliyev olub. Məhər Quliyev Bozalqanlı məktəbində yaratdığı, keçmiş sovet məkanının kənd məktəblərində analoqu olmayan kimya kabineti, tətbiq etdiyi pedaqoji texnologiyalar, yanaşmalarla Azərbaycan təhsilində yeni bir mərhələdir.  Akademik Mehdi Mehdizadə “Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdiriliməsi yolları” adlı kitabında bu mərhələni xarakterizə eədərk yazır: “Sosialist Əməyi Qəhrəmanı Məhər Quliyevin təcrübəsinə nəzər salaq. M.Quliyev təlim prosesində şagirdin axtarışlar aparmalı olduğundan, müqayisələr etməli, oxuduğu materialı ümumiləşdirməli, spesifik xüsusiyyətləri, əsas məfhumları qeyri-əsas anlayışlardan ayırmağı bacarmalı olduğundan müstəqil iş aparmalı olub, bu iş forması sahəsində lazımı vərdişlər əldə etməsinin zəruriyyətini və buna həmişə geniş yer verdiyini qeyd edərək yazır: “Müstəqil iş həm biliklə təcrübəni əlaqələndirməyə kömək edir, həm də şagirdlərin müşahidəçilik qabiliyyətlərini artırır, təfəkkürünü inkişaf etdirir, bilik, bacarıq və vərdişlərini möhkəmləndirir. Təcrübədə yəqin etmişəm ki, müstəqil iş vasitəsilə əldə edilən bilik müəllimin şərhindən biliyə nisbətən daha keyfiyyətli olur. Müstəqil iş şagirdin orta məktəbi bitirdikdən sonra da öz biliyini artırmağa qabil olacağını yetişdirir.” Kimya tədrisində şagirdlərin fəallığını təmin etmək məqsədilə müxtəlif növ iş formalarından geniş istifadə edən M.Quliyev praktiki məşğələlərə, laborator işlərinə, eksperimentlə məsələlər həllinə, yoxlama yazı işlərinə, kimyadan imla verməyə, dərslik üzərində iş aparmağa, referat işlərinə və s. çox yer verir. Xüsusilə o şagirdlərdə yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə tədqiqat üsulundan geniş istifadə edir”. Məhər Quliyev akademik Mehdi Mehdizadə ilə yanaşı, Azərbaycanın, eləcə də sovet ittifaqının elmi pedaqoji ictimaiyyətinin diqqətini kimyanın tədrisində tətbiq etdiyi yeniliklər və bunun sayəsində şagirdlərin təlim-tərbiyəsində əldə etdiyi uğurlarla cəlb etmişdi. Onun bu uğurları, yalnız Bozalqanlı məktəbinin deyil, Azərbaycan məktəbinin uğuru hesab olunurdu. 


Məhər Quliyev necə bir müəllim idi, onun Azərbaycanda kimyanın müasir tələblər səviyyəsində tədrisində rolu nədən ibarət olmuşdu?     


