Pedaqogika / 11 oktyabr 2019

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ MƏNİM HƏYATIMDA

“Mən – mənim elmi-pedaqoji dünyagörü­şü­mün for­ma­laşmasına ilkin 
təsir edən Gəncə elmi-pedaqoji və ictimai mühitinə minnətdaram”. 
Hüseyn Əhmədov

Bu günlərdə “Azərbaycan müəllimi” qəzetində dərc olunan “Gəncə Dövlət Universitetinin 80 illik yubileyi qeyd olunub” başlığı altında məqalə diqqətimi çəkdi. Çox sevindim. Xəndan oldum. Məqaləni dönə-dönə oxudum. Yubiley mərasimində Təhsil naziri Ceyhun Bayramovun, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun, Milli Məclisin deputatları, ali məktəb rektorları, ictimai-siyasi xadimlər və universitetin professor-müəllim heyətinin iştirak etməsindən xəbər tutdum. Doğma universitetimin maddi-texniki bazasının genişləndirilməsinə sevindim. 
Bütün bunlarla bərabər keçən 80 il ərzində bu elm-ürfan ocağında nə təhsil alanlar, nə də dərs verən müəllimlər ordusundan bir xəbər tutmadım. Halbuki təhsil müəssisəsi özünün məzunları ilə öyünür, fəxr edir. Qori və Qazax müəllimlər seminariyaları kimi. Bir qədər fikirləşəndən sonra bu yazımı qələmə aldım. Ömrümün 5 ilini bu təhsil ocağının divarları arasında keçirdiyim, eşidib-gördüyüm, yaddaşımda qalan xatirələri bərpa etməyə çalışdım. Məqsədim bu möhtəşəm tədris müəssisəsinin keçdiyi 80 illik yola mən də bir qədər işıq salmaq, burada oxudanların və oxuyanların xatirəsini yad etməkdir. Ilk öncə bir suala cavab vermək istərdim. Necə oldu ki, bu universitetdə oxumaq mənə də qismət oldu? Məlumdur ki, bu universitet uzun illər çox səmərəli fəaliyyət göstərən Həsən bəy Zərdabi adına Kirovabad pedaqoji institutunun qanuni xələfidir. Mən də universitet deyil, institut işlədəcəm. 
Keçək mətləbə. 1947-ci ildə Klara Setkin adına Gəncə pedaqoji texnikumunu “əla” qiymətlərlə bitirdim. Təhsilimi davam etdirmək üçün mənim Bakıya, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə göndərilməyimə qərar verildi. Əsl narahatçılıq da elə bundan sonra başlandı. Fikir məni götürdü. Mən Bakını tanımıram. Hara gedim? Necə gedim? Tanış yox, dost yox, özümün də elə bir vəsaitim yox...
Çox götür-qoy etdikdən sonra H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun rektoru, mərhum Hacıbala Hacıyevin qəbuluna getdim və mənim bu instituta qəbul olunmağımı xahiş etdim. Hacıbala müəllim əslən Qazaxdan idi. Telefonu götürüb pedaqoji texnikumun direktoru İslam Rüstəmzadəyə zəng edib dedi: 
  • Ayə, ay İslam! Ayə sən bu bədbəxti niyə göndərirsən Bakıya? Ayə, axı bu bədbəxt heç Bakının yolunu da tanımır. Bunun kağızların ver, gəlsin burada oxusun...
Gedib sənədlərimi gətirdim və imtahansız tarix fakültəsinə qəbul olundum. O vaxt IV kurs tələbəsi Məmmədəli Zeynalov dekanlıqda katib işləyirdi. O, məni aparıb sinifə təqdim eylədi.  Bu minval ilə aylar gəlib keçdi. II kursda ikən tələbə bufetində yoldaşlarımla çay içirdik, Hacıbala müəllim oraya gəldi, mənim yanımda oturdu və soruşdu. A bala, sən komsomolsanmı? Dedim bəli. Uçotdan çıxmısanmı? Dedim yox. Dedi elə bu gün get uçotdan çıx gəl.
