Təhsil gündəmi / 25 yanvar 2021

Xaricdə təhsil və elm

Təhsildən və xüsusən də gənclər üçün xaricdə faydalı təhsil və əsl elm barədə danışmağa başlayarkən həmişə o yadıma düşür. Bəhs etdiyim söhbətin nəinki gənclərə, eləcə də valideynlərə də bir motivasiya və stimul olacağından əminəm. Çünki o, mənə də motivasiya olub. 
Prof. Dr. Onur Güntürkün - Böyük insan!
Mən onu təxminən 1 il əvvəl böyük bir auditoriyada tanımışdım, bizə Almaniyada keçirilən böyük bir tədbirdə mühazirə (keynote lecture) deyəcəkdi. Auditoriyada 1000 nəfərə yaxın elm adamı var idi. Professor Anne G. Osborn (ciddi elmlə və professional tibblə məşğul olan hər kəs onu tanımalıdır) da daxil olmaqla hər kəs mühazirənin başlamağına bir xeyli qalmış onunla çox hörmətli şəkildə salamlaşıb öz yerini tuturdu. Çox əzəmətli auditoriya idi, adamların sıxlığı nə qədər çox olsa da, heç kimdən səs çıxmırdı və hamı həyəcanla bu dəfə də ondan nəsə öyrənəcəyini gözləyirdi... 
Mühazirə başlamadan qonaq professorlardan biri bilməyənlər üçün Prof. Güntürkünün dünyanın ən nüfuzlu elmi jurnallarından olan “Nature” jurnalında çap edilən və dünyaya səs salan bir elmi araşdırmasından qısa bəhs etdi. 
Onun insanların öpüşüb-görüşərkən başlarını sağ tərəfə çevirməsinin (*Most people kiss the right way*) səbəblərindən və izahından bəhs edən elmi araşdırması hələ də Almaniyada ən nüfuzlu jurnalda çap olunan araşdırmalar arasında ilk yerlərdə durur. O, bunu araşdırmaq fikrinə isə Chicagoda hava limanında 5 saat gözləyərkən müxtəlif irqdən olan insanların eyni cür görüşdüyünü müşahidə etdikdən sonra gəlib. 
Doğrusu, mən onu hələ tanımasamda, bu qədər böyük elm adamlarının ona xüsusi hörmət bəsləməsi danışacaq adamın səviyyəsindən xəbər verirdi. Mühazirənin adı “Kortekssiz dərk etmə/şüur” idi. O, bizə quşların beynində yeni tapdığı bir strukturdan bəhs etdi. Hansı ki, o strukturla quşların da dərk etməyə, qavramaya və şüura malik olduğunu sübut edib. 
Auditoriyaya səssizlik çökmüşdü. İnsan beynindəki korteksin bu günə qədər qəbul edilən səviyyədə əhəmiyyətinin olmaması iddiasının elmi sübutunu təqdim edəndən sonra isə hər kəs həyəcanla növbəti elmi faktları gözləyirdi... 
Haqqında:
Prof. Dr. Onur Güntürkün 4 yaşında keçirdiyi uşaq iflici nəticəsində yerimə qabiliyyətini itirir və müalicə üçün Türkiyədən Almaniyaya göndərilir. Sonra isə film kimi bir həyat. İndi isə o vaxt müalicə üçün Almaniyaya gələn həmin uşaq Almaniyanın Bochum Universitetində böyük bir beyin İnstitutunun rəhbəridir. Elm adamları içərisində isə Almaniyada bu günə qədər elm üçün ən çox maliyyə dəstəyi qazanan alimlərdəndir. Quşlarda şüura əsaslanan qavramanın olmasını sübut edən alimdir. Almaniyadan yaxın gələcəkdə "Nobel" mükafatına namizəd ola biləcək elm adamıdır. 
Mühazirədən sonra onu daha əvvəllər tanımadığıma görə çox pis olmuşdum. Amma sonradan da olsa tanış olduq. Məni Bochum şəhərinə rəhbəri olduğu beyin institutuna qonaq dəvət etdi. Təbii ki, belə bir insanın məni qonaq dəvət etməsi mənim üçün böyük bir şərəf idi və mən dəvəti qəbul edib bir gün onun qonağı oldum. Görüşdə mənə sevə-sevə hər bir elmi işindən bəhs etdi, tövsiyyələrini verdi və hətta birlikdə bəzi elmi araşdırmaları başlaya biləcəyimizi də bildirdi. 
Görüşdə məni təsirləndirən məqam isə onun mənə bildirdiyi bir fakt oldu. Belə ki, o quşlarla bağlı bu böyük elmi kəşfinin araşdırmasına ilk olaraq doğulduğu vətənində uşaqlıq vaxtı görüb sevdiyi quşlarla başlayıb. Onun məmləkətinin quşları indi kifayət qədər məhşurdur. O hətta kəndlərində quş dilində bir-birinə uzaqdan uzağa ismarıclar göndərən insanların beynində də tədqiqatlar aparıb. Bir sözlə, vətəninə bağlı biridir, vətəni də onun qədrini bilir... 
Sizlərə demək istədiyim isə budur:
Harada və hansı mövqedə olmağınızdan asılı olmayaraq Vətəninizi sevin, dostlar! İndi Prof. Onur Güntürkünün doğulduğu kəndin quşları dünyada elm adamları arasında çox məşhurdur, amma başa düşən bilir ki, o quşların bu gün mənəvi dəyəri də elə elmi dəyəri qədər böyükdür! 
Son söz: 
Əzminiz və məqsədiniz sizin kimliyinizdən xəbər verir. Onur Güntürkün 4 yaşından əlil arabasında olmasına baxmayaraq bugün dünyanın ən nüfuzlu elm mərkəzlərindən birinə başçılıq edir. Sizlər də kim və harada olmağınızdan asılı olmayaraq əzmli və məqsədli olsanız böyük uğurlar həmişə sizin yanınızda olacaq. 
Həmişə düşündüyüm bir şey var:
Azərbaycandakı valideynlər Onur Güntürkünlər yetişdirməli, gənclər isə yeni Onur Güntürkünlər olmalıdır. Təkcə elmi ilə deyil, Vətəninə bağlılığı ilə də...

Mənbə ​​​