Təhsil gündəmi / Pedaqogika / 09 fevral 2021

Tanınmış psixoloq alim professor Zəkəriyya Mehdizadə


Azərbaycanda psixologiya elminin təşəkkülü və inkişafının ilk mərhələsi aka­de­mik A.O.Makovelskinin, professor Ə.Zəkuzədənin, professor F.İbrahim­bə­yo­vun adı ilə bağlıdır. Bilavasitə onların qayğısı  və elmi köməyi ilə az sonra yeni psi­xo­loqlar nəsli yetişdi ki, onların da tanınmış nümayəndələrindən biri Zə­kə­riyya Məmməd oğlu Mehdizadədir

  Mehdizadə Zəkəriyya 24 mart 1913-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində Məmməd  kişinin ailəsində dünyaya gəlib. Atası  Azərbaycan sovetləş­diri­lə­nə kimi kəndlərindəki dövlət məktəbində Azərbaycan dilindən  dərs demişdir. Tə­lim rus dilində olan həmin məktəb Çar Rusyası tərəfindən Daşkəsən kəndində 1914-cü ildə açılmışdı. 1920-ci ildə pedaqoji təhsili olmayan Məmməd kişi müəllimlikdən  uzaq­laş­dırıl­dı­ğından o, özünə məxsus təssərrüfatda əkin-biçinlə məşğul olub. 1928-ci ildə kənddə təşkil edilən kollektiv təsərrüfata daxil olaraq, kolxoz quruculuğunda fəal iştirak edən Məmməd kişi 1932-ci ildə vəfat edib. Anası Tamaşa Muxtar qızı da kənddə kolxoz qu­ru­cu­luğunda fəal iştirak edən qadınlardan olub, təqaüdə çıxana kimi  burada işləyib və 1970-ci ildə vəfat edib.

    Zəkəriyya Mehdizadə ilk təhsilini 1920-1924-cü illərdə doğma kəndlərindəki ibtidai məktəbdə alıb. 1926-30-cu illərdə Cəbrayıl qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki II dərəcəli məktəbdə (doqquzillik)   oxuyub. Tərcümeyi-halın­da yazdığına görə, 1930-1931-ci illərdə Xızı rayonunda natamam orta mək­təb­də müəl­­lim işləyib. 1932-1936-cı illərdə V.İ.Lenin adına APİ-nin Fizika-riyaziyyat fakül­təsinin riyaziyyat şöbəsində təhsil alıb.

     1936-cı ildə Azərbaycan XMK tərəfindən Cəb­rayıl rayonuna riyaziyyat müəllimi göndərilən Zəkəriyya Mehdizadə 1936-1942-ci illərdə Cəbrayıl rayonunda müəl­lim, M.Qorki adına orta məktəbdə direk­tor müavini (dərs hissə müdiri), direktor, rayon Xalq Maarif Şöbəsində inspektor və müdir vəzifələrində işləyib. 1926-cı ildə ÜİLKGİ-nin, 1931-ci ildə Ümumittifaq Həmkarlar İttifaqları Şurasının, 1940-cı ildə Sov.İKP-nin üzvü seçilib. İdarəçilik qabiliyyəti, siyasi yetkinliyi və insanlarla işlə­mək bacarığı ilə rayonda tanınan Zəkəriyya Mehdizadə az sonra partiya işinə irəli çəkilib. 1942-1944-cü illərdə Cəbrayıl rayon partiya komi­təsininin təbliğat və təşviqat şöbəsinin müdiri, 1944-46-cı illərdə isə rayon partiya komitəsinin II katibi vəzifələrində çalışıb.

