Təhsil gündəmi / 09 yanvar 2021

60 ilin işığında - Misir Mərdanovun məqaləsi

PROFESSOR FƏRRUX RÜSTƏMOVUN 60 İLLİK YUBİLEYİNƏ



Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

Tanınmış insanlar, görkəmli alimlər, qayğıkeş müəllim-ziyalılar haqqında fikir söyləmək, onları oxuculara və elmi ictimaiyyətə təqdim etmək olduqca çətin, son dərəcə məsuliyyətli bir işdir. Çünki bu çətinlik və məsuliyyət həmin alimin elm sahəsində sanbalı, elmə verdiyi töhfələri, insanlara, Vətənə, millətə, dövlətə, dövlətçiliyə münasibəti ilə, onun cəmiyyətdəki nüfuzu ilə sıx bağlıdır.
Azərbaycan xalqının belə dəyərli ziyalılarından biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Abbas oğlu Rüstəmovdur.
O, elmdə və təhsildə olduğu kimi, həyatda da 60 illik şərəfli bir ömür yolunu ləyaqətlə addımlamış alim-müəllim, ziyalı kimi həmkarlarının, tələbələrinin, yetirmələrinin qəlbində özünə məskən salmış  qayğıkeş müəllimlərimizdən biridir. Böyük məmnuniyyətlə Fərrux müəllim haqqında qələmə aldığım  bu sətirlər ürəyimdə çoxdan yer almış ülvi insani hisslərimin təzahürüdür, tanınmış təhsil işçisinə, milli təhsil və pedaqoji fikir tariximizin görkəmli tədqiqatçısına, sözün geniş mənasında, Azərbaycanın qayğıkeş müəllim-ziyalısına olan hörmət və ehtiramımın ifadəsidir.
Fərrux müəllimin anadan olduğu, böyüyüb başa çatdığı və hazırda mənfur düşmənlərimizin əsirliyində olan ulu Göyçənin əlçatmaz, ünyetməz dağları, durnagözlü bulaqları kimi əyilməz, dağ vüqarlı, saf ürəkli, həlim təbiətli, aydan arı, sudan duru xarakterli bir insan, qayğıkeş müəllim, az danışıb çox iş görən dərin təfəkkürlü alimdir...
Mən Fərrux müəllimi 2007-ci ildən belə tanımışam. Həmin illərdə Azərbaycan təhsilində uğurlu islahatlar aparılır, ciddi məzmun və  struktur dəyişikliyi həyata keçirilirdi. Fərrux müəllim Təhsil Nazirliyinin "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası" (2007), "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası" (Milli Kurikulum) (2006), "Azərbaycan Respublikasında ali təhsilin bakalavr pilləsində ibtidai sinif müəllimi hazırlığı üzrə Çərçivə Kurikulumu" (2008) layihələrini həyata keçirən işçi qrupun fəal üzvlərindən biri idi. Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının, Dərslikləri Qiymətləndirmə Şurasının üzvü, 100 "Ən yaxşı müəllim", 50 "Ən yaxşı məktəb" müsabiqəsini keçirən Respublika Təşkilat Komitəsinin üzvü və ümumtəhsil məktəblərinin "Həyat bilgisi" fənn kurikulumunu hazırlayan işçi komissiyasının sədri  kimi səmərəli fəaliyyət göstərirdi.  Həyata keçirilən təhsil layihələri ilə bağlı onunla həm işçi qrupunun üzvləri ilə birlikdə, həm də ayrılıqda tez-tez görüşürdüm. Görüşlərimiz və müzakirələrimiz olduqca maraqlı və səmərəli olurdu. Azərbaycan təhsili ilə bağlı hər bir fakt və hadisəni tarixilik və müasirlik müstəvisində dəyərləndirməyi bacaran Fərrux müəllim elmi cəhətdən əsaslandırdığı, hamının diqqətini cəlb edən, dərin məzmunlu, aydın ideyalı təklifləri ilə hamının rəğbətini qazanmışdı. Fərrux müəllim onda çox cavan olsa da, müdriklik keyfiyyəti ilə diqqətimi cəlb etmişdi. Və onu da deməliyəm ki, bu üstün keyfiyyət yaşın hüdudu ilə deyil, onun daxili təbiətindən irəli gəlir. Mən bu keyfiyyəti onun Azərbaycan müəllimlərinin XIII qurultayındakı çıxışında da, birgə iştirak etdiyimiz çoxsaylı elmi-praktik konfranslarda da dəfələrlə müşahidə etmişəm.