Direktorun tapşırığın yerinə yetirdim və onun məramını indi anladım. Nazirlik bu institutun tələbələri üçün üç adlı təqaüd veribmiş. Lenin, digəri M.F.Axundov, üçüncüsü komsomol təqaüdü. Birincini verdilər Riyaziyyat fakültəsinə, ikincini Filologiya, üçüncüsünü Tarix fakültəsinə. Sən demə Hacıbala müəllim bunu mənim üçün nəzərdə tutubmuş. Beləliklə, mən institutu bitirənədək bu təqaüdü aldım. Ayda 500 manat.
İnstitutu 1951-ci ildə bitirdim. Məni gənc kadr kimi institutda saxladılar, həm də qəbul komissiyasına katib təyin etdilər.
Burada rast gəldiyim iki hadisəni də heç vaxt unutmamışam.
Birinci hadisə. Qəbul imtahanları təzəcə başlamışdı, bir oğlan mənə yaxınlaşıb bir konvert verdi. Aldım bu nədir?dedi ki, özün oxuyarsan. Acıb oxudum. Mütəəssir oldum. Bu məktubu yazan Aşıq Ələsgərin nəvəsi, Aşıq Talıbın oğlu Haqverdi idi. Həmin şeir mənim arxivimdə saxlanılır. Onu oxuculara təqdim edirəm. 
                 Mühəndissən gətir cana qəlbimi
Biləsən ki, bu gün yaman qırdılar,
Girən zaman imtahana qəlbimi.
Rus dilindən qeyri-kafi verdilər,
Tamam döndərdilər qana qəlbimi.
Keçən il də gəlib qayıtmışam mən,
İqbalım sarımır bilmirəm nədən?
Əgər qiymətimi düzəldə bilsən,
Mühəndissən, gətir cana, qəlbimi,
Qoyma atəşlərə yana qəlbimi.
Adım Haqverdidi, Göyçədi elim,
İmtahana girəndə qurudu dilim.
Kəsildi taqətim, qırıldı belim,
Bir loğmansan gətir cana, qəlbimi!
Döndər qardaş, bir ümmana qəlbimi!
Qoyma atəşlərə yana qəlbimi!
Mühəndissən, gətir cana, qəlbimi!
İkinci hadisə daha maraqlı, həm düşündürücüdür, həm də sevindiricidir, - desəm, yəqin ki, səhv etmərəm.
Hadisə belə oldu: Avqust ayının son günləri idi. Qəbul imtahanları qurtarmış, qəbul olunanların əmri verilmiş, yeni dərs ilinə təxminən 2-3 gün qalırdı. Iş otağıma bir oğlan gəldi. Buraya qəbul olunmaq üçün iş vermək niyyətində olduğunu bildirdi. Mən vəziyyəti ona izah etdim və hətta bir az da irroniya ilə nəsə dedim.Bu oğlan durub sənədlərini götürüb qapıdan çıxarkən, geri döndü və etiraz əlaməti olaraq belə dedi:
  • “Müəllim! Məni niyə qaytardınız. Axı, mən Sizə pənah gətirmişdim...” Bu oğlanın “pənah gətirmişdim” sözü məni tutdu. Onu geri qaytarıb, yenidən söhbət etdim. O dərdini mənə söylədi. Məlum oldu ki, bu oğlan Zərdab rayonundandır. Həsən bəy Zərdabinin nəvəsidir. Adı Bahəddin, soyadı Zərdabidir. Bu da məlum oldu ki, bu oğlan Bakıda V.İ.Lenin adına APİ-yə iş verib, imtahanlarını verib, lakin balı çatmadığına görə qəbul olunmayıb, üz tutub Gəncə şəhərinə, babasının adına olan instituta “pənah gətirib”. “Pənah gətirmək” bizim tərəflərdə qəliz kəlamdır...