   Qələbə ilə başa çatan sovet-alman müharibəsindən sonra Zəkəriyya Mehdizadə Bakıya gəlir və bir müddət (1946-1947-ci illərdə) Bakı şəhər Xalq Maarif Şöbə­sində metodist və 1 saylı məktəbdə riyaziyyat  müəllimi işləyir. Onun şəhərə gəl­mək­də əsas məqsədi qar­­daşı Mehdi Mehdizadə kimi elm yolunu seçmək idi. O, şəhərə gələndə böyük qardaşı Mehdi Mehdizadə elmi-pedaqoji sahədə xeyli uğur­lara imza atmışdı. Belə ki, APİ-nin aspiranturasını uğurla başa vuran Mehdi Mehdi­zadə artıq elmlər na­mi­zədi idi, 1941-ci ildə “Azərbaycan məktəblərində savad təliminin tarixi” möv­zu­sun­da namizədlik dissertasiyası müdafiə etmişdi. Pedaqoji İnstitutda  dekan (1934), el­mi işlər üzrə direktor müavini (1934-1937) vəzifə­lərin­də işləmişdi. 4 il alman fa­şiz­­minə qarşı vuruşan Mehdi Mehdizadə müharibədən qayıdaraq Pedaqoji İns­ti­tutda elmi-pedaqoji fəaliyyətini davam etdirir, elmi işlər üz­rə direktor müavini və­zifəsində çalışırdı.

Elm yolunu seçən Zəkəriyya Mehdizadə 17 iyul 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun direktoru Ə.Seyidova ünvanladığı ərizədə onu psixologiya ixtisası üzrə aspiranturaya daxil olmaq üçün imtahana buraxmağa icazə verməsini   xa­hiş edirdi. Həmin dövrdə (elə indi də) aspiranturaya qəbul  imtahanında iştirak etmək üçün ixtisas üzrə referat yazmaq tələb olu­nur­du.

        Zəkəriyya Mehdizadə “Təsəvvür və onun uşaqlarda inkişafı” mövzu­sunda refe­rat işi yazır və həmin referatı rəy almaq  üçün  Psixologiya kafedrasına təqdim edir. Həmin dövrdə Psixologiya kafedrasına görkəmli psixoloq alim Əhməd Zəku­zadə rəhbərlik edirdi.  Referatla tanış olan Ə.Zəkuzadənin 4 sentyabr 1947-ci ildə imzaladığı rəydə iş yük­sək qiymətləndirilir və iddiaçının imtahanlara buraxılması tövsiyə olunur. Aspiranturaya qəbul im­tahan­ları­ Zəkəriyya Mehdizadə üçün uğurlu olur. Marksizm-leninizmin əsasları, psixologiya, al­man dili, ali sinir fəaliyyətinin fiziologiyası fənlərindən “əla” qiymət alan Zəkəriy­ya Mehdizadə Pedaqoji İnstitut üzrə 21 noyabr 1947-ci il tarixli əmrlə Psixo­lo­giya kafedrasına aspirant təyin olunur. Görkəmli psixoloq alim, fəlsəfə elmləri doktoru Əhməd Zəkuzadənin elmi rəhbərliyi  ilə “V-VII sinif şagirdlərində riyazi təfəkkürün inkişafı” mövzusunda yaradıcılıq axtarışlarına başlayır. Aspirantura illəri onun üçün fərəhli  olur, həm kafedrada assistent kimi fəaliyyət göstərir, həm ciddi el­mi yaradıcılıqla məşğul olur, həm də nəzərdə tutulan imtahanların hamısından “əla” qiymətlər alır. II tədris ilinin attestasiyasının nəticələrinə - alman dili, psixologiya tarixi, eksperimental psixologiyadan “əla”, ixtisasa dair  re­­ferat­dan məqbul aldığına görə,  Psixologiya kafedrasının 8 iyun 1949-cu il tarixində  keçirilən  iclasında onun Stalin təqaüdünə təqdim edilməsi haq­qında qərar qəbul edilir. Ümumiyyətlə, Zəkəriyya Mehdizadə aspirantura il­lərində imtahan verdiyi bütün fənlərdən (rus dili, dialektik və tarixi materializm, al­man dili, psixologiya tarixi, ali  sinir fəaliyyəti fiziologiyası, eksperimental psi­xologiya, ümumi psixologiya) “əla” qiymət   almış, hər semestrin sonunda ixti­sasla bağlı referat təqdim etmişdir. Aspiranturada oxuyarkən “Sovet psixologiyası inkişa­fının əsas yolları” (1947), “Təfəkkür nəzəriyyəsinin tarixi inkişafına dair bəzi mü­lahizələr” (1948)  mövzularında yazdığı irihəcmli referat işlərinin hər biri cid­di elmi araşdırmaların nəticəsində ərsəyə gələn, aktuallığını itirməyən el­mi-tədqiqat işləri kimi bu gün də maraq doğurur. Hər iki referat işi professor Əhməd Zəkuzadə tərəfindən yüksək dəyər­ləndirilmişdir.