Son dərəcə səmimi, genişürəkli, həmişə axtarışda olan insan kimi tanıdığım Fərrux müəllim istər elmdə, istər pedaqoji və elmi-pedaqoji kadr hazırlığında, istərsə də həyatda çoxları üçün əlçatmaz zirvələri fəth etmiş xoşbəxt taleli ziyalılarımızdan, peşəkar maarifçi pedaqoqlarımızdandır. Məhz bu peşəkarlığına görə o, Azərbaycan Respublikası Milli Məclisinin "Elm və Təhsil Məsələləri Daimi Komissiyası"nın "Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu"nu hazırlayan işçi qrupununa daxil edilmişdir.
Sanki müəllimlik onun boyuna biçilib. Saflıq, təmizlik, təvazökarlıq, xeyirxahlıq Fərrux müəllimi həmkarlarına, tələbələrinə, bütövlükdə insanlara sevdirən keyfiyyətlər sırasında aparıcı yer tutur. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsində alan, həmin fakültəni zamanın ən yüksək adlı tələbə təqaüdü ilə (Lenin) bitirən Fərrux müəllimdə Azərbaycanın klassik müəllimlərinə, maarifçi pedaqoqlara xas olan səmimiyyət və doğmalıq, ədəb-ərkan, səliqə-sahman, yüksək davranış və ünsiyyət mədəniyyəti cəmləşib. Hesab edirəm ki, Fərrux müəllimi həmkarlarına sevdirən məhz bu yüksək insani keyfiyyətlərdir...
Fərrux Rüstəmov 1982-ci ildə ali məktəbi bitirdikdən sonra az bir müddət təyinatla Quba rayonunda çalışsa da, 1985-ci ildən elmi-pedaqoji fəaliyyəti məzunu olduğu qocaman təhsil ocağı ilə bağlı olmuşdur. ADPU-nun əyani aspiranturasında təhsil almış, vaxtından əvvəl dissertasiya işini tamamlayıb Müdafiə Şurasına təqdim etmişdir.
Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ölkədə baş verən çətinliklərə - ailəsinin qədim Azərbaycan torpağı olan indiki Ermənistandan deportasiya olmasına, maddi və mənəvi sıxıntılar keçirməsinə baxmayaraq, elmi fəaliyyətini davam etdirmiş, akademik Hüseyn Əhmədovun elmi rəhbərliyi ilə "Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, SSRİ EA-nın Sovet Sosioloqları Assosiasiyasının üzvü seçilmişdir.
ADPU-nun "Şagirdlərin peşəyönümü" elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayan F.Rüstəmov az sonra Ümumi pedaqogika kafedrasına dəyişdirilib, burada müəllim (1992-1995), dosent (1996-2004), professor (2004-2006) kimi geniş elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 2003-cü ildə "Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edən Fərrux müəllim ayrı-ayrı vaxtlarda "Şagirdlərin peşəyönümü" elmi-tədqiqat laboratoriyasına (1996-2000), "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasının "pedaqogika, psixologiya, fəlsəfə" bölməsinə (2000-2004), Bakı Qızlar Universitetinin Pedaqogika kafedrasına (1998-2006), ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasına (2007-2011) və "Pedaqoji təhsilin problemləri" elmi-tədqiqat laboratoriyasına (2008-2011) rəhbərlik edib.
Mənim də dəstək verdiyim həmin elmi-tədqiqat laboratoriyasının ADPU-da təşkil edilməsinin təşəbbüskarı məhz Fərrux müəllim olmuşdur. Yaxşı xatırlayıram ki, magistratura pilləsində "Monitorinq və qiymətləndirmə" ixtisası üzrə kadr hazırlığına ADPU-da başlanmasının təşəbbüskarı da Fərrux müəllim olmuşdur. Həmin ixtisasın Təhsil Proqramının və fənn proqramlarının hazırlanmasında onun xüsusi xidmətləri olmuşdur. O, həm də Təhsil Nazirlyinin sifarişi ilə hazırlanan "Müəllim peşəsinin professioqramı" layihəsinin müəlliflər kollektivinə rəhbərlik etmişdir.
Professor Fərrux Rüstəmov 2006-cı ildən ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının professoru, 2007-ci ildən ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, fakültə elmi şurasının sədri, Universitet Elmi Şurasının üzvüdür.
