Pedaqogika / 28 yanvar 2020

SEYİD ƏZİM ŞİRVANİ YARADICILIĞINDA ƏXLAQİ-MƏNƏVİ-DİDAKTİK DƏYƏRLƏRİN TƏSVİRİ

SEYİD ƏZİM ŞİRVANİNİN ANADAN OLMASININ 
135 İLLİYİNƏ HƏSR OLUNUR

Məqalədə müasir mədəniyyət carçısı Seyid Əzim Şirvaninin (1835-1888) yaradıcılığındakı əxlaqi-mənəvi-didaktik dəyərlər təhlil obyektinə çevrilmişdir. “Qafqaz mü­səl­­man­la­rı­na xi­tab”, “Müctəhidin təhsildən qa­yıt­ma­sı”, “Alim oğul ilə avam ata”, “Müəllim haqqında tədbir”, “Hacı və Molla”, “Sual və cavab”, “Xan əylənir”, “Nə­kir və Münkər”, “Şair və dövlətli”, “Ayı və siçan”, “Qaz və durna” kimi bir-birindən gözəl əsərlər tədqiqatçı tə­rə­fin­dən tədqiq-təhlil süzgəcindən keçirilir. Adları çəkilən əsərlərin hər biri öz oxu­cu­sunu doğ­rucul, cəsarətli, dəyanətli, iradəli, vicdanlı, insaflı, nəfsibütün, təvazökar olmağa səs­lə­yir. Yalan, riya, şər və böhtan, tamah, lovğalıq kimi yaramaz ünsürlərdən isə uzaq olmağı tövsiyə edir. Məqalədə göstərilir ki, Seyid Əzim Şirvani xurafatçılıqdan, cə­ha­lət­dən yaxa qurtarmağın yo­lu­nu, ancaq elmdə və təhsildə görmüşdür. Belə nəticəyə gəlinir ki, Seyid Əzim Şirvaninin əxlaq, mənəviyyat və di­dak­­tika haqqında olan fikirlərinin məz­mun istiqaməti nəzəri-pedaqoji, təcrübi ba­xım­dan döv­rün qabaqcıl ide­yalarını əks et­di­rir. Vur­­ğulanır ki, təhlilə cəlb olunan əsərlər ori­ji­­nal­lıq, ye­nilik keyfiyyətləri ilə zən­gin­dir. Bu ya­radıcılıq ma­ne­rası özündən əvvəl­ki və son­rakı XIX əsr pedaqogikasının nai­liy­yəti sa­yı­la bilər.
Azərbaycan pedaqoji fikrinin nəğməkar şairlərindən biri də Seyid Əzim Şirvanidir. Gənc yaşlarından pedaqoji fəaliyyətə başlayan Seyid Əzim Şirvani dünyəvi elmləri uşaqlara aşılamağı könlünə hakim etmişdir. Fasilələrlə də olsa pedaqoji fəaliyyəti təx­mi­nən 14 il olan Seyid Əzimin özünün açdığı “Məclis” adlı yeni tipli məktəbində (1869-1870) köhnə mol­la­xa­na­lar­dan fərq­­li olaraq dünyəvi elmləri, həmçinin Azərbaycan, ərəb və fars dillərini də tədris et­mişdir. Təbii ki, yeni tipli məktəbdə dünyəvi elmlərin öy­rə­dil­mə­si heç də deməyək ki, hamı tə­rəfindən birmənalı qarşılanmışdır. Xeyir, yalançı, riyakar ru­hanilər və din xa­dim­lə­ri Seyid Əzimə hücumlar etmiş, “budur gəldi səfahətin kani” – de­yərək təhqir et­miş, onu nü­fuz­dan salmağa ça­lış­mış­lar. Həyatdan nakam köçən Şirvani isə ona olunan hədə-qorxulardan, məh­ru­miy­yət­lər­dən çəkinməyərək faciə dolu ölü­mü­nün so­nuna qədər öz məqsədi uğrunda mü­ba­ri­zə­si­ni davam etdirmişdir. Seyid Əzim Şirvani ya­lançı şəriət xa­dim­lə­ri­nin qadağan etməyə ça­lış­dığı bütün yenilikləri, qabaqcıl fikirləri, yeni məktəbi, yeni əlf­ba­nı, rus dilini, həyatı və kainatı ən doğru şərh edən elm­ləri, insan əmə­yini asan­laş­dıran, hə­yatı gözəlləşdirən tex­ni­kanı qızğın surətdə təbliğ et­miş­dir. Çünki şair dünyaya açılan pən­cərinin tərəqqisini ye­ni elmi kəşf və ixtiralarda görürdü.