Görkəmli müəllim, özü “Azərbaycan müəllimi” qəzetinin18 sentyabr 1981-ci il tarixli nömrəsində yazır: Əsrimiz kimya əsridir. İndi kimya məişətimizə möhkəm daxil olub. Kimya hər sahədə adamlara gərək olur. Kimya "möcüzələr" yaradır. Elə buna görədir ki, kimya fənninin səmərəli tədrisi ümumtəhsil məktəbləri qarşısında bir nömrəli problem kimi durur. Pedaqoji kollektivlərdə çalışan qabaqcıl kimya müəllimləri dərsə verilən müasir tələblərə ciddi əməl edir, şagirdlərdə fəal həyat mövqeyi formalaşdırır, onları müstəqil həyata hazırlaşdırırlar. 30 ildən çoxdur ki, kimyadan dərs deyirəm. Təsəvvür edirsinizmi, bu illər ərzində dərs dediyim siniflərin qapılarını öz mənzilimin qapısı kimi neçə dəfə açıb-örtmüş, neçə dəfə siniflərə daxil olmuş, nə qədər şagirdə kimyadan yeni bilik və məlumat vermişəm. 30 ildən artıq bir müddətdə mənim dərs dediyim şagirdlərdən nə qədər oğlan və qız istehsalatda ad-san qazanmış, institutlarda ali təhsil almış, elm aləminə qədəm qoymuş, elmi axtarışları ilə elimizi, obamızı sevindirmişdir...” Bir müəllimin fəaliyyətini xarakterizə etmək baxımından diqqətəlayiq olan bu fikirlər, eyni zamanda kimyanın əhəmiyyətli cəhətlərini də meydana qoyur, bu elmin cəmiyyətin inkişafındakı rolunu açıqlayır. Məhər Quliyevin pedaqoji təcrübəsi ilə tanış olduqca aydın olur ki, onun qabaqcıl iş təcrübəsi öz təxəyyülünün məhsulu kimi yaranırdı. O, heç kəsi təkrarlamırdı. Əksinə, onun pedaqoji dünya görüşündən istifadə olunurdu. Bu dünyagörüşü elmlə həyat təcrübəsinin vəhdətindən yaranırdı. Məhər müəllim dərs prosesində əyaniliyə üstünlük verirdi. Əyanilik olmadan da mövzunu öyrətmək olar, amma bu zaman şagirdin beyninə həkk olunan bilik ruhsuz yaşayan bədənə bənzəyəcək. Əyanilik, yalnız əyani vəsaitlərin mövcudluğu ilə hala gəlmir. Müəllim mövcud olan əyani vəsaitləri dərs prosesinə yaradıcılıqla tətbiq etməlidir. Təcrübə və əyanilik dərsin ruhudur. Nahaq yerə əyaniliyi tədrisdə “Qızıl qayda” adlandırmırlar ki... Təhsildə yaradıcılıq yalnız pedaqoji ustalığa bağlı deyil, eyni zamanda pedaqoji mədəniyyətdən yaranır. Müəllim biliyi ilə yanaşı, mədəniyyəti ilə də öyrədir. 

Məhər Quliyevin “məktəbində” formalaşan müəllimlərdən biri, pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim Talıb Mahmudov müəllimini xarakterizə edərkən yazır: “Özümü xoşbəxt hesab edirəm ki, Məhər müəllimin "dərslərini" az da olsa mənimsəyə bilmişəm. Həmin "dərslərin" nüvəsini - ən yüksək intizam, işə yaradıcı münasibət, daim öyrənmək həvəsi, hər bir dərsə yüksək səviyyədə hazırlaşması, dərslərində intizam tərbiyəsi, paxıllıq etmədən müəllim yoldaşlarının nailiyyətlərinə sevinmək və onu təbliğ etmək, dövlət imtiyazlarından istifadə etməmək, sadə müəllim ömrü yaşamaq, geniş dünyagörüşünə və yüksək mədəniyyətə malik olması, öz mənliyini hər şeydən üstün tutması, hec vaxt kiməsə yaltaqlanmaması təşkil edir”. 

