Təhsil gündəmi / Pedaqogika / 02 sentyabr 2020

“MOZAİKA” TƏCRÜBƏSİ

Mühit dərs prosesi qədər önəmlidir
Böyükağa Mikayıllı,
jurnalist
Yaxın keçmişdə  Almaniyada səfərdə olarkən ölkədə kifayət qədər nüfuza, ölkənin regionlarında geniş məktəblər, məktəbəqədər müəssisələr, gimnaziyalar şəbəkəsinə malik “Mozaika” məktəbi ilə tanış olmaq qismət olmuşdu.  
Bizi Oranienburq şəhərindəki məktəblə direktor Frau Regina Kunce şəxsən tanış etmiş, “Hər şeydən öncə təhsil” devizi ilə işləyən “Mozaika” məktəbinin fəaliyyəti, missiyası, pedaqoji konsepsiyası, valideynlərin tədris prosesinə yanaşması haqqında ətraflı məlumat vermişdi. Həmin təcrübəni sizinlə paylaşmaq istəyirəm. 

Fərqli metodlar
Əsası 1999-cu ildə qoyulan “Mozaika” məktəbinin məqsədi, əslində Almaniyanın və dünyanın digər ölkələrinin təhsil müəssisələrinin məqsədlərindən fərqlənmir, deyə Frau Regina sözə başlayır. Axı, bütün məktəblər uşağı cəmiyyətə faydalı olan şəxsiyyət kimi formalaşdırmağı hədəfləyir. Yeganə fərqimiz odur ki, bizim pedaqoji konsepsiyamız məşhur italyan həkim və pedaqoqu Mariya Montessorinin və İsveçrə pedaqoqu Yurgen Rayxenin fəlsəfi-pedaqoji prinsipinə, metodikasına əsaslanır. Bəlli olduğu kimi, Montessorinin fəlsəfi-pedaqoji prinsipinin əsas mahiyyəti belədir: “Kömək et, bunu mən özüm edim”. Bu deməyə əsas verir ki, müəllim şagird üçün yaratdığı normal tədris şəraiti, mühiti ilə – xüsusi oyuncaqlarla, materallarla, alətlərlə, dərsliklərlə, nəhayət, humanist yanaşması ilə onun tədris olunan mövzuları daha mükəmməl öyrənməsinə yol açır. Bilirik ki, Montessori öz müəllif texnikasının əsasını 1907-ci ildə qoyub. O zamandan aktuallığını qoruyub saxlayan, daim təkmilləşən texnologiya müəllimlərin, tədqiqatçıların diqqətini cəlb edib. Professor Suqata Mitranın tədqiq etdiyim “Bulud məktəbi”ndə də Montessori texnologiyasının əsaslarına rast gəlmək mümkündür.  Mütəxəssislər hesab edirlər ki, Mariya Montessori metodu uşağın öz imkanları səviyyəsində öyrənib yeni biliklər əldə etməsinə stimul verir və onda təlimə maraq oyadır. Montessoridə olduğu kimi, “Bulud məktəbi”ndə də uşaqlar müstəqil qərar qəbul etmək imkanına malikdirlər.  