Eləmədim tənbəllik və ya laqeydlik, qalxdım II mərtəbəyə. Professor Davud Hacıyevin yanına. Dedim ki, “bir tapıntı tapmışam”. Maraq onu da götürdü. Dedi o oğlanı gətir buraya. Gətirdim, söhbət eylədi və qərara gəldi ki, gedək rektorun yanına. Getdik. Rektor, Hacı müəllim idi. Ixtisasca kimyaçı idi. 
Uzun sözün qısası. Rektor bütün təlimatların, qanun və qərarların əleyhinə olaraq, onun ərizəsinin üstünə dərkənar yazdı. “Qəbul olunsun”. Beləliklə, Bahəddin qəbul olundu. Mən hər iki gənci izləmişəm.
Haqverdi doğma kəndlərində - Basarkeçər rayonunun Aqkilsə kəndində məktəb direktoru işlədi. 1988-ci il deportasiyası zamanı Daşkəsən rayonuna köçmüşdü.
Bahəddin isə Zərdab rayon Partiya komitəsinin II katibi olmuşdur.
Nəticə. O zamanlar hər iki gəncə kömək etmək humanizmin, vətən­pər­vərliyin nəticəsi kimi yadda qalıb.
Mən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda bir il baş laborantla bərabər, Toxuculuq texnikumunda da dərs dedim. Xeyli əmək haqqı alırdım. Anamı, kiçik qardaşımı da gətirmişdim yanıma. Müharibədən çıxmış adamlar idik. Dolanışığımız qaydasına düşmüşdü. Lakin oxumaq, yenə də oxumaq, aspiranturaya qəbul olunmaq fikri məni rahat buraxmırdı. 
Bu fikir qalib gəldi. Direktor Xanməmməd Mirzəyev idi. Ona müraciət etdim. Fikrimi bəyəndi və mənə xasiyyətnamə verdi, uğurlar dilədi. Beləliklə, 1952-ci ilin payızında Bakıya gəldim. Bu fikrim “Gəncədən gedirəm” başlığı ilə qələmə aldığım kiçik şeir parçasında öz əksini belə tapmışdır:
              “Gəncədən gəlirdim...” sözlərinə nəzirə
Gəncədən gedirəm, yüküm kitabdı,
Ömrüm səadətin kitabda tapdı.
“Qüvvət elmdədir, elmsiz heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.”
Şeyx babam Nizami belə söylədi,
Söz aqil insanı xoşbəxt eylədi.
Bu sözün mənasın süd kimi içdim,
Min müdrik kəlamdan birini seçdim.
İnamla, istəklə yollara çıxdım,
Hər dürlü kitabı bağrıma sıxdım.
Gül kimi qoxladım hər inci sözü,
Isitdi ömrümü zəhmətin közü...
Bakı qoynun açdı, yazıb yaratdım, 
Gəlib bu ərsəyə, rütbəyə çatdım!...
Ömrümün son 60 ilini Bakıda yaşasam da, Gəncə pedaqoji mühiti və doğma institutum – böyük maarifçi Həsən bəy Zərdabi adına Kirovabad pedaqoji institutu, onun professor-müəllim heyəti, tələbə yoldaşlarım, onların həyat yolu daim mənim diqqət mərkəzimdə olub. Bu institutdan Bakıya gələn hər bir gənci öz doğmalarım hesab etmişəm. Bunlardan biri həyatdan tez köçmüş, canlara dəyən Ədalət Cəlilov, digəri isə Sabir Orucov idi. Hər ikisi mənim işlədiyim kafedranın aspirantları olublar, namizədlik dissertasiyası müdafiə ediblər. Sabir Orucovu bizlər professor Əhməd Seyidovun son beşiyi adlandırırdıq. 
Gəncədən olan digər bir dostum Hadı Rəfibəyli idi. O da bizim kafedrada müdafiə etdi. “Rus-tatar” (Azərbaycan) məktəblərini tədqiq etmişdi. Onunla bərabər yazdığımız bir məqalə Moskvada “Sovetskaya pedaqoqika” jurnalında çap olundu (1969, №9, səh.116-121). 1983-cü ildə mən Hadi müəllimlə birlikdə Vladimir-Suzdalda keçirilən ümumittifaq konfransında iştirak etməyimizi də unutmamışam. Gəncədən olan gənclərdən birinin, Fazil Həsənovun elmi rəhbəri olmuşam. Bunlar bizim elmimizi Gəncə şəhərində təmsil edənlər idilər. Bu gün Gəncədə Azərbaycan pedaqoji elminin yeganə təmsilçisi – professor Şahin Tağıyevdir.