Məhər Mustafa oğlu Quliyev 1924-cü ildə Tovuz rayounun Bozalqanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi “Sosializm quruculuğu” illərinin repressiyasına məruz qalaraq, bolşeviklər tərəfindən güllələnib. Məhər kiçik yaşlarından ailənin ağır yükünü qardaşları ilə bərabər çiynində daşımalı olub. Orta məktəbi əla qiymətlərlə bitirdiyi üçün onu Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul ediblər. Bakıda oxuduğu zaman Böyük Vətən Müharibəsi başlanır. Məhər Quliyevin qardaşları cəbhəyə yollanır. Anası və 13 yaşlı bacısı kənddə tək qalır. Anası Məhərə məktub yazıb ailənin ağır durumunu ona izah edir: “Oğul, tənha qalmışam. Bacın da böyüyür. Əlimizdən də tutan yoxdur. Bizə kömək lazımdır. Evdə başıpapaqlı bircə sən qalmısan. Qayıt kəndimizə”. Anasının bu məktubu tələbə Məhəri təhsilini yarımçıq qoyub kəndə qayıtmağa vadar edir. Universitet rəhbərliyi onu yaxşı başa düşür. Məhər müəllimi Xatınlı yeddiillik məktəbinə müəllim yollayırlar. O, pedaqoji fəaliyyətə 17 yaşında başlayıb. Müəllim çatışmazlığına görə ibtidai siniflərdə də dərs aparır. Ona elə ilk dərsdə hərbi komissarlıqdan çağırış məktubu gəlir. Birinci sinifdə “A” hərfini tədris edərkən sinfə komissarlığın nümayəndəsi daxil olur. Məhər müəllimə çağırış vərəqinə imza etdirib deyir ki, axşam davada olmalısan. Bu zaman lövhə qarşısında olan qız şagirdlərindən biri – müəllim, siz gedirsiniz, bəs “A” hərfi necə olsun? deyə sual verir. O, bu sualı cavabsız qoyub sinifdən çıxır. Məhər müəllim bu xatirələri nə zaman dilə gətirirsə, kövrəlir, ümidsiz vəziyyətdə qalan şagirdlərinin taleyi onu həmişə bir müəllim kimi narahat edir. Cəbhədə olduğu bütün illər ərzində elə bir gün olmur ki, şagirdlərini, onlara öyrədə bilmədiyi hərfləri düşünməsin. O, 4-cü Ukrayna cəbhəsində vuruşur, Ukraynada yaralanır, ordudan tərxis olunub Azərbaycana qayıdır, yarımçıq qalan təhsilini davam etdirir. Universiteti fərqlənmə diplomu ilə bitirir. 


O, qarşısına məqsəd qoyur ki…


Məhər Quliyev 1945-ci ilin dekabrında müharibədən qayıdır və pedaqoji fəaliyyətə başlayır. Müharibə ona çox şey, xüsusilə dözüm, iradə, mübarizə, hədəflərə doğru usanmadan irəliləmək əzmi aşılamışdı. Bu isə müəllim üçün çox mühüm keyfiyyətdir. O, qarşısına məqsəd qoyur ki, ömrünü kənd məktəblərində uşaqların keyfiyyətli təhsil almasına həsr edəcək, bu yoldan bir addım da olsa geri çəkilməyəcək. Müharibənin sındırdığı ürəklərə, məhv etdiyi talelərə elm, təhsil nuru ilə bəxş edəcək. Müharibədən sonra o, müəllimlik fəaliyyətinə Tovuz şəhər Puşkin adına orta məktəbdə başlayır. Sonra isə Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbində pedaqoji fəaliyyətini davam etdirir. Məhər Quliyev bu məktəbdə təchizat baxımından universitetlərdə belə mövcud olmayan kimya laboratoriyası yaradır. Ondan dərs alan şagirdlər kimya olimpiadalarında respublika və ittifaq miqyasında yüksək nəticələr göstərirlər. Bu nəticələr respublika pedaqoji ictimaiyyətinin diqqətini cəlb edir. Onun məktəbdə yaratdığı kimya elminə məhəbbət mühitində istedadlı şagirdlər yetişir, onların inkişafı, yüksək nəticələr əldə etmələri üçün şərait yaranır, eyni zamanda ustad müəllimin ardıcılları olan kimya müəllimləri formalaşır. Kimya elminə olan maraq, mükəmməl öyrənmə mühiti Bozalqanlı gənclərinin yolunu həkimlik, kimya müəllimlyi peşəsinə, elmi tədqiqatçılığa açır. Məhər Quliyev o vaxtlar Təhsil naziri vəzifəsində çalışan akademik Mehdi Mehdizadəyə müraciət edir. Xahiş edir ki, fənn olimpiadasının respublika turu bir dəfə də kənd məktəbində keçirilsin. Mehdi Mehdizadə razılaşır. 1975-ci ildə Respublika Fənn Olimpiadası kimya üzrə Bozalqanlı məktəbində təşkil olunur. Bu, Azərbaycanda ilk belə bir hadisə idi. SSRİ Təhsil nazirliyi sonralar buna etirazını bildirsə də, Mehdizadənin tutarlı arqumentləri qarşısında aciz qalırlar. Həmin olimpiadanın qalıbı olan Azad Bağırov ümumittifaq olimpiadasında 4-cü yerə layiq görülür. Bu təcrübə özünü doğruldur. Bir neçə il sonra riyaziyyat üzrə fənn olimpiadasının da respublika turu Bozalqanlı məktəbində təşkil olunur. 

