Təhsil gündəmi / 24 yanvar 2021

Görkəmli elm xadimi akademik Yusif Məmmədov

Qədim Azərbaycan diyarı olan Zəngəzur mahalı əsrarəngiz təbiəti, alicənab, mərd, vüqarlı insanları ilə yanaşı, dünya mədəniyyətinə dəyərli töhfələr vermiş onlarca siyasət, elm və incəsənət adamları ilə məşhurdur. Belə görkəmli ziyalılardan biri də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor Yusif Əbülfət oğlu Məmmədovdur.
O, çağdaş dünyamızın fitri tədqiqatçı istedadına, dərin riyazi təfəkkürə və qabiliyyətə malik görkəmli elm adamlarından biridir. İlahi tərəfindən bəxş edilmiş ömür payının yetmiş illik zaman kəsiyində qeyri-adi əməksevərliyi, istedadı, ürək genişliyi, insanpərvərliyi onu elmin və insanlığın zirvəsinə yüksəltmişdir. Onun 70 illik ömür kitabının hər səhifəsi zəhmətlə, əziyyətlə, ləyaqət və şərəflə yazılmışdır. Akademik Yusif Məmmədovun ömür kitabını vərəqlədikcə, gözlərimiz qarşısına öncə Azərbaycanın hüquqi sərhədlərindən kənarda qalan qədim oğuz yurdu Zəngəzur mahalının Sisyan rayonunun Dəstəgird qəsəbəsi gəlir. Uca zirvəsində daim qar olan, hər cür çiçək açan, laləzar olan, indi yadlara, yağılara qalan yurd yerlərimiz yada düşür. O yerlər ki, 1950-ci ilin yanvar ayının 24-də Yusif müəllim orada dünyaya göz açıb, Əbülfət kişinin ailəsinə sevinc bəxş edib. O yerlər ki, indi də Yusif müəllimin yuxularını ərşə çəkir... Onun böyüyüb, boya-başa çatdığı qəsəbə dağlar qoynunda yerləşir. Deyirlər, təbiət öz duruluğundan, saflığından, paklıq və gözəlliyindən insanın mənəviyyatına və ruhuna müəyyən pay verir. Təbiətin bu səxavətinin nəticəsidir ki, Yusif müəllim Azərbaycan elmi elitasının görkəmli nümayəndəsi olmaqla yanaşı, həm də qəlbi və ruhu dağ çeşmələri kimi saf, kökünə, elinə, obasına qırılmaz tellərlə bağlı olan vətənpərvər, nəcib şəxsiyyət kimi tanınır.
1956-1966-cı illərdə Dəstəgird qəsəbə orta ümumtəhsil məktəbində oxuyan Yusif Məmmədov ermənilərin bütün təzyiq və sıxıntılarına baxmayaraq, təhsil uğurları ilə seçilib və məktəbi qızıl medalla bitirib. Arzularının qanadında Bakıya gələrək riyaziyyat müəllimi, riyaziyyatçı olmaq arzusu ilə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. Sadə tələbə həyatı yaşayıb: yuxusuz gecələr, narahat gündüzlər keçirib, acılı-şirinli, imtahan “qorxulu”, hər an səadətli, bir daha təkrarolunmaz günlər ömrünün bəzəyi olub. 1971-ci ildə mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərindən riyazi istedadı ilə seçilən Yusif Məmmədovun akademik Məcid Rəsulovun elmi seminarlarında iştirakı onun həyat yolunu qəti olaraq dəyişib. Belə ki, o, akademuk Məcid Rəsulovun təklifi ilə onun rəhbərlik etdiyi kafedrada assistent saxlanılıb. Həmin il də aspiranturaya qəbul olunaraq akademik Məcid Rəsulovun rəhbərliyi ilə elmi tədqiqatlara başlayıb. 1974-cü ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edib. 1971-1992-ci illərdə həmin kafedrada assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. 1991-ci ildə ona professor elmi adı verilib. 1992-1993-cü illərdə İstanbul Texniki Universitetində professor vəzifəsində çalışıb. 1993-cü ildə BDU-nun riyazi fizika kafedrasının müdiri vəzifəsinə seçilib. 2000-2004-cü illərdə BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, 2004-2006-cı illərdə BDU-nun I prorektoru - elmi işlər üzrə prorektoru, 2006-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifələrində çalışmışdır.