Mariya Montessori metodu 
“Şəhərimiz Brandenburq torpaqlarına aiddir və biz şəhər təhsil departamentinin müəyyənləşdirdiyi təhsil standartlarına, tədris planlarının tələblərinə birmənalı olaraq əməl edirik. Mariya Montessori metodu hədəflərə doğru gedən yolumuzda yanan işıqdır. Uşağın yaxşı təlim almasında inkişafetdirici mühit önəmli rol oynayır. Doğrudur, dərs prosesi bizim üçün əsas şərtdir. Amma mühit onun əsasını, mayasını təşkil edir. Əgər bu mühiti yarada bilsək, şagirdin təlimində uğur əldə edəcəyimiz şübhəsizdir. Şəxsiyyət yetişdirmək istəyiriksə, bunu mütləq nəzərə almalıyıq”, deyə Frau Regina söhbətinə davam edir. Daha sonra vurğulayır: “Uşağa özünü tanıtmaq, özünü sərbəst şəkildə idarə etmək, öz işini müstəqil olaraq qurmaq, üzərinə sosial məsuliyyət götürmək, onda qərar qəbul etmək qabiliyyətini inkişaf etdirmək, ətrafındakılara hörmət hissi aşılamaq Mariya Montessori metodunun mahiyyətini təşkil edən amillərdəndir. Biz də bu yolla gedirik. Uşaqlara səbir, təmkin aşılamaq da həmin metod üçün xarakterikdir. Biz də hesab edirik ki, təlimdə səbir mühüm amildir. Bu hiss imkan verir ki, şagird tədqiqatçılığa istiqamətlənsin, düşünsün və məntiqi nəticə çıxarsın. Biz şagirdə yanaşmada onun intellektual qabiliyyətini, qavrama səviyyəsini mütləq nəzərə almalıyıq. Bunun üçün də uşağı tanımalıyıq, onun mənəvi dünyasına bələd olmalıyıq. Şagird özünü qəbul edilən, qayğı ilə əhatə olunan və qorunan insan kimi hiss etməli, müəllimlərinə, valideynlərinə minnətdarlıq hissi duymalıdır”.
Qeyd edim ki, “Mozaika” məktəbi Mosaik-Grundschule, Oberhavel, Mosaik-Gymnasium Oberhavel, Mosaik-Oberschule Oberhavel məktəbləri ilə sıx əlaqə şəraitində işləyir, mütəmadi olaraq təcrübə mübadiləsi, məsləhətləşmələr aparılır. Əslində bu məktəblər eyni elmi-metodiki və inzibati mərkəzdən idarə olunur.
 
Oyuncaqsız məktəb olmaz
Sinif otaqlarını gəzirik. Uşaqların müəllimlərlə bərabər döşəmədə döşəkçə üzərində əyləşdiklərinin şahidi oluram. Sinif otaqlarında adi partalar da var. Şagirdlər dərsin gedişində istəklərinə uyğun olaraq partada, yaxud döşəmədə əyləşə bilərlər. Ətrafda müxtəlif oyuncaqlar var. Bunlar Montessori tədris-oyuncaqlarıdır. Bir qədər sonra Frau Regina bu oyuncaqlar barədə danışır. Qeyd edir ki, Montessori oyuncaqları uşaqların davranışlarının formalaşmasında, əsas anlayışların öyrədilməsində, onlarda hissiyyat və duyğuların inkişafında, eləcə də fiziki və mənəvi sağlamlıqlarının təmin olunmasında önəmli rola malikdir. Xüsusi olaraq vurğulayım ki, “Mozaika” məktəbində tədris prosesində yalnız Montessori oyuncaqlarından istifadəyə icazə verilir.
Bir-birindən fərqli dizayna malik sinif otaqlarında hər kəs sərbəst şəkildə əyləşib tədrislə məşğuldur. Hər bir sinfin dizaynı orada təhsil alan uşaqların zövqünü ifadə etməklə, onların dünyagörüşü haqqında da müəyyən təsəvvür yaradır. Şübhə yoxdur ki, zövq oxşayan, xoş əhvali-ruhiyyə yaradan sinif tərtibatı uşağın qavrayışına, səmərəli tədris nəticələrinə də yol açır. Sinif otaqlarının divarlarında siyasi xadimlərin, görkəmli elm, sənət adamlarının portretlərinə rast gəlmək mümkün deyil.