Professor Fərrux Rüstəmov pedaqoji elmlər sahəsində sayılıb seçilən yaradıcı alimlərimizdəndir. O, çox zəngin elmi yaradıcılığa malikdir. İndiyə kimi onun 35 monoqrafiya, kitab və kitabçası, 31 tədris proqramı, 250-dən çox elmi məqaləsi, 40 tezisi, 180-dən artıq elmi-pedaqoji və publisistik qəzet məqaləsi işıq üzü görüb. 15 kitabın tərtibçisidir. 100-ə yaxın kitabın elmi redaktoru və rəyçisi olub. Onun "Pedaqogika" (prof. Ə.Paşayevlə birgə) (2002), "Şərqdə pedaqogika tarixi" (2002), "Qərb pedaqogika tarixi" (2003), "Yeni dövrün pedaqogika tarixi" (2004), "Ən yeni dövrün pedaqogika tarixi" (2005), "Pedaqogika tarixi" (2006, 2011), "Ali məktəb pedaqogikası" (2007), "Azərbaycan pedaqogikaşünaslığı" (2016), "Karl Rocers və şəxsiyyətyönümlü təhsil konsepsiyası" (2016) əsərləri tələbələrin stolüstü kitabıdır. Əsərləri Bakı, Moskva, Səmərqənd, Ceboksarı, Tehran, Təbriz, İstanbul, Astana, Sankt-Peterburq və Tbilisi şəhərlərinin nüfuzlu jurnallarında və elmi məcmuələrində Azərbaycan, rus, türk, özbək dillərində çap edilib.
Onun elmi rəhbəri akademik Hüseyn Əhmədovla birgə yazdığı "Müasir dövrdə Azərbaycanda təhsilin inkişafının əsas istiqamətləri" (2000) adlı əsəri    Rusiya Təhsil Akademiyası tərəfindən Moskvada nəşr edilmişdir. 2010-cu ildə Tehranın "Xor-şidafərin" nəşriyyatı Fərrux müəllimin "Pedaqoji (təlim və tərbiyə) tarixi Şərqdə" kitabını (377 s.) nəşr etmişdir. "Yarımcıq ömrün sahibi" (2000) və "Professor Əmrulla Paşayev" (2015), "Pedaqoji fakültə-50" kitablarının tərtibçi-müəllifi olan prof. F.Rüstəmov elmi pedaqogikanın banisi Y.A.Komenskinin "Böyük didaktika", M.Ə.Rəsulzadənin "Seçilmiş pedaqoji əsəri"nə geniş "Ön söz" yazmaqla latın qrafikası ilə nəfis şəkildə nəşr etdirmişdir. "Azərbaycan Milli Ensiklopediyası"nın "Azərbaycan cildi"ndə pedaqogika elmi haqqında xüsusi oçerkin yazılmasının ona həvalə edilməsi Fərrux müəllimin yüksək nüfuzunun, intellektual səviyyəsinin təsdiqi kimi dəyərləndirilməlidir. Elə bu səbəbdəndir ki, akademik Hüseyn Əhmədov öz yetirməsinin yaradıcığını səciyyələndirərək yazırdı ki, belə bir əsərləri yazmaq igidlikdir, elmə xidmətdir, böyük zəhmətin nəticəsidir... Fərrux müəllim təkcə "Azərbaycan pedaqogikaşü-naslığı" (2016, 888 s.)  kitabı ilə özünə sağlığında ikən abidə ucaltmışdır. Fərrux müəllimin təhsil və pedaqoji fikir sahəsindəki tədqiqatlarını yüksək dəyərləndirən professor Yaqub Babayev yazır: "XX əsrin əvvəllərində F.Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi üçün təkbaşına gördüyü işi Fərrux müəllim pedaqogika tarixi üçün XXI yüzilliyin əvvəllərində eyni həvəs və əzabkeşliklə yerinə yetirmişdir". Ümumiyyətlə, mən belə hesab edirəm ki,  Fərrux müəllim çox gənc yaşlarında Azərbaycan təhsilinin tarixinə və tarixçisinə çevrilib. Fərrux müəllimin elmi-pedaqoji fəaliyyəti və tədqiqatlarını nüfuzun göstəricisi kimi də-yərləndirmək olar. O, bu  nüfuzu istedadı, zəhmətkeşliyi və bir də təvazökarlığı sayəsində qazanıb, pedaqoji elmdə səlahiyyətli söz sahibinə çevrilib.