Akademik Yusif Məmmədovun fəaliyyət dairəsi zəngin və çoxşaxəlidir. Onun elmi tədqiqatlarının aparıcı istiqamətini diferensial tənliklər və riyazi fizikanın mühüm problemlərinin araşdırılması təşkil edir. O, akademik M.Rəsulovun layiqli davamçısı olmaqla yanaşı, adi və xüsusi törəməli diferensal tənliklər nəzəriyyəsinin digər sahələrində də bir sıra mühüm nəticələr əldə etmişdir. Onun elmi tədqiqatlarının əhatə dairəsi çoxşaxəli olmaqla, riyaziyyatın maraqlı, mürəkkəb və az tədqiq olunan sahələrini əhatə edir. O, hələ V kursda oxuyarkən akademik Məcid Rəsulovun təkidi ilə Novosibirsk Dövlət Universitetində keçirilən Ümumittifaq tələbə elmi konfransında iştirak edib. Professor Zelenyakın rəhbərlik etdiyi bölmədə etdiyi məruzə xüsusi diplomla mükafatlandırılıb. Məruzənin materiaları Ümumittifaq “Diferensial tənliklər” məcmuəsində dərc edilib.
Yusif Məmmədov XX əsrin 70-ci illərinin əvvəllərində tipə məxsus olmayan dəyişən əmsallı tənliklər üçün birölçülü Koşi və qarışıq məsələlərin korrekt qoyuluşu problemini tədqiq etmişdir. Tədqiqat əsasında alınmış nəticələri “Diferensial tənliklər”, “Azərbaycan EA-nın Xəbərləri”, “ADU-nun elmi əsərləri” məcmuə və jurnallarında nəşr etdirib. Onun 1974-cü ildə ADU-nun mexanika-riyaziyyat fakültəsinin nəzdindəki Dissertasiya Şurasında “Korrekt birölçülü məsələlər və onların həllinin analitik göstərilişi” mövzusunda namizədlik dissertasiyanın ən mühüm yeniliyi ondan ibarət idi ki, o zaman belə məsələlər yalnız sabit əmsallı tənliklər üçün görkəmli rus riyaziyyatçıları Q.E.Şilov, Q.V.Dikopolov tərəfindən öyrənilmişdi. Sonralar Y.Məmmədov 70-ci illərin axırlarında “Birkhof və Tamarkin mənada requlyar olmayan spektral məsələlər və uyğun qarışıq məsələlərin” tədqiqi ilə məşğul olur. Bu sahədə alınan ilk nəticələrdən biri də görkəmli rus riyaziyyatçıları A.A.Şkalikov və A.P.Xromovla yanaşı, həm də Yusif Məmmədova məxsusdur. Onun əsərlərində diferensial operatorların rasional dəstəsi üçün requlyarlıq, sanki requlyarlıq və normallıq problemləri tədqiq olunmuş, ilk dəfə olaraq belə operatorların məxsusivə qoşma elementləri üzrə ayrılış düsturu verilmişdir. O, ilk dəfə cırlaşan adi diferensial operatorlar üçün sonsuz tərtibli məxsusi ədədlərin varlığını göstərmiş, məxsusi ədədlər çoxluğunun sonlu limit nöqtələri ətrafında requlyarlıq, sanki requlyarlıq və normallıq anlayışlarının elmi əsaslarını vermişdir.