Seyid Əzim Şirvani mürəkkəb bir yaradıcılıq yolu keçmişdir. O, qəzəl, qəsidə, məd­­­­­­hiyyə, minacat, rübai, qitə, müxəmməs, müsəddəs, müstəzad, tərcibənd və tərkibənd (qo­­şabeytlər və təkbeytlər), həcv, təmsil, mənzum hekayə və sair formalarda əsərlər yaz­maq­­la yanaşı, uşaqlar üçün “Rəbiül-Ətfal” (1877) və “Tacül-Kütüb” (1883) kimi dərs­lik­lər də yazmışdır. Dərsliklərdə olan materiallardan sonralar Aleksandr Osipoviç Çern­ya­yevs­ki də “Vətən dili” dərsliyində istifadə etmişdir.
Seyid Əzim Şirvanini bir sənətkar kimi yüksəldən onun öz dövründəki haq­sız­lıq­la­rı ifşa edən, xalqı maarifə, mədəniyyətə çağıran yaradıcılıq toplusudur. Şair “Qafqaz mü­səl­­man­la­rı­na xi­tab” şeirində xalqı avamlığa sürükləyən yalançı dərviş, molla, xaxam, axund və mərsiyəxanların iç üzünü açaraq onları realist tənqid atəşinə tutmuşdur:
                             Hər vilayətdə var beş-on kəsəbə,
                             Əlli min seyyidü, axund, tələbə,
                             Əlli dərviş, əlli mərsiyəxan,
                             Hamının sözləri tamam yalan.
                             Hamının fikri xəlqi soymaqdır,
                             Quru yerdə bu xəlqi qoymaqdır [2, 118].
Seyid Əzim gənc nəslin təlim və tərbiyəsini yalançı din sahiblərinə tapşırmağı ci­na­­yət he­sab etmiş, belələrinin cahillik və kəmsavadlığını “Müctəhidin təhsildən qa­yıt­ma­sı”, “Alim oğul ilə avam ata”, “Müəllim haqqında tədbir” və s. kimi əsərlərində şiddətli sa­tira atə­şi­­nə tutmuşdur. O, Şərqin dini mərkəzlərində təhsil alanların vətənə savadsız qa­yıt­­ma­la­rı­nı “Müctəhidin təhsildən qa­yıt­ma­sı” şeirində ürək ağrısı ilə, dönə-dönə qeyd edir­di:
                             Elmdən bir şey etməyib hasil,
                             Vətənə gəldi alimi-cahil,
                             O zaman ki, vətəndə qaim idi,
                             Binəva bundan artıq alim idi... [4, 60]
                             Tutalım, elmə olmusan vasil,
                             Bizə bu elmdən nədir hasil?
                             Hansı nadanı alim etdin sən?
                             Hansı bimarı salim etdin sən? [4, 59]
Seyid Əzimin oxucusunun marağına səbəb olacaq əsərlərindən biri də “Hacı və Molla” hekayəsidir. Bu hekayənin məzmununu müəllimlər şübhəsiz ki, bilirlər. Hacının çox vəfalı “Bozlar” adlı iti ölür. Hacı da itinə öz vəfa borcunu yerinə yetirmək istəyir və Bozları müsəlman qaydası qüsl edib, kəfənləyib qəbiristanlıqda basdırır. Yeddi gün yas saxlayır və ehsan verir. Bu mə­sə­lə mollaya çatanda molla “Getdi əldən şəriətü Quran”, “Getdi əldən hör­məti-İslam” [3, 114] – deyib havar təpir. Atını minib Hacıyla dava gəlir. Bunu eşidən Ha­cı 50 qoyun ayırıb yol kənarında saxladır və özü də təmtəraqla mollanın pişvazına çı­xır. Mol­lanın hədyan və zəhər dolu ifadələr işlətməsinə imkan ver­mə­yə­rək deyir: Mol­la, bu döv­lətimi qa­zan­maq­da Bozların mənə çox köməkliyi olubdur. Ona görə mən onun və­siy­yət­lərini yerinə ye­tir­dim və onu bu cür basdırdım. Və:
                                      Bir vəsiyyət də sizinçün etmiş əzəl.
                                      Söyləyib siz cənabə əlli qoyun,
                                      Demişəm onları yol üstə qoyun.
                                      Qoyun adın eşitdi çün molla,
                                      Dedi: – Əhsən bu halə, nami-xuda!