Müəllim və ziyalı kimi cəmiyyətdə nüfuz sahibi olan Məhər Quliyevə dəfələrlə yüksək vəzifələr təklif olunsa da onun qısa bir cavabı olur: Mən sadəcə müəlliməm. 1954-cü ildə ona SSRİ-də əmək adamlarının ən ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adı verilir. Bu adla təltif edildikdən sonra Məhər müəllimə əvvəlcə “Volqa”, daha sonra isə “Jiquli” avtomobili vermək istəyiblər. Amma dünya malında gözü olmayan, müəllimlik peşəsinin sadəliyinə və müqəddəsliyinə bürünüb yaşayan Məhər müəllim bu hədiyyələrdən imtina edib. Məhər Quliyev uzaq kənd məktəbində müəllimliyə nümunə olan fəaliyyəti, şəxsi mənəvi keyfiyyətləri ilə əsl kənd müəllimi obrazını yaradıb, müəllimlik adına şərəf gətirib. Məhər Quliyev 2011-ci il fevral ayının 6-da dünyasını dəyişib.Doğulduğu Bozalqanlı kənd qəbristanlığında dəfn olunub.


Məktəbdə qabaqcıl müəlllimlər nəsli formalaşıb.    


Yüz illik fəaliyyəti dövründə Bozalqanlı məktəbi bir çox nailiyyələrə imza atıb. Onların bir qismi haqqında yuxarıda bəhs etdim. Yeri gəldikcə yenə də nailiyyəltər mövzusuna qayıdacam. İndi isə məktəbin uğurlarında payı olan müəllimlərdən danışaq. Məktəbin yaxşı müəllimlərindən söz düşərkən ilk növbədə Həsənəli İbadov, Şövkət Qarayeva, Şövkət Nağıyeva, Mədəd Qasımov, Əfə Həsənov, Zərifə Hacıyeva, Suqra Quliyeva, Müslüm Quliyev, Musa Qasımov, İsgəndər Abdullayev, Züleyxa Qasımova, Kazım Cəfərov, Abbasəli Vəliyev, İsrayıl Nəcəfov, Qəməndər Əliyev, Asya Bayramova, Sürəyya Bayramova, Vəsilə İbadova, İslam Bağırov, Məmməd Bağırov, Rafiq Dadaşov, Rəfiqə Dadaşova, Qaraqız Məmmədova, Köçəri Məmmədov, Nurəddin Kərimov kimi müəllimnlər xatırlanır. Məktəbin müasir dövrdə nailiyyətləri üçün isə Venera Hacıyeva, Ümid Qasımov, Sədaqət Vəliyeva, Solmaz Abdiyeva, Rəşid Vəliyev, Günel Məmmədova, Kəmalə Hacıyeva (2012-ci ildə “Ən yaxşı müəllim” Respublika müsabiqəsinin qalibi olub.), Aytəkin Məmmədova, Mətanət Məlikova, Adilə Aslanova və digər müəllimlər çalışır. Bu zəhmətin nəticəsidir ki, məktəbin nailiyyətləri də ənənəyə uyğun olaraq artmaqdadır. Məktəbin şagirdi Nərminə Murquzova 2013-cü ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplayıb. Hər il məktəbin 3-4 şagirdi 600-dən artıq bal toplamaqla, respublika üzrə orta göstəricidən yüksək nəticəyə nail olurlar. Elvin Quliyev (2016-cı il, 687 bal), Səlmi Əliyeva (687 bal), Mehran Paşazadə (2017-ci il, 680 bal), Nigar Hüseynova (2017-ci il, 668 bal), Ayxan Abbasov (660 bal), Sənubər Hüseynzadə (649 bal), Əfşa Qasımov (622 bal), Ülviyyə Rzayeva (609 bal), Kənan Paşazadə (616 bal, Gülhanə Tibb Akademiyası), Rəna Rzayeva (609 bal),  Kənan Həsənov (600 bal), Hüseyn Musayev (2019-cu il, 588 bal) yüksək nəticə göstərən şagirdlərdir. Məktəbin şagirdi Səhər Hüseynli şahmat üzrə beynəlxalq yarışın qalibləri sırasında olub. Elçin Nəsibov ötən il “Əlaçı” verilişində qələbə qazanıb. Məktəbin şagirdləri ali hərbi məktəblərdə də təhsil almağa maraq göstərirlər. 2008-2009-cu dərs ilindən ötən dərs ilinə qədər məktəbin 100-dən artıq şagirdi Ali Hərbi Məktəbə qəbul olub. Bir il ərzində məktəbin 8 şagirdi hərbi məktəbin aviasiya fakültəsinin tələbəsi adını qazanıb. Məktəbin məzunu, polkovnik-leytenant Rəhim Quluzadənin adı 10 dekabr 2020-ci ildə Bakının “Azadlıq” meydanında keçirilən “Zəfər” paradında torpaqlarımızın azadlığı uğrunda vuruşan cəsur döyüşçü kimi çəkilib. Polkovnik-leytenant Rəhim Quluzadə, Mayor Sabit Hüseynov, kapitan Elnur Quluzadə göstərdikləri igidliklərinə görə Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə ordenlə təltif olunublar.  