Uyğun qarışıq məsələləri tədqiq edən Yusif Məmmədov bu məsələlər üçün İ.G.Petrovskinin Koşi məsələlərinin korrektliyi üçün verdiyi məşhur “A” şərtinin analoqunu tapmışdır. Bununla o, eyni zamanda Sobolyev-Qalperin tipli tənliklər üçün qarışıq məsələlərin həllinə baza yaratmış, ilk dəfə olaraq çıxıqlar üsulunun müstəvinin sonlu hissəsində sıxlaşan məxsusi ədədlər çoxluğuna malik birölçülü qarışıq məsələlərin həllinə tətbiqinin mümkünlüyünü isbat etmişdir. O, sübut etmişdir ki, İ.G.Petrovski mənada korrekt sistemlər üçün requlyar sərhəd şərtli qeyri-korrekt qarışıq məsələlər və eləcə də qeyri-korrekt sistemlər üçün korrekt qarışıq məsələlər də mövcuddur.
Yusif Məmmədovun bu sahədəki yenilikləri 1990-cı ildə Tbilisi Riyaziyyat İnstitutunun İxtisaslaşdırılımış Dissertasiya Şurasında müdafiə etdiyi “Ümumi şəkilli adi differensial tənliklər sistemi üçün spektral məsələlərin tədqiqi və uyğun qarışıq məsələlərin həlli üçün çıxıqlar üsulunun əsaslandırılması”adlı doktorluq dissertasiyasında ümumiləşdirilib. Əldə olunmuş nəticələr “Diferensial tənliklər”, “SSRİ EA-nın məruzələri”, “Azərbaycan EA-nın Xəbərləri” jurnallarında nəşr edilərək elmi ictimaiyyətə çatdırılmışdır.
Yusif Məmmədov 90-cı illərdə bir sıra yeni, praktik və nəzəri əhəmiyyətli nəticələr əldə etmişdir. Tətbiqi əhəmiyyətli işləri içərisindən mühümləri kimi onun özülü elastik mühitdə dalğanın yayılması probleminin model tənliyi üçün qarışıq məsələlərin həlli sxemini əsaslandırmasını, eksponensial strafikasiyalı (laylanmış) mayelərin dinamikası tənlikləri üçün ümumi şəkilli birölçülü qarışıq məsələləri tam tədqiq etməsini, cırlaşan sərhəd rejimində elektrik dövrəsində sönmə dekrementinin loqarifmik artım sürətini ortaya çıxarmasını, Şredinger tipinə daxil olan cırlaşan parabolik tənliklər üçün ilk dəfə olaraq qarışıq məsələnin həllinin varlığı və yeganəliyini isbat etməsini, həll üçün analitik ifadə tapmasını göstərmək olar. Onun ikitərtibli adi diferensial tənliklər üçün spektral məsələnin requlyarlığının və istənilən dərəcədən sanki requlyarlığının potensial funksiyasının periodiklik xassəsi ilə ifadə olunan meyarını tapması çox mühüm nəzəri nəticə kimi qiymətləndirilir. Əldə olunmuş bu nəticələr “Azərbaycan EA-nın məruzələri”, “Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun əsərləri”, “Turkish journal of Mathematics”, “Commun. Theor. Phys” (Beijing, China) və s. jurnallarda nəşr olunmuşdur.
Akademik Yusif Məmmədov klassik bir problemi-ciddi kompleks sıxlıq funksiyalı Şturm-Liuvill tənliyi üçün məxsusi ədədlər haqqında məsələni orijinal ideyalarla tədqiq edərək, analitik sıxlıq funksiyası halında məxsusi ədədlərin asimptotikasını tapmışdır. O, bu məsələ haqqında Azərbaycan Riyaziyyat Cəmiyyətinin iclasında məruzə etmiş, tədqiqatın əsas ideyalarını “BDU-nun xəbərləri” məcmuəsində (1998), tezislərini isə Afinada keçirilmiş “Riyazi analiz və onun tətbiqləri” (2000) və M.V.Lomonosov adına MDU-da akademik İ.G.Petrovskinin xatirəsinə həsr olunmuş Beynəlxalq konfransların materiallarında (2001) nəşr etdirmişdir. Tədqiqatın əhəmiyyəti və dəyərini göstərmək üçün qeyd edək ki, bu sahədə nüfuzlu alim hesab olunan M.V.Fedoryuk “Asimitotiçeskie metodı dlə differenüialğnıx uravneniy” (M., “Nauka”, 1983) monoqrafiyasının 127-ci səhifəsində yazmışdır: “Bu istiqamətdə bir nəticə belə məlum deyil və ehtimal ki, belə assimptotik düsturlar ola bilməz”.