                                      İt demə, ol dəxi bizim birimiz,
                                      Belə ölmüşlərə fəda dirimiz.
                                      Rəhməti-həqqə ol düçar olsun,
                                      Səgi-Əshabi-kəhfə yar olsun!
                                      Oxuyub sidq ilə ona yasin,
                                      Özü də saxladı onun yasin [3, 115].
Göründüyü kimi, Seyid Əzim bu cür tamahına qul olan mollaların daxili mə­rəz­lə­ri­ni açmaqla onları öz dilləri ilə gülünc vəziyyətinə salmışdır.
Nəsr görüşləri
Seyid Əzim Şirvani şeirlə yanaşı, bədii nəsrlə də məşğul olmuş, bu janr sahəsində də bir sıra maraqlı əsərlər yazmışdır.
Şairin inandırıcı şəkildə təsvir və tərənnüm edilən hekayələrinin əksəriyyəti kiçik həcmlidir; hamısı vahid bir mövzuya – əx­la­qi-mənəvi dəyərlərə həsr edilmişdir: hamısı bir qayda olaraq, canlı təsvir və ifadə üzərində, uşaq psixologiyası görüşündən faktlar və ha­­­disələr əsasında qurulmuşdur. Müəllif mənəvi bir ata, ustad bir müəllim kimi gənc­lə­rə və uşaqlara çirkin vərdişlərdən, tamahdan, yalandan, dikbaşlıqdan, təkəbbürdən uzaq ol­ma­ğın, həm­çi­nin, namusla yaşamağın, cəmiyyət üçün fay­dalı olmağın, vətənə, xalqa sə­da­­qət­lə xidmət et­­məyin, dostluğa möhkəm olmağın yollarını göstərir.
Seyid Əzim Şirvaninin hekayələri içərisində ictimai mövzulara həsr edilmiş, ya­lan­çı ruhanilərin kələkbazlığını, xanların, bəylərin zülmünü, tacirlərin tamahkarlığını ifşa edən, cəhalət və nadanlığı nifrətlə damğalayan, xalqa dostu ilə düşmənini tanıdan əsərlərə fəal və tənqidi münasibət yaradır, onların gözünü açır, hərəkətə, fəaliyyətə, mübarizəyə səs­ləyir. Ancaq şairin nəsri üçün xarakterik olan əsərlər, əvvəldə dediyimiz kimi, di­dak­tik-əxlaqi hekayələrdir. Bu hekayələr bizə xalq məsəllərini, hikmətamiz lətifələri və Mol­la Nəsrəddin lətifələrini xatırladır.
Nəsr əsərlərində şairin canlı həyata, real hadisələrə, xalq məişətinə, əmək adam­la­rı­na daha yaxından yanaşdığı, realizmə daha ciddi meyl göstərdiyi nəzərə çarpır.
Seyid Əzim Şirvaninin hekayələrini oxuyan zaman görürük ki, Seyid Əzim həm də xalq pedaqogikası ənənələri ilə yazılı ədəbiyyat ünsürlərini məharətlə birləşdirməyi ba­car­­mışdır. Xalq pedaqogikası ilə yaxın bağlılıq şairin üslub və dilində də özünü göstərir. O, öz nəsr dilini sadələşdirmək, aydınlaşdırmaq, danışıq dilinə yaxınlaşdırmaq məqsədilə he­ka­yə­lərində sual-cavablardan, nidalardan, xüsusilə xitablardan geniş istifadə etmişdir. Onun elə hekayələri vardır ki, bütünlükdə sual-cavab üzərində qurulmuşdur. Bunlar şair və ya ya­zıçının dilini konkretləşdirməklə yanaşı, ona bir şirinlik, canlılıq, ahəngdarlıq ver­­miş­dir.
Seyid Əzim hekayələrində daha çox xalq ifadələrinə, el sözlərinə, danışıq dili ün­sür­­lərinə müraciət edir, onların zənginliyini, aydınlığını, ahəngdarlığını saxlamaq şərtilə məz­mununu yaradıcı şəkildə genişləndirir, yeni mənada işlədir.
Hekayələrin bir çoxunun mövzusu xalq nağıllarından, lətifələrdən, yaxud da Şərq klassiklərinin (Əbülqasım Firdovsi, Nizami Gəncəvi, Əbdürrəhman Cami, Sədi Şirazi və b.) və rus ya­zı­çı­la­rının (Krılov və Dmitriyev) nəsihətamiz və ibrətamiz əsərlərindən alın­mış, tər­bi­yə­vi-əx­la­qi məzmunla qiymətləndirilmişdir. Bunların əksəriyyəti çox sadə bir süjet əsa­sın­da qu­rul­muşdur. Hadisə əvvəldən axıra kimi bir və yaxud iki şəxs arasında cərəyan edir. Bun­la­rın bəzilərində heç süjet də olmur. Müəllif bir hadisədən və ya bir şəxsdən da­nı­şır, de­mək istədiyi həkimanə və nəsihətamiz fikri sadəcə olaraq onun dili ilə verir.
