Təhsil gündəmi / Ekspert sözü / 15 yanvar 2021

Jurnalist həmkarımızın “Dünyanın təhsil mənzərəsi” adlı kitabı çap olunub

Jurnalist Böyükağa Mikayıllının dünyanın ayrı-ayrı ölkələrinin təhsil sistemləri, universitetləri, orta məktəbləri, müəllif məktəbləri, yaradıcılıq akademiyaları, qlobal təhsil layihələri, uğur qazanmış təhsil islahatları, ictimai təşkilatların elmin inkişafına verdiyi töhfələr, elmi laboratoriyalar, Nobel tədqiqatçıları, elmdə uğur qazanmağın sirri haqqında tədqiqatları özündə birləşdirən “Dünyanın təhsil mənzərəsi” adlı kitabı (Birinci cild) çap olunub.  Kitabda müəllifin geniş tədqiqatları, bəhs etdiyi mövzulara araşdırmaçı kimi fərqli yanaşması, maraqlı təhlilləri, əldə etdiyi elmi nəticələr  yer alıb.  Müəllif tədqiqatlarda ən yaxşı təhsil sistemi, ən yaxşı orta məktəb, ən yaxşı universitet hansıdır və o necə olmalıdır sualına cavab axtarır. Bu suallara cavab tapmaq üçün də dünyanın onlarla universitetində, müxtəlif ölkələrdə tədqiqat aparır. Bu tədqiqatlar universitetlər və təhsil sistemləri haqqında oxucuda geniş təsəvvür yaradır. Müəllifin öyrəndiyi ali məktəblər sırasında Almaniyanın, Sinqapurun, Polşanın, Çexiyanın, Ukraynanın, Quzey Kıbrısın, Böyük Britaniyanın nüfuzlu universitetləri var. Xan Akademiyası, Sinqapur təhsil modeli, Suqata Mitranın “Bulud məktəbi”, Valeriy Kiriçukun “Universal-onlayn” layihəsi, Almaniyanın məşhur “Mozaika” məktəbi, Lvivin Kiçik Elmlər Akademiyası, Vira Remajevskayanın Uşaq Elmi Reabilitasiya Mərkəzi  oxucuda dünyanın təhsil mənzərəsi, təhsilin müasir inkişaf tendensiyaları haqqında ətraflı təəssürat yaradır. Tədqiqatın əhəmiyyətli cəhəti həm də odur ki, müəllif bu universitetlərin, məktəblərin, laboratoriyaların böyük əksəriyyətində tədqiqat apararaq oxucuya ilkin mənbədən məlumat çatdırır. 

Hesab edirik ki, XXI əsrin real təhsil mənzərəsini yaradan bu tədqiqatlar və onların nəticələri Azərbaycanın təhsil sistemi üçün də maraqlı və əhəmiyyətlidir, çünki bu araşdırmalar mütəxəssislərin qarşısında dünyanın təhsil mühitinə pəncərə açır, təhsil tədqiqatçılarına, müəllim və tələbələrə istiqamət verir, dünya təhsilinin harmoniyasını duymağa imkan yaradır. Ən əhəmiyyətlisi isə budur ki, belə bir fundamental tədqiqat işi Azərbaycanlı təhsil jurnalisti tərəfindən ərsəyə gətirilərək, elmi-pedaqoji ictimaiyyətə təqdim edilir.   

Kitabın öz sözünün müəllifi pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov, redaktoru Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü Samir Mehdizadə, rəyçi pedaqoji elmlər doktoru, professor İntiqam Cəbrayılovdur.  


Mənbə