Təhsil gündəmi / Reportaj / 03 aprel 2021

“Çocuk varsa oyun olmalıdır”

Ağıl və zəka oyunları: uşaq qəlbinin açarı

Müsahibim ağıl və zəka oyunları müəllimi Zəhra Koyuncudur.


Zəhra xanım Koyuncu ilə bir müddətdir ki, sosial şəbəkələr vasitəsilə tanışlığımız var. O ilk dəfə “Cocuk varsa oyun olmalıdır” sloqanı ilə uşaqlar üçün gerçəkləşdirdiyi “Ağıl və zəka” oyunları ilə diqqətimi cəlb etdi. Bundan sonra Zəhra xanımı intensiv izləməyə qərar verdim. O, Türkiyənin Konya şəhərində yaşayır. Burada özəl məktəblərdən birində çalışır. Zəhra xanım xeyli müddətdir ki, uşaqlara ağıl və zəka oyunları öyrətməklə, onların intellektual və mənəvi inkişafına həsr edib və bu gün də bu işi ürəklə davam etdirməkdədir. “Çocuk varsa oyun olmalıdır” sloqanı ilə uşaqların qəlbinə yol tapan Zəhra xanım uşaqların mənəvi dünyasını zənginləşdirəcək, onların uğurlu gələcəyi üçün cığır aça biləcək bir yanaşma yaradıb. Zəhra xanımda diqqətimi cəlb edən ən mühüm məqam onun daim pozitiv əhval ruhiyyədə olmasıdır. Müəllim üçün bu, olduqca önəmlidir. Zəhra xanımın hər bir ağıl və zəka oyunundan uşaqları əqli inkişafa aparmağın aydın, qısa və məntiqli yolu görünür. O, elə oyunlar təqdim edir ki, əslində bu oyunları bütün uşaqlar oynamalıdır. Ona görə yox ki, bu oyunların əsasında ağıl və zəka dayanır, ona ki, bu oyunlar ağıl və zəkaya, azad düşüncəyə, məntiqli davranmağa yol açır. “Hafizə kartı”, “Abolon”, “Manqala”, “Doqquz daş”, “Othello” oyunlarının hər birinin təməlində uşaqların yaş səviyyələrinə uyğun anlaya biləcəkləri məntiq dayanır. Bu oyunlar ağıllı və zəkalı düşüncəni təfəkkürün “həyat tərzinə çevirən” bir yanaşmadır. Bu oyunlar ağlın qavrama, zəkanın dərketmə sərhədlərini genişləndirir, uşağın əlindən tutub onu günəşə doğru aparır. Zəhra xanım “Çocuk varsa oyun olmalıdır” kitabı üzərində işləyir. Kitab nəşr olunduqdan sonra haqqında ətraflı məlumat verəcəyik. Gəlin, Zəhra Koyuncunun məqsəd və məramını öz dilindən eşidək. 


Oyun uşağa qəlb rahatlığı gətirən vasitədir.

  • Zəhra xanım, ağıl və zəka oyunları uşaqlar üçün hansı əhəmiyyətə malikdir?
  • Oyun uşaqların əqli, intellektual inkişafı üçün önəmli bir metoddur. Biz bununla uşaqların həm mənəvi, həm də əqli inkişafının təməlini qoymuş oluruq. Oyun uşağın təfəkküründə özünə elə bir yer etmiş olur ki, onu ömrü boyu unutmur. Odur ki, biz uşaqları düzgün oyunlarla yönəltməli, onları kəşf etməli, əqli hazırlıqlarını aşkara çıxarıb onları daha da inkişaf etdirməliyik. Oyun bütün uşaqlar üçün əlçatan olmalıdır. Biz uşaqlara gələcəyimizin qurucuları kimi baxırıqsa, onların hər birinə eyni məhəbbətlə yanaşmalıyıq. Uşaqlar oyunda özlərini bəlli edirlər. Biz onların hansı xarakterə malik olduqlarını oyun zamanı aydın görə bilirik.  Ağıl və zəka oyunları uşaqların dərs materillarını daha sürətli bir şəkildə qavramalarına, onların özünəinam hissinin inkişafına, yoldaşları ilə ünsiyyət qurma, kollektivdə çalışma, təkbaşına mübarizə aparmaq bacarığının, qalib gəlmək və məğlubiyyəti qəbul etmək hissinin formalaşmasına  yol açan, uşağa qəlb rahatlığı gətirən bir vasitədir. Uşaq dəfələrlə oyun oynadıqca, təbii ki, düşüncələr, planlar qurur, nəticədə çevik düşüncəsi formalaşır, yaradıcılıq potensialı meydana çıxır. Oyun uşaqlara səbr, dözüm aşılayır. Uşaq bir oyunu bəlli zaman müddətindən çox oynamamlıdır. Məsələn, bir oyunu 15 dəqiqəı oynadıqdan sonra, artıq başqa bir oyuna keçmək lazımdır. Çünki uşaq bir oyunla həddindən artıq oynadıqda, bu, onu artıq bezdirir. Bir oyunla həddən ziyadə oynamaq uşağı məqsədlərindən uzaqlaşdıracaq. Uşaqlar araşdırmaçı ruha malikdirlər. Biz bu ruhu oyatmalı, inkişaf etdirməliyik.  Uşaqların beyni süngər kimidir. Nə öyrədirsənsə, dərhal özünə çəkir. Gördüyünü, eşitdiyini yaddaşına həkk edir. Müəllimlər və valideynlər bunu hər zaman gərək diqqətdə saxlasınlar. Uşaqlar çox şey istəmirlər. Bir oyuncaqla onlar özlərini xoşbəxt hiss edirlərsə, nə üçün də biz o oyuncağı onlara verməyək?