Bu hekayələrin bir çoxu satirik, yumoristik xarakter daşıyır.
Şairin hekayələri çox sadə, aydın bir dildə yazılmışdır. Burada biz çətin anlaşılan ərəb-fars sözünə, uzun, mürəkkəb və dolaşıq cümləyə rast gəlmirik. Seyid Əzim öz fik­ri­ni oxuculara müxtəsər, lakonik bir şəkildə çatdırmağa çalışır. Şair nədən danışırsa da­nış­sın, hansı bir məsələyə toxunursa-toxunsun, fikirlərini təlim-tərbiyəyə tətbiq edərək, böyük bir pedaqoq ustalığı ilə öz bədii niy­yə­tini aça bilir, oxucunun fikrini təsvir obyekti ət­rafında toplayıb dərindən dü­şün­dür­mə­yə, oxuduğundan nəticə çıxarmağa vadar edə bilir.
Buna misal olaraq şairin “Sual və cavab” hekayəsinə nəzər salaq. Bu hekayədə Seyid Əzim, insanların yük­sək və nəcib bəşəri borcundan – xalqa və vətənə sədaqətindən danışır. Bir gün “bir ca­­­van bir qoca kişiyə rast gəlib sual eylədi ki, neçə yaşındasan?.. Qo­ca cavab verdi ki, dörd yaşında. Cavan gülüb dedi: – Ey baba, nə deyirsən, dörd ya­şın­da kişi də belə ağ­saq­qal­ olurmu? Qoca dedi: – Bəli, mənim əzizim, dörd ildir ki, özümü və həqiqi olan xalqımı ta­nı­dım. Qalan əyyam ki, cəhalətdə keçibdir, ömür hesab olun­maz” [4, 227].
Müəllif cəhalət və nadanlıqla keçən ömrü həyat hesab etmir. İnsan özünü ancaq o zaman insan saya bilər ki, dünyaya nə üçün gəldiyini, nə üçün yaşadığını, kim olduğunu başa düşsün, öz vicdanı qarşısında həmişə məsuliyyət hiss etsin, cəmiyyətə, xalqa, vətənə namusla xidmət etməyi özünə ən müqəddəs bir vəzifə saysın. Ancaq xalqa xidmətlə ke­çən həyatı şərəfli həyat adlandırmaq olar. Seyid Əzimin bu qısa sual-cavabla oxucuya ye­tir­mək istədiyi əsas fikir bundan ibarətdir.
Seyid Əzim Şirvani yaradıcılığında daha çox həyatın mənasını ancaq yeyib-iç­mək­də, var-dövlət toplamaqda, eyşü-işrətdə və əylənməkdə görən yalançı molla və axund­lar­dan, bəy və xanlardan, mülkədar və tacirlərdən söz açır, onların yaramaz əməllərinə qə­zəb və nifrətini göstərir.
“Xan əylənir” adlı hekayədə Seyid Əzim Şirvani oxucusunu insanlıqdan xəbəri olmayan qəd­dar və rəhmsiz Mustafa xan adlı biri ilə tanış edir. Əməkçi kəndlilərin he­sa­bı­na firavan həyat sürən, gün­­lə­­rini kef məclislərində eyşü-işrətlə keçirən bu xanın yeganə əyləncəsi yeyib-içən­­dən sonra avam və sadəlövh kəndliləri yanına çağırıb ələ sal­maq­dan, la­ğa qoy­maq­dan, onların avamlığına, sadəliyinə qəhqəhə çəkib gül­mək­dən, onları təhqir edib al­çalt­maq­dan ibarətdir.