1950-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vuran Zəkəriyya Mehdizadə Azər­baycan SSR Maarif Nazirliyinin göndərişi ilə Ağdam İkiillik Müəllimlər İns­titutuna göndərilir. O, 1950-1952-ci illərdə həmin İnstitutun  Pedaqogika kafed­ra­sın­da baş müəllim vəzifəsində çalışmaqla bərabər, həm də dissertasiya işi ilə bağ­lı Ağdam rayonunun məktəblərində eksperimentlər aparır. 1952-ci ilin pa­yızın­­da Bakıya qayıdan Zəkəriyya Mehdizadə pedaqoji fəaliyyətini APİ-nin Psixo­lo­giya kafedrasında davam etdirir. 1953-cü il onun üçün daha uğurlu və yaddaqalan olur. Belə ki, o, illərlə üzərində çalışdığı dissertasiya işini müdafiə etmək üçün Moskvaya ezam olunur. 1953-cü il, dekabr ayının  23-də (protokol №44) RSFSR Peda­qoji Elmlər Akademiyasının Psixologiya Elmi-Tədqiqat İnstitutunun Şurasın­da “Ədədlərin bölünməsi və kəsirlərlə əməliyyatların mənimsənilməsində əsas çətinliklərin psixoloji təhlili və bu çətinliklərin aradan qaldırılması yolları”  mövzusunda namizədlik dissertasiyası müdafiə edir. 1954-cü ilin 31 martında SSRİ Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən Ali Attestasya Komissiyası tə­rəfin­dən ona pedaqoji elmlər namizədi elmi dərəcəsi verilir.


      Zəkəriyya Mehdizadə 1954-cü ildə Azərbaycan KP MK-nın sərəncamı ilə Azər­bay­can Dövlət Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna göndərilir. 8 il burada iş­lə­yən Zəkəriyya Mehdizadə bir müddət pedaqogika-psixologiya şöbəsinə, daha son­ra isə psixologiya laboratoriyasına rəhbərlik edir. Bir-birinin ardınca maraqlı elmi əsərlərin nəşrinə nail olan Zəkəriyya Mehdizadəyə SSRİ Ali Təhsil Nazirliyi yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyası tərəfindən 6  sentyabr 1958-ci ildə  “Psixologiya” ixtisası üzrə baş elmi işçi  elmi adı verilir.

        1961-ci ildə Zəkəriyya Mehdizadə yenidən doğma təhsil ocağına, bir vaxtlar tələbəsi, aspirantı və müəllimi   olduğu Pedaqoji İnstituta qayıdır. 18 oktyabr 1961-ci ildə İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasına baş müəllim təyin olunur, az sonra Psixologiya kafedrasına dəyişdirilir. 1961-1966-cı illərdə Psixolo­giya kafedrasında baş müəllim, 1966-1975-ci illərdə dosent vəzifələrində çalışır. 20 iyul 1966-cı ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi yanında fəaliyyət göstərən AAK (Ali Attestatsiya Komissiyası) tərəfindən 20 iyul 1966-cı ildə ona Psixologiya kafedrası üzrə dosent elmi adı verilir. Dosent Zəkəriyya Mehdizadə ümumi psixologiya, uşaq psixologiyası, yaş və pedaqoji psixologiya fənlərindən mühazirələr oxumaqla yanaşı, həm də ciddi elmi yaradıcılıqla məşğul olur, doktorluq dissertasiyası üzərində işləyir. Doktorluq disser­tasiya­sını tamamlamaq və müdafiəyə təqdim etmək üçün ona APİ üzrə 6 mart 1965-ci il tarixli əmrlə 6 aylıq yaradıcılıq məzuniyyəti verilir. O, qısa bir vaxtda mövzu ilə bağlı 30-a yaxın elmi məqalə (onlardan 20-si rus dilində) nəşr etdirir. Doktorluq dissertasiyasını vaxtında başa çatdırır və müdafiəyə təqdim edir.