Son illərdə intensiv olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetrinin tarixini araşdırmaqla məşğuldur. Araşdırmalarının nəticəsi kimi "Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları" (2019), "Ali Pedaqoji İnstitutun salnaməsi" (2020), "Azərbaycan Ali Pedaqoji İnstitutu" (2020), "Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişafının ikinci mərhələsi" (1920)  kitabları nəşr olunub. Universitetin tarixi ilə bağlı iki kitabı nəşrə hazırlanır.
Fərrux müəllim çoxcəhətli elmi-pedaqoji fəaliyyəti, zəngin elmi yaradıcılığı, respublika və  beynəlxalq səviyyəli konfranslardakı dərin məzmunlu çıxışları ilə elmi, pedaqoji və təhsil ictimaiyyətinin sevimlisinə, favoritinə çevrilmişdir. Məncə, Fərrux müəllimi tanıyan hər bir adam etiraf etməyə bilməz ki, o, öz davranışında, insanlarla ünsiyyətində, bütövlükdə, gündəlik həyat tərzində klassik Şərq adət-ənənələri və nəzakət qaydalarını çağdaş Qərb mədəniyyəti ilə çox üzvi şəkildə uzlaşdıran ziyalı-alim-müəllimdir. Əlbəttə, burada söhbət təkcə zahiri davranış tərzindən deyil, həm də yüksək ziyalılıq mədəniyyətindən gedir. Heç şübhə etmirəm ki, bu uzlaşma Fərrux müəllimin tədqiqatlarının əsas istiqamətlərindən olan Şərq və Qərb pedaqoji fikir tarixinə dərindən bələdliyindən irəli gəlir.
Professor Fərrux Rüstəmov bir çox beynəlxalq elmi-nəzəri konfranslarda ölkəmizi ləyaqətlə təmsil etmişdir. Təsadüfi deyil ki, bu üstün keyfiyyətləri nəzərə alınaraq o, 1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın, 2010-cu ildə Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir.
İdarəçilik sahəsindəki peşəkarlığı sayəsində Pedaqoji Universitetin Pedaqoji fakültəsinin dekanı seçilən professor F.Rüstəmovun gərgin əməyi, yüksək təşkilatçılığı ilə  2010-cu ildə həmin fakültənin 50 illiyi respublika səviyyəsində qeyd edildi. Deməliyəm ki, bu təşəbbüs ali məktəb işçiləri tərəfindən yüksək qiymət-ləndirildi. Təhsil naziri kimi iştirak etdiyim həmin tədbirin çox yüksək səviyyədə keçdiyini məmnuniyyətlə xatırlayıram. Tədbirdə Təhsil Nazirliyinin və  Bakı şəhər Təhsil İdarəsinin struktur rəhbərləri, universitet və institut rektorları, prorektorlar, Milli Məclisin deputatları, İran İslam Respublikasının səfiri, Türkiyə Cümhuriyyətinin Hacəttəpə Universitetinin Təhsil fakültəsinin 22 nəfərdən ibarət heyəti, tanınmış ziyalılar, şair və yazıçılar, fakültənin məşhur məzunları iştirak edirdi. Fakültənin 50 illiyi münasibəti ilə Fərrux müəllim Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olundu.
Professor Fərrux Rüstəmov elm və təhsil sahəsindəki xidmətlərinə görə  2006-cı ildə ölkə Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 2011-ci ildə isə ona "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. Böyük qürur hissi ilə  qeyd edim ki, təhsil naziri kimi hər üç mükafatı Fərrux müəllimə mən  təqdim etmişəm.
Fərrux müəllim həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvü, akademik Mehdi Mehdizadə, "Gənc alimlər" və "Qızıl qələm" mükafatları laureatıdır. "Avropa Nəşr Mətbu evi" komissiyasının qərarı ilə "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı (2009), "Vektor" Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "XXI əsr Azərbaycan ziyalıları", ADPU-da "İlin muəllimi" (2007), "İlin alimi" (2011, 2013, 2015)  müsabiqələrinin qalibi olmuşdur.
Son illərdə prof. F.Rüstəmovun yaradıcılığında yeni bir istiqamət - yaşlıların təhsili məsələləri formalaşmaqdadır. Bu problemlə bağlı o, Rusiya, Yunanıstan, Albaniya, İtaliya, Finlandiya, İsveç, Norveç, Danimarka, Estoniya, İspaniya və Portuqaliyada keçirilən Beynəlxalq konfranslarda iştirak etmişdir. Həmin konfranslarda oxunan məruzələrin materialları mütəmadi olaraq UNESCO-nun dəstəyi ilə "Obrazovanie na protəjenii vsey jizni: raznoobrazie idey konüepüiy form metodov texnoloqiy" adı ilə   Sankt-Peterburqda nəşr olunur. Həmin məcmuənin 3 nəfər  redaktorlarından biri də Fərrux müəllimdir.