Bir gün Mustafa xan və onun ətrafındakılar yenə də vaxtlarını xoş keçirmək, əy­lən­mək məqsədilə avam bir kəndlini yanlarına çağırıb ələ salmağa başlayırlar. Xan, kəndliyə sual verir ki, Allah neçədir? Dindən, şəriətdən, Allah və Peyğəmbərdən bixəbər olan sa­də­lövh kəndli bu suala cavab verməkdə çox çətinlik çəkir. Bu zaman xanın ar­xa­sın­da du­ran nazir, xandan gizli əlini yuxarıya qaldırıb kəndliyə beş barmağını gös­tə­rir. Kəndli elə bi­lir ki, beş demək lazımdır və heç tərəddüd etmədən xana: – Allah beşdir – deyir. Xan qəh­­qəhə çəkib güləndən sonra kəndlinin üstünə çığırır: – Ay heyvan, nə da­nı­şır­san, necə yə­ni Allah beşdir? Qorxudan boğazı qurumuş bədbəxt kəndli, xanın qə­zə­bin­dən dəhşətə gə­lib dili-dodağı əsə-əsə səhv etdiyini və günahkar olduğunu boynuna alır, təq­siri isə xa­nın nazirinin boynuna yıxıb yalvara-yalvara deyir: “ – Xan, Allah sənin na­zi­ri­­nə bəla ver­sin, mən on deyəcəkdim, o, beş barmağını yuxarı tutdu, onun üçün mən beş de­­dim. Xan Allah ondur” [3, 255].
Şair xırdaca bir dialoqla gözümüz qarşısında təkcə bir xanın, bir nazirin deyil, ümu­­­­­miyyətlə, bütün zalım xanların, nazirlərin, mülkədar və bəylərin tipik surətini can­lan­dır­­ma­ğa­ müvəffəq olmuşdur.
Seyid Əzim Mustafa xanın zülmkarlığı və despotizmi, rəhmsizliyi və qəddarlığı fo­nun­da, eyni zamanda, özünün kəndlilərə olan rəğbətini gizləmir. Bunu biz şairin “Ta­lıb­xan” hekayəsində tam aydınlığı ilə görürük.
Bu hekayədə təsvir olunan kəndlilər yazıçının əvvəlki hekayələrindəki avam, aciz, müti adamlar deyil. Onlar gözüaçıq, diribaş, zirək və cəsarətli adamlardır. Bu, kəndlilərdə zəif də olsa, həyata və hadisələrə tənqidi münasibət vardır. Bunlar öz ağalarından üstün ol­duqlarını dərk edirlər. Buna görə də onu açıqdan-açığa “barmaqlarına dolayıb” oy­na­dır­lar. Bu cür gözüaçıq və zirək kəndli surətlərinin ən parlaq nümunəsinə biz Seyid Əzimin “Nə­kir və Münkər” adlı hekayəsində rast gəlirik.
Hekayənin qəhrəmanı dünya işlərindən bixəbər, sadə bir çobandır. Buna bax­ma­ya­raq o, gözüaçıq, diribaş, cəsarətli bir adamdır. Din məddahları və yalançıları onun beynini cə­hənnəm əzabı, qəbir sitəmi, Nəkir-Münkər divanı haqqındakı cəfəngiyyatla doldurub ru­hən və mənən şikəst edə bilməmişlər.
Bir gün həmin çobanın vətəni Şamaxı şəhərində qəflətən bir adam ölür. Qaranlıq düş­düyü üçün ölü sahibləri onu gecə basdırmayıb, səhərə saxlamağı qərara alırlar. Ancaq qa­baqcadan hazırlanmış qəbirin gecə boş qalmasını dinə və şəriətə uyğun olmadığını, “mu­ğa­yir” bir iş olduğunu hesab edən mollalar ölü yiyələrini məcbur edirlər ki, qəbiri boş qoy­ma­sın­lar, bir gecəliyə bir adam tapıb orada yatırsınlar, həm ölünü, həm də özlərini günaha ba­tır­ma­sın­lar.
Ölü sahibləri uzun axtarışdan sonra qəbiristan yaxınlığında qoyun otaran bir ço­ba­na rast gəlir və ona on manat verib gecəni boş qəbirdə yatmağa razı salırlar.
Çoban gecə qoyunlarını rahatlayıb qəbiristana gəlir, tapşırılan qəbiri tapıb heç bir şey­dən ehtiyat etmədən qəbrə uzanır, dəyənəyini də yanına qoyur.
Çobanın heç bir zəhmət çəkmədən bir gecənin içində on manat pul qazanması şə­hə­­rin tamahkar və paxıl adamlarında həsəd hissi oyadır. Onlardan iki nəfəri bu qərara gə­lir ki, gecə paltarlarını dəyişib Nəkir və Münkər sifətində qəbiristana getsinlər, çobanı qor­­­xu­dub on manatı ondan qoparsınlar. Bu məqsədlə onlar gecə yarısı ağ kəfənə bürünür, əl­lərinə uzun bir ağac alır, ağacın başına neftlə isladılmış bir lopa keçirib qəbiristana gə­lir, lopanı yandırıb çobanın yatdığı qəbiri tapır, biri qəbirin baş tərəfində, o biri isə ayaq tə­­rə­fin­də dayanıb uca səslə bağırırlar: “Biz Nəkir və Münkərik, hesabını ver”.