  

Oyun oynayarkən uşaqlar özlərini xoşbəxt hiss edirlər.        

  • Zəhra xanım, hansı yaş qrupundan olan uşaqlarla işləyirsiniz? Sözsüz ki, hər yaş qrupu üzrə fərqli oyunlar tətbiq olunur...
  • Bəli, hər bir yaş qrupu üzrə fərqli oyunlar tətbiq edirik. 4-5, 6-7, 8-9 yaşlarında olan uşaqlar bizim şagirdlərimizdir. Uşaqlara ağıl və zəka oyunlarını daha kiçik yaşlarından verə bilsək, onları həyata daha hazırlıqlı şəkildə təqdim edə bilərik. Həyat çətin bir oyun meydanıdır. Biz uşaqlarımızı hər bir şərait üçün hazırlıqlı böyütməliyik. Uşaqlar oyun oynamaqla, yarışlarda iştirak etməklə kiçik yaşlarından həyata daha əmin addımlarla başlayırlar. Oyun oynayarkən uşaqlar özlərini xoşbəxt hiss edirlər. Bir halda ki, oyun oynamaq uşaqlara xoşbəxtlik verir, biz nə üçün onları bu hissdən məhrum edək? Mən çox istərdim ki, ağıl və zəka oyunları müəyyən yaş həddinə qədər bütün məktəblərdə olsun. 
  • Bu gün elə uşaqlar var ki, onlar sosial, iqtisadi və digər səbəblərdən oyun oynamaqdan məhrumdurlar. Sizin də ətrafınızda belə uşaqlar varmı və siz bu uşaqları hansısa formada sevindirə bilmisinizmi?
  • Bəli, belə uşaqlar çoxdur. Mən həmişə arzu etmişəm ki, bütün uşaqlar öz uşaqlıq dövrlərini yaşasınlar. Bu, onların inkişafı üçün mühüm amildir. Biz dostlarımızla birlikdə müxtəlif ağıl və zəka oyuncaqlarını əldə edib, ailələrinin maddi imkanları məhdud olan uşaqlara hədiyyə etmişik. Uşaqların xoşbəxtliyini görmək və sənin də bu xoşbəxtlikdə azacıq da olsa payının olduğunu hiss etmək özü də xöşbəxtlikdir. 
  • Zəhra xanım, oyuncaqları necə əldə edirsiniz? Uşaqların sağlamlığı baxımından onların keyfiyyətli olması çox vacibdir. 
  • Tamamilə doğrudur. Biz istifadə etdiyimiz oyuncaqların materiallarının keyfiyyətinə olduqca ciddi yanaşırıq. Ancaq təbii materallardan hazırlanmış oyuncaqlara üstünlük veririk. Uşaqların fiziki sağlamlığı bizim üçün birinci yerdə dayanır. Digər tərəfdən təbii materallardan hazırlanmış oyuncaqlarla işləmək də həm uşaqlara, həm də müəllimlərə çox rahat olur. Belə oyuncaqların ömrü də uzundur.
  • Uşaqların evdə işləmək imkanları necədir? Yəni ev tapşırıqları verirsinizmi?
  • Uşağın beyni hər zaman aktiv olmalıdır. Ona görə də biz çalışırıq ki, uşaqlar evdə də işləsinlər. Elə ailələr var ki, onlar bizim tövsiyə etdiyimiz oyuncaqları almaq imkanına malikdirlər. Uşağın evdə istifadə etməyə oyuncağı olduqda, o, daha çox məşq edir, tapşırıqların həllinə daha fəal şəkildə qoşulur. Dediyim kimi, uşaq nə qədər çox oyun oynayırsa, ağlı və zəkası daha çox inkişaf etmiş olur.  
  • Zəhra xanım, ağıl və zəka oyunları müəllimliyinə başlayarkən, fəaliyyətinizin təməlinə hansı pedaqoji prinsipləri qoydunuz?
  • Mən fəaliyyətimizin ilk günündən Mariya Montessori metoduna üstünlük vermişəm. Montessori deyirdi ki, Övladınıza tapşırıqların, çətinliklərin öhdəsindən gəlməkdə müstəqillik verin. Onun üçün hərəkətlərində, istəklərində, seçimlərində sərbəstlik yaradın. Bu gün gəzintiyə geyinəcəyi köynək, oynayacağı oyunlar, ev tapşırığını hansı ardıcıllıqla yerinə yetirməklə bağlı qərarları onun öhdəsinə buraxın. Bununla övladınız özünə inanacaq və qərarlarına görə məsuliyyət daşımağı öyrənəcək. Baxın, biz 10 ildir ki, bu yolu gedirik. Montessori fərqli bir dünyadır. Onun rəngarəng dünyası uşaqların da sağlam mənəvi inkişafına əsas verir. Onun fəlsəfəsi uşaqların sağlam fiziki və mənəvi inkişafını özündə birləşdirir. 
  • Uşaqlar üçün oyunlar planlaşdırarkən daha çox nələrə diqqət yetirirsiniz?
  • Tətbiq etdiyimiz ağıl və zəka oyunları anidən meydana gələn oyunlar deyil. Onlar uzun müddətli tədqiqatlardan və müvafiq rəy aldıqdan sonra uşaqların istifadəsi üçün təqdim olunur. İlk növbədə diqqət yetirdiyimiz məqam oyunların uşaqların yaş səviyyəsinə uyğunluğu və elmi əsaslı olmasıdır. Daha sonra müşahidə etməliyik ki, oynadığı oyun uşağı xoşbəxt edirmi. Bu çox mühüm amildir. Əgər oyuna qarşı uşaqda maraq, sevgi yarada bilməsək, bu, onun əqli inkişafına nəinki mane olacaq, eyni zamanda onda bu və digər oyunlara qarşı neqativ münasibət formalaşdıracaq. Odur ki, müəllimlər öz fənlərinə qarşı sevgi yaratdıqları kimi, ağıl və zəka oyunlarında da həvəs və sevgi yaratmaq önəmli sayılır. Oyunlar günümüzün reallaıqları baxımından çox əhəmiyyətlidir. Bilirsiniz, indi uşaqların maraq dairəsində daha çox komputer oyunları, sosial şəbəkələr dayanır. Bu vərdişlər uşaqların intellektual inkişafı üçün bir əngəl törədir. Biz zəka oyunları vasitəsilə uşaqların əqli inkişafına körpü salırıq. Bir məqama da toxunum: bizim dərslərimizə fiziki əngəli olan uşaqlar da qoşula bilirlər. Uşaqlarla işləmək böyük zövqdür. 