Fərdi yanaşma
Uşaqlar sinfə yenicə daxil olmuş yad adamlarla ünsiyyətə girməkdən çəkinmirdilər. Frau Regina bu məqamı diqqətdən kənarda qoymur. Bizim də marağımızı görüb söhbətə davam edir: “Uşaqlarla yanaşı əyləşəndə onlar özlərini inamlı hiss edirlər. Mariya Montessori də belə hesab edirdi. Biz valideynlərə də tövsiyə edirik ki, uşağa yuxarıdan aşağı baxmasınlar. Onun fikirlərinə, şəxsiyyyətinə hörmətlə yanaşsınlar. Bu münasibət imkan verir ki, uşaq öyrəndiyi mövzu üzərində sərbəst, heç bir stress keçirmədən düşünsün. Belə bir mühit uşağın oxuduğu, öyrəndiyi mövzu barədə qəbul etdiyi qərarların nəticələrinə də təsirsiz ötüşmür. Stress beyinin normal düşüncə qabiliyyətini zəiflətdiyi, bəzən isə tamamilə məhv etdiyi üçün uşaq belə bir halla üzləşəndə tədrisdə uğur qazanacağına inanmaq çətindir. Frau Regina qeyd edir ki, Montessori yanaşması bütün təhsil sistemləri üçün aktual olmalıdır, çünki söhbət uşağın sağlamlığından, normal tədris mühitində dərs almasından və onun gələcəyindən gedir.
Bir məsələni xüsusi olaraq vurğulamaq istərdim: “Mozaika” məktəbində şagirdlərin fərdi inkişafı diqqət mərkəzində dayanan amillərindəndir. Məktəbdə, ümumiyyətlə bütün şagirdlərin inkişafını izləyən sistem yaradılıb. Bu sistem hər bir şagirdə fərdi yanaşıb onların bacarıq və qabiliyyətlərini, sosial vəziyyətlərini, psixi durumlarını izləməyə və nəzarətdə saxlamağa imkan verir. Bu sistem mənə Ukrayna Milli Elmlər Akademiyasında tanış olduğum pedaqoji elmlər namizədi, dosent Valeri Kiriçukun Ukraynada, eləcə də dünyanın bir sıra ölkələrində tətbiq olunan “Universal-onlayn” platformasını xatırlatdı. 

Bu meydanda yalnız biliklər mübadilə olunmur
Frau Reginanın sözlərindən bəlli olur ki, məktəbdə fərqli qiymətləndirmə mexanizmi mövcuddur. Belə ki, şagirdlərin qiymətləndirilməsi, yalnız ibtidai məktəbi başa vurduqda aparılır. Onlar hesab edirlər ki, gündəlik qiymətləndirmə şagirdləri psixoloji təzyiq altında saxlayır, sinifdə pedaqoji mühiti gərginləşdirir. Onlar həyata keçirdikləri layihələr, o cümlədən yaradıcı müsabiqələr, müxtəlif həvəsləndirici tədbirlər, ekskursiyalar, oyunlar vasitəsilə şagirdlərin təlimə marağını stimullaşdırmağa, şagirdlərin daxili potensiallarını aşkara çıxarmağa çalışırlar. Şagirdlər bilirlər və qəbul edirlər ki, onların qiymətləndirilməsi yalnız ibtidai məktəbi başa vuranda aparılacaq. Əldə etdiyimiz nəticələr ürəkaçandır, deyə Frau Regina qeyd edir: “Bizim pedaqoji komandamız var – “Mozaika” komandası. Adımızdan da göründüyü kimi komandanı damla-damla toplamışıq, hər  kəs burada öz yerini tutub və nəticədə parlaq işlərə imza ata biləcək “Mozaika” komandası formalaşıb. Biz burada uşaqların zehni, fiziki və sosial bacarıqlarının inkişafına əmək sərf edirik və bu işi elə təşkil etməyə çalışırıq ki, bu, uşaqlara sevinc, xoşbəxtlik bəxş etsin, məmnunluq hissi yaratsın, bu mühitdə hər bir şagird uşaqlıqdan müstəqil olaraq öz yolunu müəyyənləşdirmək bacarığına sahiblənsin. “Mozaika” yalnız biliklərin mübadilə olunduğu bir meydan deyil. Burada uşaqlara real həyat həqiqətləri onların anlayacaqları tərzdə öyrədilir. Biz hamımız bilirik ki, ibtidai məktəb şagirdlərin həyatı boyu qazanacaqları biliklərin bazası rolunu oynayır. Baxın, bu nə qədər böyük məsuliyyətdir. Odur ki, biz bu təhsil pilləsini zəngin, maraqlı, gözəl və həyatın bir hissəsi kimi əhəmiyyətli etməyi bacarmalıyıq. Bizim işimizin uğurlu tərəflərindən biri də məhz valideynlərlə yaratdığımız əlaqədir. Biz gözləyirik ki, valideynlər məktəbin işində yaxından iştirak etsinlər. Onlar öz imkanlarını bacardıqları qədər məktəbin inkişafına yönəltməyə çəkinməsinlər. Qapılarımız valideynlərin üzünə açıqdır. İnsafən, deyim ki, valideynlər bizi cavabsız qoymurlar. Biz valideynlərlə elektron poçt vasitəsilə əlaqə saxlayırıq və onlar bizim bütün məktublarımıza məmnuniyyətlə cavab verirlər”.
Frau Regina söyləyir ki, biz burada elə bir mühit yaradırıq ki, uşaqlar emosional və idraki cəhətdən məktəb həyatının növbəti mərhələsinə hazır olsunlar. Baxın, indi özünüz də müşahidə etdiniz, uşaqlar ingilis dili dərsində necə xoşbəxt görünürdülərsə, musiqi dərsində də o qədər şən idilər. Niyə? Cünki müəllim onların ürəyincə olan mühit yarada bilmişdi. Hansı fənnin tədris olunmasının fərqi yoxdur, əsas odur ki, müəllim dərsdə şagirdin marağını təmin edə, onun qəlbində xeyirxahıq toxumu cücərdə bilsin. Belə edə bilsək, ürəyində insanlığa böyük sevgi ilə yaşayan bəstəkar da yetişdirə bilərik, riyaziyyatçı da, fizik də… 
“Mozaika” məktəbinin təlim-tərbiyə mühiti imkan verir ki, müəllim öz şagirdini daha yaxşı tanısın, onun potensial imkanlarını bilsin. O, şagird qarşısında, cəmiyyət qarşısında məsuliyyət daşıyır. Onun hansısa bir metodu, yanaşmanı tətbiq etməsi şərt deyil. Vacib olan şagirdə bilik aşılaması, onda vətəndaşlıq hissini formalaşdırmasıdır.