Çoban qəbirdən başını qaldırıb cəsarətlə cavab verir: “Mən ölməmişəm, mən bir nə­fər çobanam, mənə on manat pul veriblər ki, mən bu gecəlik bu qəbirdə yatam; hələ ölən sabah gələcək, gedin, sabah gəlin”. Lotular əldə tutduqları lopaları silkələyib çobana vur­­ur və yenə deyirlər: “Mən rəbbikə?” (Allahın kimdir – K.C.). Çoban çox yalvardı ki mən öl­məmişəm, qulaq as­ma­yıb çobanı lopa ilə vurdular”.
Yalvarışlarının lotulara təsir etmədiyini görən və onların kötəyinə davam gə­tir­ə bil­mə­­yən çoban yerindən sıçrayıb dəyənəyini qapır, həriflərin üstünə atılıb birinin başını da­ğı­­dır. O biri məsələnin belə ciddi şəkil aldığını görüb şəhərə tərəf qaçmağa başlayır, özü­nü şə­hərə yetirib meyit olan evin yanındakı xaraba hamama soxulur. Çoban ondan əl çək­mə­­yib dalınca düşür. Hamama çatanda fəryad eləyir ki, “ay camaat, bir çıraq gətirin! Ço­ba­nın sədasına xalq cəm oldular, gördülər həmin çobandır ki, on manat pul alıb qə­bir­də yat­­mış­­dır. Dedilər ki, ay çoban, nə var?.. Dedi ki, Münkər ilə Nəkir səhv edib məni ölən bi­­lib, qəbiristana gəlib məndən bir para sözlər xəbər aldılar. Nə qədər mən onlara de­dim ki, mən ölməmişəm, diriyəm, hələ meyit sabah gələcək, qanmadılar. Əllərində olan kürzi-atə­­­şin ilə məni vurdular. Mən qəbirdən qalxıb Münkərin kəlləsindən bir dəyənək vur­­mu­şam, beyni dağılıb, ölübdür. Amma Nəkir zəbi-şəstimi görüb qaçdı. Onu qova-qova sal­mı­­şam bu xarabaya. Allah xatirinə, bir çıraq gətirin, əgər onu da öl­dür­səm, dəxi qə­birdə ölən­­­lərimiz rahat yatarlar, Münkər və Nəkirin şərindən səlamət olar­lar” [3, 256].
Camaat əvvəlcə çobana inanmır, elə bilirlər ki, onu qara basıb. Ertəsi gün qəbiris­ta­na gələndə, doğrudan da, bir nəfərin öldüyünü görür, onun və yoldaşının kim olduğunu ta­nıyır, gecə qəbiristana nə üçün gəldiklərinin mənasını başa düşürlər.
Mövzusu canlı həyatdan, real hadisələrdən alınmış bu maraqlı, ibrətamiz hekayədə Seyid Əzim cəsur və bacarıqlı çobanı Nəkir-Münkər adı gələndə yüz dəfə salavat çevirən gö­zü bağlı, avam cəhalətpərəstlərə qarşı qoymuşdur. Xalqın yoxsul və əməkçi tə­bə­qə­lə­ri­ni təmsil edən çoban, əsərdə dərin rəğbət hissilə qələmə alınmışdır.
Yaşadığı zəmanədə sənət adamlarının şərəf və ləyaqətini ucuz tutanlar da Seyid Əzim Şirvaninin tənqidindən yayına bilməmişlər, öldürücü satira atəşinə məruz qal­mış­lar. Təəssübkeş ruhanilərə, kütbeyin tacirlərə nifrətini yazıçı “Şair və dövlətli” he­ka­yə­sin­də ifadə etmişdir.
Beş-altı cümlədən ibarət olan bu hekayədə Seyid Əzim hazırcavab bir şairlə cahil bir tacirin söhbətini qələmə alır: “Bir hazırcavab olan şair bir təvangərin yanına gəldi. Elə ya­­vuq oturdu ki, şair ilə təvangərin arasında bir vəcəb (qarış) yer qaldı. Təvangər bu sə­bəb­dən bərhəm oldu, qaş-qabağını töküb, üzünü turşudub şairə dedi ki, sənin ilə eşşək ara­­sında nə qədər məsafə var? Şair dedi ki, bir qarış.