Bir neçə kəlmə də müəllimlərimiz haqda. Mənim təhsil illərimdə bizlərə dərs verən müəllimlərin bir çoxunun elmi adı, dərəcəsi olmasa da onlar əsl müəllimlər idilər. Rüşvət anlayışı yox idi. Kərəm Tağıyev adlı bir ədəbiyyat müəllimimiz var idi, onun evində zəngin kitabxanası var idi. Özü kitabxanasına kataloq düzəltmişdi.  Şəhər ziyalıları onun kitabxanasından faydalanırdılar.
Digər bir müəllimimiz Cavadzadə Cavad idi. Zənginliyi ilə fərqlənirdi. Siyasi iqtisad müəllimimiz (təəssüf ki, adını və soyadını unutmuşam) bizlərə Marksın “Kapital”ını oxutdurardı. Tələbə yoldaşlarımızdan biri, əslən Dəstəfurdan olan Qafar Həsənov qoltuğunda həmişə “Kapital” kitabını gəzdirdiyinə görə onu “bala Marks” adlandırırdılar. K.Marksın “Kapital”ından oxuduğum bir şeir parçası bu gün də xatirimdədir. Orada pul haqqında belə deyilir: 
“Pul bəladır, pul fəlakət gətirir insanlara,
Pul üstündə şəhərlər dönür xərabazara”.
Pul məsum ürəkləri pozur, əxlaqsız edir. 
Insanlara  bəd əməl, riyakarlıq öyrədir. 
                        * * *
Puldur xəstənin başı altından balışı qapan,
Puldur qoca qarıları cavanlara aldıran”.
(K.Marks. “Kapital” I cild, səh.88).
Pedaqogika müəllimimiz Səlimə xanım Babayevanın mənim boynumda haqqı çox olub. Bunu 1-2 cümlə ilə demək mümkün deyil. Yalnız bir faktı qeyd etməklə kifayətlənirəm. Səlimə xanım kafedrada bir tələbə dərnəyi düzəltmişdi. Dərnək üzvləri hərə bir mövzu üzərində işlər və onu dərnəkdə məruzə edərdi. Bəyənilən məruzə Ümuminstitut Tələbə Elmi Cəmiyyətinin konfransına tövsiyə edilər, burada bəyənilənlər isə Respublika Tələbə Elmi Cəmiyyətinin konfransına göndərilərdi. Mən də bu dərnəyin üzvü idim və “Sovet Azərbaycanında xalq maarifinin sürətli tərəqqisi” mövzusunda bir məruzə hazırlamışdım. Mənim məruzəm də bəyənildi və 1950-ci ilin aprel ayında Bakıda keçirilən tələbələrin respublika konfransına göndərildi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük akt zalında oxuduğum bu məruzəm burada da bəyənildi və o vaxtlar Azərbaycan Ali və orta ixtisas komitəsinin sədri olan akademik Abdulla Qarayev tərəfindən 200 manat pul ilə mükafatlandırıldım. Iş elə gətirdi ki, 1952-ci ildə mən Bakıya aspiranturaya qəbul olmaq üçün verdiyim sənədlərlə bərabər bu məruzənin mətnini referat kimi təqdim etdim. 
Həmin referata kafedranın professoru Ə.Seyidovla bərabər kafedranın müdiri professor Mərdan Muradxanovun verdikləri hər iki rəyin əsli mənim arxivimdə bu gün də saxlanılır. Burada diqqəti çəkən Mərdan müəllimin rəyindəki son cümlədir. O, yazmışdı: “Hüseyndən gələcəkdə yaxşı tədqiqatçı olacağına əminəm”.