Azərbaycanda pedaqoji və elmi-pedaqoji kadr hazırlığında da professor Fərrux Rüstəmovun səmərəli xidmətləri vardır. Onun elmi rəhbərliyi ilə 18 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almış, 5 nəfər isə müdafiə ərəfəsindədir. Elmi məsləhətçiliyi ilə 2 nəfər pedaqoji elmlər doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə etmişdir. 3 nəfər elmlər doktoru, 8 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya üzərində işləyir. O, 3 nəfərin elmlər doktoru, 18 nəfərin fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın rəsmi opponenti olmuşdur.
Azərbaycan pedaqoji mühitində özünə möhkəm mövqe qazanan, fikirləri ilə hesablaşılan alimlərdən biri olan Fərrux Rüstəmov pedaqoji sahədə yeni bir ənənənin əsasını qoyub. Elmi redaktorluğu ilə dissertant və doktorantlarının (E.Mollayeva, T.Vahabova, G.Balayeva, A.Məmmədova, S.Bayramova, S.Hacıyeva, G.Məmmədova, X.Qocayeva, V.Qurbanova, K.Həsənova) əsərlərinin monoqrafiya şəklində nəşrinə nail olub. Həmin əsərlərə geniş "Ön söz" yazaraq tədqiqatçıların ilk qələm təcrübələrinə yüksək qiymət verib.
Professor F.Rüstəmov 1997-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Təhsil İnstitutunda və ADPU-da fəaliyyət göstərən umumi pedaqogika, pedaqogika və təhsil tarixi ixtisası üzrə Dissertasiya Şurasının üzvü olmuşdur. 2009-2016-cı illərdə ADPU-da fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavini olmuşdur. Hazırda həmin Dissertasiya Şurasının üzvü və   şuranın nəzdində fəaliyyət göstərən elmi seminarın rəhbəridir.
Professor Fərrux Rüstəmov ictimai əsaslarla müxtəlif elmi-pedaqoji   qurumların işində yaxından iştirak edir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, milli maarifçilərin təhsil-tərbiyə ilə bağlı ideyalarını, dövləti və dövlətçiliyi təbliğ edən publisistik yazılarla mətbuat səhifələrində, radio və televiziya verilişlərində çıxışlar edir. O, həm də ADPU-nun "Xəbərlər"inin "Kurikulum", "Təhsildə İKT", "Azərbaycan məktəbi", "Məktəbəqədər və ibtidai təhsil", "Dədə Qorqud araşdırmaları", "Media və təhsil innovasiyaları", "Bakı Qızlar Seminariyasının Elmi Xəbərləri"nin, "Təhsil İnstitutunun Elmi Xəbərləri"nin və  "Naxçıvan" Universitetinin Elmi xəbərləri"nin redaksiya heyətinin üzvü kimi də səmərəli fəaliyyət göstərir.
Professor Fərrux Rüstəmov həm də gözəl ailə başçısıdır. Oğlu Orxan ali təhsilini İngiltərədə, qızı Sevinc  isə Azərbaycan Dillər Universitetində alıb. Sevinc hazırda İsveçin Hottenburq Universitetində magistratura təhsili alır.
Şərəfli alim-müəllim-ziyalı ömrünün 60 ili tamam olan pedaqoji elmlər dokroru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov qəlbi Vətən eşqi ilə döyünən xalq müəllimi, qələmi ilə elmin çətin zirvələrinə yüksəlmək üçün çalışan elm fədaisidir. Onda müəllimlik sənətinə bir vətəndaş yanğısı, Prometey dözümü var. Fərrux müəllimi yeni pedaqoji təfəkkürlü, müasir təlim texnologiyalarına yiyələnmiş müəllim hazırlığı daim düşündürür, bu ali məqsədə çatmaq uğrunda var gücü ilə çalışır. Ona bu müqəddəs yolda uğurlar diləyirəm!
Sözümün sonunda professor Fərrux Rüstəmovu anadan olmasının 60 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı yetirir, Azərbaycan təhsilinin aydın və parlaq gələcəyi naminə ona möhkəm cansağlığı və uğurlar diləyirəm.

Mənbə ​​​