Yurgen Rayxe konsepsiyası
Yurgen Rayxe də bizə Mariya Montessori qədər doğmadır, deyə Frau Regina vurğulayır. “Yurgen Rayxe” “Yazı vasitəsilə oxumağ”ı tövsiyə edir. O, əsaslandırır ki, “yazı vasitəsilə oxumaq” uşaqların oxumağı öyrənməsində müstəsna rola malikdir. Bu zaman şagirdlər yazılı mətni oxumaq bacarıqlarını müstəqil olaraq mənimsəyirlər. Bu, balaca uşaqların qaçmağı və danışmağı özlərinin öyrənməklərinə bənzəyir. Bu konsepsiyanın əsasını “səslərə açılan qapı” adlandırılan səslər cədvəli təşkil edir. Bu cədvələ daxil olan hər bir hərfə uyğun qrafada müvafiq rəsmlər yerləşdirilir. Almaniyada bu metod  ilk dəfə 1995-ci ildə istifadə edilib. Hazırda bu metodun Almaniyanın bütün federal əyalətlərində tətbiq olunması tövsiyə edilir. Qeyd edim ki, Almaniyada şagirdlərin pis yazı xətləri mütəxəssisləri narahat edir və şagirdlərin xətlərinin yaxşılaşdırılması istiqamətində elmi-metodiki işlər aparılır.