Azərbaycan Pedaqoji İnstitutunun Yaş və pedaqoji psixologiya kafed­ra­sı­nın 12 fevral 1975-ci il tarixli iclasının protokolundan çıxarışda göstərilir ki, Zəkəriyya  Mehdizadənin həmin əsəri Gürcüstan Dövlət Universitetinin Psixolo­giya ka­fed­rasında geniş müzakirə edilərək yüksək qiymətləndirilmiş və  doktorluq disser­ta­siyasının bütün tələblərinə cavab verən bir əsər kimi müdafiəyə buraxılmışdır. Həmin dövrdə Zaqafqaziya respublikalarından yalnız Tbilisidə pedaqogika və psixologiyadan  regional doktorluq Müdafiə Şurası fəaliyyət göstərirdi. Bu səbəbdən də müdafiıə ilə bağlı xeyli növbə yaranırdı. Bütün çətinlikləri dəf edən Zəkəriyya Mehdizadə, nəhayət ki, 1975-ci ildə Tbilisi Dövlət Universitetinin Müdafiə Şurasında “Hesab və cəbr materialarının mənim­sənilməsi prosesində şagirdlərin qarşılaşdıqları çətinlikərin tədqiqi və onların psixoloji təhlili” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Dissertasiya rəsmi opponentlər, aparıcı təşkilat və Müdafiə Şurasının üzvləri tərəfindən yüksək dəyərləndirilir. Məlumat üçün qeyd edək ki, 1934-cü ildən 1993-cü ilə kimi müttəfiq respublikalarda müdafiə olunan namizədlik və doktorluq dissertasiyaları SSRİ Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilirdi. Əks halda əsərə görə iddiaçıya elm dərəcə verilmirdi. Tbilisi Dövlət Universitetinin Müdafiə Şurası tərəfindən Zəkəriyya Mehdizadənin doktorluq dissertasiyası müdafiə protokolu və digər sənədlərlə birlikdə təsdiq üçün Moskvaya göndərilir. SSRİ Ali Attestasiya Komissiyasında dissertasiya prof. Natalya Aleksandrovna Mençinskayaya rəy üçün təqdim olunur. Zəkəriyya Mehdizadənin doktorluq dissertasiyasının mövzusu  prof. N.A.Mençin­ska­ya­ya  çox yaxın idi. Belə ki, hər ikisinin də tədqiqat sahəsi eyni idi. N.A.Mençinskaya “Hesab təliminin psixologiyası” (1952) əsərinə görə psixologiya elmləri doktoru elmi dərəcəsi almışdı. Zəkəriyya Mehdizadə RSFSR Pedaqoji Elmlər Akademiyasının Psixologiya Elmi-Tədqiqat İnsti­tu­tunun Şurasında namizədlik dissertasiyası müdafiə edəndə N.A.Mençinskaya həmin İnstitutda işləyirdi. Eyni problem üzərində   işlədiklərinə görə, aralarında baş verən elmi mübahisələr, N.A.Mençinskaya tərəfindən şəxsi qərəzçiliyə çevrilmişdi. Məhz elə buna görə də o, sonralar  Zəkə­riyya Mehdizadənin doktorluq dissertasiyasına müsbət rəy vermə­miş, əsərdə bəzi məsələlərin dəyişdirilməsini, onun irəli sürdüyü müddəalara uyğunlaş­dırıl­masını tələb etmişdi. Bu sahənin tanınmış mütəxəssis­lərindən biri olan Zəkəriyya Mehdizadə Ali Attestasiya Komissiyasının ekspert şurasının iclasında rəyçi ilə razılaşmadığını, əsərdə heç bir dəyişiklik etməyəcəyini bildirərək, özününküləri “özgələrdən” (milli respublikalardan) üs­tün tutan,  qəlbi də, ruhu da soyuq olan Moskvadan vətənə qayıtmış, el­mi pedaqoji yaradıcılığını və fəaliyyətini davam etdirmişdi. Hə­min döv­r­də Zəkəriyya müəllimin qardaşı Mehdi Mehdizadə nəinki cənubi Qaf­qazda, həm də   SSRİ-də tanın­mış pedaqoq alim, pedaqoji elmlər dokto­ru, professor, SSRİ PEA-nın həqiqi üzvü idi. İkinci dəfə idi ki, Azər­baycanın Maarif Nazirliyinə rəhbərlik edirdi. Zəkəriyyanın özü na­mi­zədlik dis­sertasiyasını Moskvada müdafiə etmişdi, rus psixoloq alim­ləri onu yaxşı tanı­yırdı. Digər tərəfdən, həm də zəngin yaradıcılığa ma­lik idi. Mütəmadi olaraq, Tbilisidə keçirilən Zaqafqaziya psixoloq­larının konf­ranslarında maraqlı məru­zə­lər­lə çıxış edirdi. Zəkəriyya müəllimin bir daha  doktorluq disser­tasiyasının təsdiqi  ilə maraqlanmaması, bununla bağlı nə ekspert komissiyasının, nə də Ali Attestasiya Komissiyasının sədrinin qapısını “döyməməsi”, qardaşı Maarif Naziri, akademik Mehdi Mehdizadəni “narahat etməməsi” onun prinsipiallığının və özünə­hörmətin əlaməti kimi dəyərləndirilməlidir.   


Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi Kollegiyasının 13 noyabr 1974-cü il tarixli qərarına müvafiq olaraq Pedaqoji İnstitutun Psixologiya kafedrasının bazası əsasında iki kafedra - Ümumi psixologiyaYaş və pedaqoji psixologiya kafedraları yaradıldı.

Pedaqoji İnstitut  üzrə 2 aprel 1975-ci ildə tarixli 1/115 saylı əmrlə müsabiqədən keç­­diyi üçün 14 mart 1975-ci ildə Yaş və pe­da­­­qoji-­psi­xo­logiya kafedrasına müdir və dosent vəzifəsinə seçilən Zəkəriyya Mehdizadə 1 sentyabr 1987-ci ilə kimi hə­min vəzifədə çalışıb.   Kafedranın elmi və tədris fəaliyyətinin səmərəli qurul­masın­da, yaş və pedaqoji psixolo­giya ilə bağlı tədris resurslarının hazırlanmasında onun mü­hüm xidmətləri olub.

Tanınmış psixoloq-alim Zəkəriyya Mehdizadə tədris və elmi nailiyyətlərinə görə, 10 iyun 1984-cü ildə APİ-nin Yaş və pedaqoji psixologiya kafedrasına professor vəzifəsinə seçilib. SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyası tərəfindən 24 may 1985-ci ildə ona professor elmi adı verilib. İki il həmin vəzifədə uğurla çalşan  Zəkəriyya müəllim 29 avqust 1987-ci ildə öz ərizəsi ilə təqaüdə çıxdığı üçün işdən azad olunmuşdur. İki ildən sonra  o, 20 sentyabr 1989-cu ildə yenidən Yaş və pedaqoji psixologiya kafedrasına professor-məsləhətçi təyin olunub, ömrünün sonuna kimi həmin vəzifədə çalışıb. Prof. Zəkəriyyə  Mehdizadə 18 noyabr 1990-cı ildə Bakı şəhərində vəfat edib.

Professor Zəkəriyya Mehdizadə respublikamızın və universitetimizin   elmi-pedaqoji, ictimai-siyasi həyatında mühüm rol oynayan, pedaqoji-psixoloji araşdırmaları ilə seçilən ziyalılardan biri olub. 1971-76-cı illərdə İbtidai təhsilin pedaqogikası və metodikası   fakültəsində (indiki İbtidai təhsil fakültəsi) partiya təşkilat katibi olub. Ümumittifaq və  Zaqafqaziya psixoloqlarının qurultay və konfranslarının fəal iştirakçılarından biri olub. Zaqafqaziya psixoloqlarının Tbilisidə (1959) keçirilən I, İrəvanda (1960)  keçirilən II, Bakıda (1974) keçirilən VI,  Tbi­li­sidə (1977) keçirilən VII, Bakıda (1989) keçirilən IX qurultaylarında və digər  elmi simpoziumlarda  maraqlı məruzələrlə çıxış et­miş­dir.