Təvangər şərmnak oldu” [3, 246].
Əziz oxucu! Şairin hekayələrində bəzən “tavangər”, “gürzi-atəşin”, “məğzi-sər” və sairə ki­mi qəliz sözlərə rast gələcəksiniz. Ancaq belə sözləri şair, əvvəla, seyrək hallarda işlədir, sonra isə elə tərkib daxilində verir ki, oxucu onları çətinlik çəkmədən başa düşür.
Doğrudur, Seyid Əzim Şirvani nəsrində dövrün ictimai cəhətdən vacib və tə­xi­rə­sa­lın­maz məsələləri qoyulmur, yeni və müasir problemlər irəli sürülmür. Ancaq şair öz ya­ra­dıcılıq fəaliyyəti ilə nəsr janrını yenidən canlandırmağa çalışmış, mövcud nəsr əsər­lə­ri­ni özünəməxsus bir yolla davam etdirərək onun gələcək inkişafı üçün müvafiq zəmin ha­zır­­lamışdır.
Təmsil və tərcümələri
Seyid Əzim Şirvani, eyni zamanda, təmsil və tərcümə ustadıdır. Onun təmsillərinin ək­səriyyəti şeir­lə yazılmışdır. Ancaq şairin təmsilləri içərisində biz nəsrlə yazılmış əsər­lə­rə də təsa­düf edirik. Bunların sayı çox deyildir. Bizə şairin yeddi mənsur təmsili mə­lum­dur.
Seyid Əzim Şirvaninin təmsilləri uşaqlar üçün yazılmışdır. Satirik şeirlərində, mən­zum hekayələrində olduğu kimi, burada da şair tərbiyəvi-didaktik fikirlər irəli sürür, gənc nəsli mütərəqqi ideyalarla yaşamağa çağırır. Yazıçı kəskin satirik bir dildə hiy­lə­gər­li­yi, riyakarlığı, paxıllığı, yalançılığı amansız surətdə pisləyir, tənqid edir və belə ya­ra­­maz ünsürləri uşaqlardan və ya gənclərdən uzaqda saxlamağı nəsihət edir.
Seyid Əzimin nəsrlə yazılmış təmsilləri də onun hekayələri kimi qısa və yığcamdır. 40 yaşında rus dilini öyrənməyə başlayan Seyid Əzim İ.A.Krılov kimi təmsilə ən yaxşı tər­­biyə növlərindən biri kimi baxmışdır. Krılovdan doğruluq, sayıqlıq, vətənpərvərlik, iş­gü­zarlıq və başqa bu kimi nəcib əxlaqi sifətlər tərbiyə edən təmsillər Seyid Əzimin tər­cü­mə­lərində öz əksini tapmışdır. Krılovun “Şir və siçan” təmsilini şair “Ayı və siçan” adı ilə ilk dəfə tərcümə etmişdir.
Şair təmsilin əsas ruhunu oxuculara çatdırmaq məqsədi ilə tərcümədə Azərbaycan di­linə məxsus ifadə formalarından, atalar sözlərindən bacarıqla istifadə etmişdir. XIX əsr Azər­baycan pedaqoji-psixoloji fikir tarixində Krılovun təmsillərindən edi­lən tərcümələr içə­­risində Seyid Əzimin tərcüməsi öz bədiiliyi, məna dolğunluğu, dilinin sə­lisliyi ilə baş­qalarından fərqlənir. Seyid Əzim yeni məktəblər üçün tərdib etdiyi dərsliklərdə Krılov və Dmit­riyevin təm­sillərindən nümunələr vermiş və beləliklə, bir çox şagirdləri kimi Mirzə Ələk­bər Sabiri və Sultan Məcid Qənizadəni də rus ya­zı­çı­la­rı­nın ya­ra­dı­cı­lı­ğı ilə tanış et­miş­dir.
Seyid Əzim Şirvani hər bir təmsilinin nəticə hissəsində ümum oxucu kütləsinə avam və nadan qalmamağı, müəyyən bir peşəyə sahib olmağı, işgüzarlığı, şər adamlardan uzaq gəzməyi, yaxşı və nəcib adamlarla dostluq-yoldaşlıq etməyi, başqa xalqların, xü­su­sən rus dilini öyrənməyi məsləhət görür. “Qaz və durna” adlı təmsilində isə gənclərə səs­lə­nir və onlara öyrənəcəyi hər bir şeyi kamil öyrənməyi məsləhət və nəsihət edir:
                                                Qaz utandı o göldə durnadən,
                                                Vaqif ol, ey oğul, bu mənadən
                                                Yəni bir elmə daim ol talib.