Həyat reallıqları öyrədilir
Frau Regina qeyd edir ki, onlar yalnız bilikləri ötürməklə kifayətlənmirlər, uşaqların həyat reallıqlarını anlamalarına çalışırlar. “Uğurlu işimizin vacib şərtlərindən biri də valideynlərlə sıx əməkdaşlıqdır. Oranienburq ibtidai “Mozaika” məktəbi valideynlərin, şagirdlərin, müəllim və pedaqoqların məktəb həyatında birgə  iştirakını hər zaman dəstəkləyir. Ümumiyyətlə, məktəbdə psixoloqlar, müəllimlər və metodistlər birgə fəaliyyət göstərirlər. Hər hansısa bir problemin həlli birgə müzakirələrdən keçir. Psixoloqun mövqeyi müzakirələrdə önəm daşıyır. Sinifdə 18 nəfərdən artıq şagird olmur. “Mozaika” məktəbində ev tapşırıqları yalnız 3-cü sinifdən etibarən verilməyə başlayır. “Mozaika”nın gimnaziyalarında isə dərslərin daha optimal təşkil edilməsi üçün siniflər daha az şagirdlə komplektləşdirilir. Uşaqlar saat 7:30-da məktəbdə olurlar. Bu zaman səhər yeməyi başlanır. 8:10-da isə ilk dərsin zəngi çalınır. Gün ərzində dərslərlə yanaşı, əlavə məşğələlər də keçirilir. Şagirdlər ev tapşırıqlarının bir hissəsini məktəbdə həll etmək imkanına da malikdirlər. Şübhəsiz ki, əlavə məşğələlər zamanı müəllimlər ev tapşırıqlarını icra etməkdə şagirdlərə kömək edirlər. “Mozaika” məktəbində belə bir ənənə də mövcuddir: müəllimlər sinifə tapşırıq verir və onun icrasına bir həftə vaxt ayrılır. Bu tapşırıq üzərində sinifin bütün şagirdləri çalışır. 
Frau Regina məktəblilərin həyatında ekskursiyaların, məktəbdənkənar tədbirlərin, kurs gəzintilərinin önəmli rol oynadığını vurğulayır. Həqiqətən də belədir. Bu tədbirlər təlimin növbəti günləri üçün motivasiya rolunu oynayır. Ekskursiyalar məktəbin əməkdaşlıq etdiyi universitetlərlə birgə təşkil olunur. Diqqət yetirək: “Mozaika”nın şagirdləri 8-ci sinifdən xizək ekskursiyasına yollanırlar. Bu, şübhə yoxdur ki, fiziki sağlamlıq, eyni zamanda şagirdlərin sosiallaşmaq imkanlarını genişləndirmək məqsədini daşıyır. 9-cu sinifdə isə onlar İngiltərəyə səfər edirlər. Bu, dil biliklərini, danışıq qabiliyyətlərini təkmilləşdirmək, eləcə də dünyanın inkişaf etmiş bir ölkəsini yaxından tanımaq üçün müstəsna imkandır. Bu zaman uşaqlarıın daxili aləmini kəşf etmək, onların maraq və həvəslərini müəyyənləşdirmək üçün də şərait yaranır. Səyahət zamanı şagirdlər ingilis ailələrində qonaq olur, onların adət-ənənələrini öyrənirlər. 10-cu sinifdə məktəbin bütün şagirdləri sürücülük kurslarına cəlb edilir. Yay tətilində isə müəllim və şagirdlər birlikdə Baltik dənizi sahillərinə – “San-Pepelone” oazisinə uçurlar. Maraq göstərən şagirdlər üçün Tenerifedə “Dive and Save” dalğıc ekoloji kursları təşkil olunur. “Mozaika” məktəbində şəxsiyyətyönümlü təhsilin bütün elementləri xırdalıqlarına qədər tətbiq olunmaqdadır. Müşahidələrim və məktəb direktorunun söhbətlərindən bu qənaətə gəlmək mümkündür…