Arxiv sənədlərində Zəkəriyya Mehdizadəyə aid sənədlərin içərisində ona müx­təlif vaxtlarda verilmiş xasiyyətnamələr saxlanılır. Bütün xasiyyətnamələrdə o, vic­dan­lı bir işçi, bacarıqlı insan, peşəkar tədqiqatçı alim, institutun ictimai və elmi hə­yatında fəal iştirak edən aspirant, dosent, professor kimi səciyyələndirilir. Obyek­tivliyi, səmimiliyi, aydın və səlis nitqi, yüksək səviyyəli mühazirə oxumaq qa­biliy­yəti ilə seçilən müəllim-tərbiyəçi və nüfuzlu psixoloq-alim kimi təqdir olunur.

      O,   respublikamızda “Uşaq psixologiyası” kursunun proqramının və ona dair təd­­ris materiallarının yaradıcılarından biri hesab olunur. Məhz onun rəhbərliyi ilə kursun proqramı və üç hissədən ibarət dərs vəsaiti (“Uşaq psixologiyası”. I hissə. (1982), “Uşaq psixologiyası”. II hissə. (1984),  “Uşaq psixologiyası”. III hissə. (1988)) hazır­lanaraq  nəşr olumuşdur.  Respublikada   iki hissəlik Yaş və pedaqoji psixo­lo­gi­ya ilə bağlı  tədris vəsaitinin (“Yaş və pedaqoji psixologiya”. I-II hissə. (1977,1978) ) ərsə­yə gəl­məsində də  həmkarları kimi, onun  da mühüm xidmətləri vardır.

Professor Zəkəriyya Mehdizadənin psixoloq alimlərin yetişməsində mühüm xidmətləri olub. Uzun müddət Gəncə Dövlət Universitetində Psixologiya kafed­rasının müdiri vəzifəsində çalışan dosent Zülalə Aslanova, hazırda ADPU-nun Şəki filialının elmi işlər üzrə direktor müavini işləyən dosent Nurəli Çələbiyev öz dissertasiyalarını onun elmi rəhbərliyi altında  hazırlayıblar. Dosent N.Çələbiyev danışır ki, 1986-cı ildə “Yaş və pedaqoji psixologiya” ixtisası üzrə APİ-nin aspranturasına daxil olmuşdum. Məni “Yaş və pedaqoji psixologiya” kafedrasına  təhkim etdilər. Kafedra müdiri professor Zəkəriyya Meh­di­zadə idi, o məni yaxşı tanıyırdı. APİ-də oxuyarkən (1977-1981) mənə   “Psixologiya” fənnindən mühazirələr oxumuşdu, bir neçə dəfə onun rəhbərliyi ilə Tələbə Elmi Cəmiyyətinin konfranslarında məruzələrlə çıxış edib, uğur qazanmışdım. Namizədlik dissertasiyama həvəslə elmi rəhbər olmağa razılıq verdi. O dövrdə Oğuz rayon Təhsil Şöbəsində inspektor işlədiyimdən, aspiranturanın qiyabi şöbəsinə daxil olmuşdum. Mən elmi rəhbərimlə ancaq tətillərdə görüşə bilirdim. Zəkəriyya müəllim yay tətilində Şüvəlandakı bağ evində qalırdı. Oğlu Ramizin ailəsi  də onunla birlikdə yaşayırdı. Mən yay aylarında bağ evinə gedər, həftələrlə onlarda qalardım. Zəkəriyya müəllim dissertasiya ilə bağlı yazdığım hissələri  mənə oxutdurar, özü isə qulaq asardı. Harada nələri əlavə etmək və  ya çıxarmaq lazım olanda mənə qeydlər aparmağı tövsiyə edərdi.  Çox səmimi, mehriban, qayğıkeş və qonaqpərvər ailə idi. Mənə övladları kimi nəvaziş göstərirdilər. Dəfələrlə Zəkəriyya müəllimin Bakıxanov qəsəbəsin­də­ki evində də olmuşam. O, çox zəhmətkeş, həyatsevər, şən və gümrah insan idi. Həyətlərində müalicəvi suyu olan kəhriz var idi. Zəkəriyya müəllim səhər saat 6-da  yuxudan qalxar,  üzüm və əncir ağac­larına qulluq edər, həmin sudan içər, müalicəvi əhəniyyətindən danışardı. Kükürd-yod qarışıqlı həmin suyun spesifik iyini indi də xatırlayıram. Mən Zəkə­ri­yya müəllimin evinə  elmi rəhbərimin, müəllimimin evindən daha çox baba evi kimi baxırdım. Bu şəraiti o, özü, oğlu Ramiz və onun ailəsi yarat­mışdı. Mən son dəfə 1990-cı ildə, Zəkəriyya müəllimin vəfatından bir neçə gün qabaq onlarda olmuşdum. Həmin vaxt o, halsız  halda uzanmışdı, deyəndə ki, Nurəli gəlib, gözünü açdı və mənə baxdı, çohrəsi nurani bir görkəm aldı. Bir neçə gündən sonra haqq dünyasına qovuşdu. Dissertasiyam hazır olsa da, müdafiəmi görmək ona nəsib olmadı. Zəkəriyya müəllim mənim üçün   böyük müəllim, təmənnasız  və xeyirxah insan, görkəmli psixoloq-alim, bacarıqlı kafedra müdiri, səmimi elmi rəhbər idi.