  • Zəhra xanım, planetimiz çox ağır pandemiya dövrünü yaşamaqdadır. Xüsusən uşaqlar evə qapılmaqla psixoloji baxımdan gərgin günlər yaşadılar. Bu dövrdə uşaqlarla necə ünsiyyət qura bildiniz?
  • Bəli, çətinliklər hələ də davam etməkdədir. Pandemiya dövründə evdə qalan uşaqlar tablet və telefon oyunlarına daha çox aludə oldular. Bu, əlbəttə ki, bizim prinsiplərimizə yaddır. Biz ailələrlə mütəmadi olaraq əlaqə saxlayır, uşaqların oyunlara davam etmələrinə, yeni oyunlar öyrənmələrinə çalışırıq. İstəyirik ki, onların beyinlərində zəka oyunları daha çox yer alsın, nəinki telefon və tablet oyunları. Əslində biz pandemiyanın olmadığı dönəmlərdə də uşaqların və valideynlərin düşüncələrində bu fikrin, bu yanaşmanın hakim olmasına cəhd edirdik. Düşünürəm ki, əqli inkişafı stimullaşdıran oyunlar zamanla cari zövq verən, vaxt itkisinə yol açan, fiziki sağlamlığa mənfi təsir göstərən tablet oyunlarını üstələyəcək. Buna cəmiyyət, təhsil idarəçiləri, məktəb, müəllim, ailə olaraq birlikdə səy göstərməliyik. 
  • Maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm. Düşünürəm ki, bu aktual mövzuda söhbətləşmələrimiz davam edəcək...


Böyükağa MİKAYILLI

“Məktəbəqədər və ibtidai təhsil” jurnalının məsul katibi