Bir maraqlı məqamı da qeyd etməliyəm .mən 1990-cı ildə SSRİ PEA-nın müxbir üzvü seçilməyimdən xoşhal olan, fəxr edən Səlimə Xanım evində mənə bir süfrə açmasını da heç vaxt unutmamışam. O, təqaüddə olanda mən onunla tez-tez telefon əlaqəsi saxlayırdım. Sonuncu dəfə xəbər bildim ki, Bakıda Teymur Quliyevin bağı kimi yadda qalan xəstəxanada müalicə olunur. Getdim yanına, xeyli söhbət etdik. İmkan tapıb, başının altına bir konvert qoydum və əllərindən öpərək ondan ayrıldım. Tale elə gətirdi ki, bu bizim son görüşümüz kimi yaddaşımda əbədi həkk olundu. Məni pedaqogika sahəsinə istiqamətləndirən də Səlimə xanım olub. Aqillərin dediyi bir kəlam burada yerinə düşür... Atam məni göydən yerə endirdi, müəllimim isə əlimdən tutub məni göylərə qaldırdı.
Dekanımız Mahmud Mahmudov Bakıdan gəlmişdi. Müharibə illərində siyasi rəhbər olubmuş. Gəncəyə bu əsgər şinelində gəldi, həmin şinel ilə də getdi.
Müəllimlərimizdən bir neçəsi Bakıdan gəlirdilər. Onlardan biri professor Məmməd Qazıyev, digəri akademik Əlövsət Sumbatzadə, metodika müəllimimiz Şamil Məmmədbəyli idi. Qədim dünya tarixini dos.Allahverdiyev tədris edərdi. 
Mübaliğəsiz demək yerinə düşər ki, yuxarıda adlarını çəkdiyim müəl­limlərimin hər biri Firidun bəy Köçərlinin təbirincə desək Azərbaycanın Pestalotsisi məqamında idilər. 
Bir neçə kəlmə də tələbə yoldaşlarım haqqında. O dövrün tələbələri də özlərinin mənəvi keyfiyyətləri ilə oxumağa həvəsləri ilə, dostluq münasibətləri ilə, müəllim olmaq həvəsləri ilə seçilirdilər. Bunlardan Ağstafadan Mustafa Rəhimov, Dağkəsəməndən Rauf Namazov, Daşsalahlıdan Əliyar Əhmədov, Gürcüstanın Borçalı qəzasının Qaçaqan kəndindən Lətif Seyidov, Mirzə Bağırov, Söhbət Süleymanov, Gəncədən İsmayıl, Ziyatxan, Goranboydan Məmməd və Firudin Məmmədov əmioğlanları, Tovuz rayonundan Dəmir Səfərov, Alakol kəndindən Mustafa Qasımlı, Naxçıvandan Hüseyn Camalov, Mehridən Həsən Balayev, gəncəli qızlardan Ofelya, Nəzakət, Manya və başqaları. Adlarını çəkdiyim tələbə yoldaşlarımızdan çoxu uzun müddət məktəb direktoru işləmişlər. Bir yoldaşımız Dəstəfurdan olan İsmayıl müəllim Gəncə şəhər partiya komitəsinin II katibi, Qazaxdan olan Barat Qaravəliyev isə Avstafa və Tovuz rayonlarında raykom katibi və ispalkom sədri olmuşlar. 
Bu gün mənim onlardan yalnız biri ilə, - Mustafa Qasımlı ilə əlaqəm davam edir. Tələbə yoldaşlarımızdan bir neçəsi Bakıda işləmişlər.
Onlardan: bir müddət Azərbaycan Maarif nazirinin müavini, sonralar isə BDU-a kafedra müdiri olmuş Fəlsəfə elmlər doktorları professor Məmmədəli Zeynalov ilə Maarif Əkbərov, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmlər doktoru, əməkdar elm xadimi Müseyib Məmmədov, tarixçi professor Onullahi, BDU-da dosent, sonralar ABŞ-na köçərək orada Azadlıq radiosunun Azərbaycan bölməsinin diktoru olmuş Əsgər Süleymani, şair Nəriman Həsənzadə, APİ-də dekan olmuş Həsən Balıyev ilə vaxtaşırı görüşərdik. 