Professor Zəkəriyya Mehdizadə  geniş yaradıcılıq kredosuna malik tədqiqatçı olub. Ümum­təhsil məktəblərində riyaziyyat və fizika fənlərinin mənimsənilməsində şa­girdlərin qarşılaşdıqları çətinliklərin tədqiqi və onun psixoloji təhlili, onun yara­dıcılığının əsas istiqamətini təşkil edir. Onun “Nisbət anlayışı və şagirdlər tərə­findən onun mənimsənilməsi” (1956),  “Faizlərin mənimsənilməsi psixologiyası” (1961), “Sək­kiz­inci sinifdə cəbr materiallarının mənimsənilməsi psixologiyası haqqında”, “Tənasüb bəh­sinin mənimsənilməsində   bəzi çətinliklərin analizi və aradan qaldırılması haqqında” (1966) kitablarında,  “Kəsr rəqəmlərinin mənimsənilməsində şagirdlərin rast gəl­dik­lə­ri çətinliklərin psixoloji təhlili” (1956),  “Sadə cəbr əməllərinin mənimsənilməsi psi­­xo­lo­giyası haqqında” (1960), “Tam cəbri ifadələrlə əməliyyatın mənim­sənil­məsi psixologiyası” (1960), “IX sinifdə loqarifmalar mövzusunun  mənimsənil­məsi psixologiyası” (1962)  “Müxtəsər vurma düsturlarınn mənimsənilməsi psi­xo­lo­giyası” (1963), “Hesab kursunda metamorfoza (1966) adlı məqalələrində məhz bu prob­lem ətraflı şərh edilmişdir.

O, uşaqlarda təfəkkür və nitqin (1966), məktəbəqədər yaşda uşaqlarda qavrayışın (1970), bağça yaşlı uşaqların şəxsiyyətinin (1979), kiçikyaşlı məktəblilərin iradəsinin (1985) inkişfına dair maraqlı araşdırmaların müəllifidir.  

Ümumiyyətlə, professor Zəkəriyya Mehdizadənin 35-dən çox dərslik, dərs vəsaiti, kitab və kitabçası, 50-dən artıq elmi məqaləsi və məruzə tezisi nəşr olunmuşdur. Onun “Məktəb direktoru üçün sorğu kitabı” (1959), “Uşaqlarda təfəkkür və nitqin inkişafı” (1966),  “Uşaqlarda nitq və təfəkkürün inkişafı” (1968) kitabları  indi də öz əhəmiyyətini qoruyub saxlayır. Tanınmış metodist alim professor Yəhya Kərimovla birlikdə yazdığı “Əlifba”  dərsliyi 6 il dalbadal nəşr olunub. Qeyd etmək yerinə düşər ki,  dərsliyin ilk   tirajı 150 min  nüsxədən çox olub.