Bu gün məktəbdə əldə olunan nailiyyətlər məktəbin zəngin ənənələrinə, peşəkar, öz işinin mahir ustası olan müəllimlərin yorulmaz əməyinə, idarəetmə sisteminə əsaslanırsa, daha böyük uğurların qazanılacağına da təminat verir. 

Yazımın sonunda bir arzumu ifadə etmək istərdim. Məqaləni qələmə alarkən Məhər müəllimin haqqında lentə alınmış iki film izlədim. Onların birində Məhər müəllimin yaratdığı kimya laboratoriyasının artıq mövcud olmadığı təəssüf hissi ilə ifadə edilir. Məhər müəllim özü də filmdəki çıxışında laboratoriyanın mövcud olmamasını sinəsinə çəkilən çarpaz dağ adlandırır. Görkəmli müəllimin bu hissi anlaşılandır. Böyük zəhmət hesabına başa gələn, bir neçə nəslin həkim, kimyaçı, kimya müəllimi kimi formalaşmasına yol açan bir laboratoriyanın sıradan çıxması təəssüf doğuran haldır. Amma inanıram ki, yeni inşa edilmiş məktəbin kimya laboratoriyasında Məhər Quliyevin ənənəsini yaratdığı maddi-texniki baza və yaradıcılıq mühiti formalaşdırılacaq. Fikrimcə, bu laboratoriyaya Məhər Quliyevin adı verilsə mərhum müəllimin ruhuna və əməllərinə böyük ehtiram göstərilmiş olar. Ənənənin davam etdirilməsi üçün məktəbin kifayət qədər pedaqoji kadr potensialı var. Həm də bu potensialı elə Məhər Quliyev özü yetişdirib…   


Böyükağa MİKAYILLI


Bozalqanlı məktəbinin şəhid məzunları

  1. Bayramov İlqar Abbas
  2. Razayev Valentin Mehdi oğlu
  3. Qasımov Adil Qələndər oğlu 
  4. İsmayılov Vüqar Əsgər oğlu
  5. Abdullayev Ayaz İsə oğlu
  6. Əliyev Elman Nəriman oğlu
  7. İsmayılov Sakit Zirəddin oğlu
  8. Rzayev Barat Zahıd oğlu
  9. Əliyev Vüqar Mürsəl oğlu
  10. Paşayev İlqar Hüseyn oğlu
  11. Məcidov Aqil Aydın oğlu
  12. Əliyev Hafiz Mustafa oğlu
  13. Quliyev Eldəniz Qara oğlu
  14. Quliyev Rahib Nəriman oğlu
  15. Mahmudov Emin Pünhan oğlu
  16. Aslanov Röyal Elzar oğlu