Naxçıvanın Qıvraq kəndindən olan canlara dəyən Hüseyn Camalov, akademik Yusif Məmmədəliyev adına Naxçıvan pedaqoji institutunda müəllimlik etmişdir və s. 
Mənim Gəncə pedaqoji mühiti ilə əlaqə yollarımdan ən başlıcası isə həm də tədqiqat obyektim ilə bağlı olmuşdur. Oxuculara məlumdur ki, mən XIX əsr Azərbaycan məktəbinin tədqiqatçısıyam. Bu tədqiqat işlərimdə XIX əsr ərzində dövlət tərəfindən Gəncə şəhərində açılan məktəblər, onların meydana gəlmə tarixi və xidmətləri kifayət qədər aşkarlanmamışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, Gəncədə ilk dövlət məktəbi, - qəza məktəbinin əsası 18 fevral 1833-cü ildə qoyulmuş və 1844-cü ildə şəhər məktəbinə çevrilmişdir. Gəncə dəmir yolu məktəbi 1888-ci ildə, bazar günü məktəbi 1895-ci ildə, sənət məktəbi 1884-cü ildə, rus-tatar (Azərbaycan) məktəbi 23 aprel 1898-ci ildə açılmışdır. Arxiv sənədlərində bu məktəblərin hər biri haqqında maraqlı məlumat saxlanılmaqdadır. Gəncə sənət məktəbi 1896-cı ildə Nijni-Novqorod şəhərində keçirilən Ümumrusiya Sənaye və bədii sərgisində iştirak etmiş və şagirdlərin əl işlərinə görə IV dərəcəli diplom ilə mükafatlandırılmışdır (“Kavkaz” qəzeti, №75, 1896-cı il).
Gəncədə klassik progimnaziyanın əsası 1 iyul 1870-cı ildə qoyulmuş və 16 mart 1881-ci ildə klassik gimnaziyaya çevrilmişdir.
Gəncədə “Müqəddəs Nina” xeyriyyə cəmiyyəti 14 yanvar 1885-ci ildə yaradılıb. 1899-cu ildə progimnaziyaya, 1902-ci ildə isə gimnaziyaya çevrilmişdir. 
1901-ci ildə Gəncə “rus-tatar” məktəbin nəzdində qız şöbəsi də açılmışdır. Gəncə şəhərində və bütövlükdə Gəncə quberniyasında geniş yayılmış təhsil ocaqlarından biri də milli məktəb və mədrəsələr idi. 1890-cı ilin məlumatına görə Gəncə quberniyasında 356 məktəb fəaliyyət göstərmişdir ki, burada 3 813 şagird oxuyurdu.
Gəncə məktəblərində müəllimlik edən məşhur maarifçilər dəstəsi yetiş­mişdir. Onlardan bir neçə ilə tanış olaq. Gəncədə və Tiflis gimnaziyasında Şərq dilləri müəllimi olmuş, nümunəvi dəsti-xətti xəttatlıq sənəti ilə seçilən M.Ş.Vazeh (1792-1852) XIX əsrdə Qərbi Avropada və Rusiyada böyük şöhrət qazanmış, Azərbaycanda ilk maarifçilik ənənələrinin formalaşmasında xüsusi xidmətləri ilə seçilmişdir. M.Ş.Vazehin 1850-ci ildə İ.Qriqoryevlə birlikdə tərtib etdiyi və hicri 1272-ci ildə Təbrizdə nəşr olunmuş “Kitabi-Türki” adlı dərsliyi uzun müddət gimnaziyanın aşağı siniflərində və qəza məktəblərində Azərbaycan dilini öyrən­mək üçün bir dərslik kimi istifadə edilmişdir. Kitabın tərbiyəvi xarakter daşıyan birinci hissəsi 2010-cu ildə tərəfimizdən ərəb əlifbasından latın qrafikasına çevrilərək transliterasiya və faksimile yolu ilə yenidən nəşr edilərək oxucuların ixtiyarına verilmişdir. 