Professor Yusif Məmmədov Moskva, Novosibirsk, Tbilisi, Afina, İstanbul, Zəncan şəhərlərində keçirilmiş müxtəlif miqyaslı konfranslarda Azərbaycan riyaziyyat elmini layiqincə təmsil etmişdir. Onun məruzələri V.İ.Steklov adına Rusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun, Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin, Novosibirsk Dövlət Universitetinin, Ukrayna EA-nın Tətbiqi Riyaziyyat İnstitutunun, Tbilisi Riyaziyyat İnstitutunun elmi seminarlarında görkəmli riyaziyyatçı alimlərin (V.P.Mixaylov, A.A.Dezin, A.Q.Kostyuçenko, A.A.Şkalikov, A.Q.Şveşnikov, S.A.Qabov, L.V.Skrıpnik, M.V.Fedoryuk, V.N.Vraqov, İ.T.Kıquradze və b.) böyük marağına səbəb olmuşdur.
Professor Yusif Məmmədovun fəaliyyət istiqamətlərindən birini də milli riyaziyyatçı kadrların hazırlanması təşkil edir. Onun rəhbərliyi ilə 20 fəlsəfə doktoru və 3 elmlər doktoru dissertasiyası müdafiə olunmuşdur. O, çoxsaylı fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının rəsmi opponenti olmuşdur. BDU və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcələri verən Müdafiə Şurasının üzvü kimi səmərəli fəaliyyət göstərmiş, ayrı-ayrı vaxtlarda ADPU-nun nəzdindəki Dissertasiya Şurasının və Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın riyaziyyat və mexanika elmləri üzrə Ekspert Şurasının sədri olmuşdur. O, Təhsil Nazirliyi Kollegiyasının, YUNESKO-nun “Elmi biliklərin və texnologiyaların etikası” Azərbaycan Komitəsinin üzvü, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən fasiləsiz pedaqoji təhsil üzrə Koordinasiya Şurasının sədri olmuşdur. “ADPU-nun Xəbərləri” elmi məcmuəsinin baş redaktoru, “AMEAnın Xəbərləri”, “BDU-nun Xəbərləri”, “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri”, “Sumqayıt Dövlət Universitetinin Xəbərləri”, “Kurikulum” jurnallarının redaksiya heyətinin üzvü kimi səmərəli fəaliyyət göstərmişdir. Onun Azərbaycanın və xarici ölkələrin nüfuzlu nəşrlərində 130-dən artıq elmi əsəri nəşr olunmuşdur.