                                                Kişi bir sənəti bilər xalis,
                                                Çoxuna meyl edən qalar naqis [3, 120].
Qeyd etdiyimiz kimi, zəmanəsində yaradıcılığı qiymətləndirilməyən, əzab və əzi­y­yət­lərə məruz qalan is­te­dadlı şair bədbinliyə qapılmamışdır. Seyid Əzim bir şair-və­tən­daş kimi bütün varlığı ilə doğma xalqına bağlı olmuşdur. Xalqının ruhu, hiss və dü­şün­cələri şairin əsərlərinin qa­nı­na, canına hopmuşdur. Seyid Əzim özünün “qəlbə qida, çeş­mə zi­ya” olan əsərlərilə bu gün də aramızda yaşayır və xalqın mədəni səviyyəsinin in­ki­şa­fına ma­ne olan mövhumat əley­hinə apardığımız mübarizədə bizə kömək edir. Seyid Əzim Şir­vani gələcək nəsillərin onun yaradıcılığını qiymətləndirəcəklərini qabaqcadan hiss etmiş, duy­muş və yazmışdır:
                                      Ol zaman kim, bu dövreyi-əflak,
                                      Çürüdüb eyləyər vücudimi xak.
                                      Oxuyanlar həqiri yad edələr,
                                      Ruhumu qəbr evində şad edələr.
                                      Gələcək aləmə çox əhli-məzaq,
                                      Olacaqlar vücuduma müştaq...
                                      Ey gələn ruzigarə növrəslər,
                                      Qaşları qəvstək müqəvvəslər.
                                      Sizlərə sərbəsər səlamım var,
                                      Olmasam da özüm, kəlamım var.
                                      Oxuyun şeirimi, qılın yadım,
                                      Şad olsun bu ruhi-naşadım [2, 10].
Seyid Əzim Şirvani yaradıcılığının vurğunu olan görkəmli tədqiqatçı alim Xeyrulla Məmmədov yazırdı ki: “Əziz oxucular! Ehtiram əlaməti olaraq böyük şairin vəsiyyətinə əməl edib, əsərlərini oxuyun. Bu sizin kamilləşməyinizə, əqli və mənəvi cəhətdən zən­gin­ləş­məyinizə yaxından kömək edər”. Bu gün tam əminliklə demək olar ki, hələ də tə­ra­və­ti­ni itirməmiş və öz əhəmiyyətini saxlamaqda olan maarifpərvər şair-pedaqoq Seyid Əzim Şirvaninin əsərləri geniş oxucu küt­ləsinin stolüstü kitabıdır. Seyid Əzim Şirvani tər­bi­yəvi-didaktik əsərlərində, demək olar ki, tərbiyənin və təlimin bütün sahələrini işləmiş və dövrünün əxlaqi ideyalarını götür-qoy edərək təkmil pedaqoji bir sistem yaratmışdır.
Sonda qeyd edək ki, dərin və geniş biliyə malik Seyid Əzim Şirvani Şərq aris­to­tel­çi­liyinin tanınmış bir nümayəndəsidir. Seyid Əzim yaradıcılığı boyu əqlin və id­rakın qüv­və­­sinə inanmış, cəhalətə qarşı tənqidi münasibətini rəngbərəng yaradıcılıq mə­harətilə tə­rən­­nüm etmişdir. Seyid Əzim Şirvani hikmətli, nəsihətamiz və məlahətli əsərləri ilə ca­han­­da özünə ölməz, əbədi abidə ucaltmışdır. Necə ki, özü də gözəl de­miş­dir:
                             Mövti-cismani ilə sanma mənim ölməyimi,
                             Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

ƏDƏBİYYAT
  1. Seyid Əzim Şirvani. Seçilmiş əsərləri. Üç cilddə. I cild. Bakı: Avrasiya press, 2005, 400 səh.
  2. Seyid Əzim Şirvani. Seçilmiş əsərləri. Üç cilddə. II cild. Bakı: Avrasiya press, 2005, 384 səh.
  3. Seyid Əzim Şirvani. Seçilmiş əsərləri. Üç cilddə. III cild. Bakı: Avrasiya press, 2005, 288 səh.
  4. Seyid Əzim Şirvani. Seçilmiş əsərləri. Bakı: Maarif, 2002, 296 səh.

Kamal Camalov
Naxçıvan Müəllimlər İnstitutu
kamal.camalov@gmail.com