Professor Zəkəriyya Mehdizadə həm də peşəkar tərcüməçi kimi tanınıb. O, N.A.Dobrolyubovun “Seçilmiş pedqoji əsərləri”ini (Ə.Zey­nalovla birlikdə) və “IV sinifdə riyaziyyat” kitablarını dilimizə  tərcümə edib. Pedaqoji və elmi-pedaqoji kadr hazırlığında mühüm xidmətləri olan Zəkəriyya Mehdizadə həm də yeni psixoloji baxış və nəzəriyyələrin təbliğatçısı kimi tanınıb. Müxtəlif qəzet və jurnallarda psixologiya elminin təbliği ilə bağlı onlarla məqalə nəşr etdirib.  

Zəkəriyya müəllimi Pedaqoji İnstitutda oxuyan illərdə tanımışam. Lenin təqaüdü ilə oxuyan tələbə kimi 1981-1982-ci illərdə  Pedaqoji fakültənin Elmi Şurasının üzvü olmuşam. Həmin illərdə Yaş və pedaqoji psixologiya kafedrası Pedaqoji fakültənin nəzdində idi. Bütün kafedra müdirləri kimi, Zəkəriyya müəllim də fakültə Elmi Şurasının üzvü idi. Yaxşı yadımdadır, onda tez-tez fakültə Elmi Şura­sının iclasları  keçirilər, fakültənin tədris və elmi həyatı, müəllim və tələbələrin fəaliyyətləri ilə bağlı hər bir xırda məsələ ciddi şəkildə müza­ki­rə olunardı. Zəkəriyya müəllim iclaslarda çox danışmağı sevməzdi, qoç bürcündən olsa da, harmoniya və mütənasibliyi qoruyub saxlayan tə­rəzi bürcünün insanlarını xatırladırdı. Nüfuzlu insan idi, hər hansı bir məsələnin müzakirəsindən sonra, Musa müəllim (fakültənin dekanı) Zəkəriyya müəllim, nə məsləhət bilrsiniz deyə,- ona müraciət edirdi. 

 Bu yazını hazırlayanda vaxtı ilə  onunla birlikdə işləmiş  həmkar­ları ilə zəngləşdim, xatirələr dilə gəldi,  hamı onu  görkəmli alim, baca­rıqlı kafedra müdiri, səmimi və xeyirxah insan, tələbələrin sevimlisi kimi dəyərləndirdi. Professor Ramiz Əliyev  isə, sanki deyilənləri ümu­mi­ləşdirdi: Zəkəriyya müəllim ciddi bir şəxsiyyət, ağırtaxtalı, pak və ləyaqətli   klassik kişilərdən biri idi.

Zəkəriyya Mehdizadə həm də gözəl ailə başçısı olub. Həyat yoldaşı Sona xa­nım­la qurduğu ailədə 3 qız (Dilşad, Gülşad, Nörəstə və 2 oğlan (Rəşid, Ramiz) böyüyüb.

Professor Zəkəriyya Mehdizadənin elmi-pedaqoji yaradıcılığı və ictimai fəaliyyəti hə­mişə yüksək qiymətləndirilib. Pedaqoji elmlər namizədi elmi dərəcəsinə, baş el­mi işçi, dosent, professor elmi adlarına layiq görülüb, fakültə partiya təşkilatının katibi, kafedra  müdiri   seçilib. SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən “Qafqazın mü­da­fiəsinə görə” (1944), “Böyük Vətən müharibəsində vicdanlı əməyə görə (1945),” Zərbəçi əməyə görə” (1949) medalları, müxtəlif Fəxri Fərman və diplomlarla təltif olunub.

Professor Zəkəriyya Məmməd oğlu  Mehdizadə  çətin, acılı-ağrılı, gərgin əmək,  zəhmət və yaradıcılıqla dolu  şərəfli   ziyalı  ömrü yaşayıb. Belə ziyalılar heç vaxt ölmür, yaddan çıxmır, ailə üzvlərinin, qohumlarının, tələbələrinin, yetirmələrinin xatirələrində və bir də yazdıqları kitabların səhifələrində yaşayır, insanlara ziya və nur bəxş edirlər.

Fərrux RÜSTƏMOV,

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, 

Pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi,

 Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü,

 Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki,

 “Akademik Mehdi Mehdizadə”, “Gənc alimlər” və 

“Qızıl qələm” mükafatları laureatı