Problemlər ört-basdır edilmir
Frau Regina qeyd edir ki, “Mozaika” məktəbinin ən mühüm missiyası özünə və ətrafındakılara ehtiramla yanaşan şəxsiyyət formalaşdırmaqdır. Biz qarşıya qoyulan bu məqsədə tam demokratik bir şəraitdə nail olmağı nəzərdə tuturuq. Məktəbdə baş verən heç bir münaqişə gizlədilmir. Hər bir problem diqqətlə öyrənilir. Gələcəkdə baş verəcək hər hansısa bir xoşagəlməz hadisənin qarşısının alınması üçün bu gündən tədbirlər görülür. Uşaqlar, əslində məktəbin qoyduğu qayda-qanunlara əməl etməklə, cəmiyyətin bugünkü və gələcək tələblərinə özlərini hazırlayırlar. Valideynlər də tərbiyə işində fəal iştirak edirlər. Onlar yalnız tərbiyəvi orqanların deyil, eyni zamanda məktəb komissiyalarının (yeməkxananın fəaliyyəti ilə bağlı, məktəbli forması, bayram tədbirlərinin, ekskursiyaların təşkili) fəaliyyətinə də qoşulurlar. Valideyn dinləmələri, valideyn gecələri onların məktəblə əlaqələrinin intensivləşdirilməsinə imkan yaradır. Məktəbin kollektivi onun bütün problemlərinin həllində iştirak etmək hüququna malikdir. Biz problemin həllinə komanda halında yanaşırıq. Əgər hər hansı bir sinfin, hər hansı bir şagirdin problemi varsa, kollektiv və valideynlər bu problemin həllinə cəlb edilir. Bununla da, biz göstəririk ki, “Mozaika” bir ailədir və bu, sözdə deyil, əməldə belədir.
Frau Regina “Mozaika” məktəbinin fəaliyyətini ümumiləşdirib xarakterizə edərkən xüsusi olaraq bu məsələlərə diqqət yönəldir: “Siniflərdə uşaqların sayının 18 nəfərdən az olması vacibdir. Pedaqoji kollektivimizin üzvləri əsasən gənclərdən ibarətdir. Onlar yüksək motivasiyaya malikdirlər. Dünyanın müxtəlif ölkələrindən olan müəllimlərimiz, şübhə yoxdur ki, öz mədəniyyətləri, adət-ənənələri ilə “Mozaika” məktəbinin həyatına rəngarənglik qatırlar. “Mozaika”nın məktəbəqədər təhsil müəssisələrində ingilis dili və musiqinin tədrisi xüsusi diqqət mərkəzində saxlanılır. Müasir, eləcə də ekoloji təmiz mühitin təmin olunması, valideyn və müəllimlər arasında intensiv əməkdaşlıq kollektivi ən vacib məsələ kimi düşündürür. “Mozaika” məktəbində dərsin bir dəqiqəsini belə itirmək, boş yerə sərf etmək mümkün deyil. Şagirdlərimiz üçün ekskursiya birinci sinifdən etibarən başlanır. İnteraktiv lövhələr isə yalnız 5-6-cı siniflərdən sonra onların istifadəsinə verilir. Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir, meyvə-tərəvəz menyünün əsasını təşkil edir. Şagirdlərimizin dünyagörüşünün inkişafı bizim əsas hədəflərimizdəndir. Ənənələrin öyrədiməsi diqqət mərkəzində saxlanılır. Uşaqların müxtəlif turnirlərdə, yay festivallarında, üzgüçülük, xizəksürmə yarışlarında iştirakı təmin olunur. Şagirdlərin qoşulduğu sosial layihələrdən biri də “TofE” (Together for Ethiopia – Efiopiya üçün birləşək) layihəsidir. Bu layihə çərçivəsində məktəb Viva Humanidad (Yaşasın insanlıq) Assosiasiyası ilə birlikdə Konsoda Sorobo məktəbinə dəstək verir. Məktəb bu layihəyə qoşulmaqla uşaqlarda xeyirxahlıq, humanizm hissini tərbiyə etməyə çalışır. Onlar irqi, milli, dini ayrıseçkilik hissindən uzaq olmalıdırlar. “Mozaika” məktəbi adından da göründüyü kimi, həyatın rəngarəngliyini məktəbə gətirməklə, hər bir şagirdin bu rəngarəng dünyada öz yerini tutması üçün çalışır. Şagirdin yeri elə məktəbin də yerini, mövqeyini və nüfuzunu müəyyənləşdirir…  


Mənbə ​​​