Akademik Yusif Məmmədov istedadlı riyaziyyatçı alim olmaqla yanaşı, həm də görkəmli elm və təhsil təşkilatçisi kimi tanınır. Onun Azərbaycan Dövlət Pedaqoji Universitetində rektor kimi fəaliyyət göstərdiyi illər respublikada təhsilin bütün səviyyə və pillələrində, o cümlədən ali pedaqoji təhsil sahəsində intensiv islahatların həyata keçirildiyi illərə təsadüf edir. O, Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən fasiləsiz pedaqoji təhsil üzrə Koordinasiya Şurasının sədri kimi həyata keçirilən islahatların strategiya və taktikasının hazırlanmasında yaxından iştirak etmişdir. Onun rektor olduğu illərdə yeni dövrün çağırışlarına uyğun olaraq ADPU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi və infrastrukturunun yeniləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllim kadrları hazırlığının təkmilləşdirilməsi istiqamətində xeyli iş görülüb. İctimai-siyasi, elmi-pedaqoji və kütləvi tədbirlərin keçirildiyi ADPU-nun böyük zalı yenidən qurulub, Şamaxıda universitetin müəllim-tələbə kollektivi üçün tədris-təcrübə mərkəzinin tikintisininilkin mərhələsi başa çatdırılıb. Tələbə nailiyyətlərinin obyektiv və şəffaf qiymətləndirilməsi məqsədilə test üsulu tətbiq edilib, “İlin müəllimi”, “İlin alimi” müsabiqələri keçirilib, qaliblər mükafatlandırılıb. Universitetin beynəlxalq əlaqələri genişlənib, müxtəlif ölkələrlə tələbə, müəllim mübadiləsi, birgə konfransların və simpoziumların keçirilməsinə diqqət artırılıb, Türkiyənin və Avropanın bir neçə universiteti ilə elmi-pedaqoji əlaqə yaradılıb. Yeni elmi-tədqiqat və tədris laboratoriyaları, kompüter mərkəzi qurulub, Pedaqoji Universitet Avropa Pedaqoji Universitetlərinin Assosiyasına (ETEN) üzv qəbul olunub. Elmi-pedaqoji kadr hazırlığı sahəsində uğurlu addımlar atılıb. Yusif Məmmədovun sədrliyi ilə 2009-2016-cı illərdə ADPU-da fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi, təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisasları üzrə Dissertasiya Şurasında 148 nəfər fəlsəfə doktoru, 18 nəfər elmlər doktoru dissertasiyası müdafiə etmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 85 və 90 illik yubiley tədbirlərini təntənəli şəkildə dövlət səviyyəsində keçirilməsində professor Yusif Məmmədovun xüsusi xidmətləri olmuşdur. Qeyd edək ki, ali pedaqoji təhsil ocağının yubileyi son dəfə 1981-ci ildə keçirilmişdi. 25 il müddətində universitetin yubileyinin keçirilməsinə təşəbbüs göstərilsə də buna nail olunmamışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə keçirilmiş 85 və 90 illik yubiley tədbirlərində Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə ADPU-nun əməkdaşlarından 2-si “Şöhrət ordeni”, 26-sı “Tərəqqi medalı”, 5-i “Əməkdar elm xadimi”, 39-u “Əməkdar müəllim”, 2-si “Əməkdar jurnalist”, 1-i “Əməkdar mühəndis”, 1-i “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına, 1 nəfəri isə fərdi təqaüdə layiq görülmüşdür.
Akademik Yusif Məmmədovun elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 2000-ci ildə ona Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar elm xadimi fəxri adı verilib. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü (akademiki) seçilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2010-cu ildə “Şöhrət” ordeninə, 2019-cu ildə isə 2-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. 2016-2017-ci illərdə Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri vəzifəsində çalışan akademik Yusif Məmmədov hazırda BDU-nun riyazi fizika tənlikləri kafedrasına rəhbərlik edir.
Ömrünün 50 ilini Azərbaycanda riyaziyyat elminin inkişafına və yeni riyaziyyatçılar nəslinin yetişməsinə həsr edən, bu sahədə elmi məktəb yaradan akademik Yusif Məmmədov indi də gənclik həvəsi ilə çalışır, elmi və pedaqoji fəaliyyətini uğurla davam etdirir.
Görkəmli riyaziyyatçı alim, bacarıqlı elm və təhsil təşkilatçısı, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor Yusif Əbülfət oğlu Məmmədovu yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və nəvə-nəticə sevinci arzulayırıq.
Misir MƏrdanov,
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Əməkdar elm xadimi,
AMEA-nın müxbir üzvü, professor,
Fərrux RüstƏmov,
ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı,
Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor.
Mənbə ​​​