Gəncənin tanınmış müəllimlərindən biri də məşhur tərcüməçi, publisist və xeyriyyəçi kimi tanınan Mirzə Abbas Abbaszadədir (1870-1920). M.A.Abbaszadə Baqmanlar “rus-Azərbaycan” məktəbində və Ali ibtidai məktəbdə Azərbaycan dilini tədris etmiş, 1915-ci ildə “Şəriət dərsi” adlı kitabını çap etdirmişdir. Bu kitab 8 dəfə nəşr olunmuşdur. 
Yeri gəlmişkən qeyd edək ki, 1919-cu il may ayının 23-də Azərbaycan Demoqratik Respublikası tərəfindən Gəncədə Mirzə Abbasın pedaqoji fəaliyyətinin 25 illiyinə həsr edilmiş yubiley keçirilmişdir. 
Unudulmaz şairimiz Əhməd Cavad “Abbaszadə Mirzə Abbasın yubileyi” adlı məqaləsində yazır: “Mirzə Abbasın əlifba tədrisi sahəsində aramızda tayı-bərabəri yoxdur. Habelə, onun “Birinci kitabı” türk dünyasının birinci əlifbasıdır. Əlifba aşıqı bulunan bu müəllim 25 ilini yaşadı, bu yaşamaqla o, sənətini və millətini sevdi.
Həmd olsun, bu gün millət onu təqdim ediyor”.
Əhməd Cavadın söylədiyi bu fikirlər doğrudan da M.A.Abbaszadənin nə qədər görkəmli bir şəxsiyyət, pedaqoq olması barədə geniş təsəvvür yaradır. 
Müsavatın yaradıcılarından biri olan Mirzə Abbas 1920-ci il mayın 30-da Gəncədə, öz evindəcə qətlə yetirilib. Bu qəsd XI Qızıl Ordunun bir neçə əsgəri və erməni daşnaklarının əliylə yerinə yetirilib. Onun evi talanmış, bütün əlyazmaları, kitabları, ev əşyaları at arabalarında hələ də məlum olmayan  səmtə aparılmışdır.
Atası Molla Ələkbər bu müsibəti görüb, həmin gün o da şəhid olaraq, dünyasını dəyişmişdir.
Müsavatın lideri Məmmədəmin Rəsulzadə 1923-cü ildə Türkiyədə buraxılmış “Azərbaycan Cümhuriyyəti” adlı kitabında yazır: “Mirzə Abbas canını qurban verdi. O, ilk şəhidlərdən biridir. Və Mirzə Abbas pedaqoji sahədə qiymətdar əməkləri ilə məşhur, tanınmış müəllimlərdən olub”.
Gəncənin məşhur müəllimlərindən biri də Mirzə Məhəmməd Axundzadədir (1875-1923).
“Molla Nəsirəddin” jurnalının Gəncə müxbirlərindən biri olmuş, müxtəlif qəzetlərdə cürbəcür imzalarla silsilə məqalələri çap etdirmiş, “Sərfi-türki” adlı dərslik yazmış, mədəni maarif cəmiyyətlərinin yaradılmasında fəal iştirak etmişdir. Çar hökuməti tərəfindən 1908-ci ildə həbs edilmiş, 1914-cü ildə sürgündən qayıtmış və müəllimlər fəaliyyətini davam etdirmiş. Azərbaycan müəllimlərinin ikinci qurultayına (sayca üçüncü) hazırlıq komissiyasına rəhbər olmuşdur.
Yuxarıda deyilənlərlə bağlı mətbuatda xeyli yazılarım dərc  olunmuşdur. Sonuncu məqaləm bu gün İsmət Qayıbovun adını daşıyan 1 saylı Gəncə şəhər ümumtəhsil məktəbinin 175 illiyinə həsr edilmişdir (bax: “Milli təhsilimizin qürur doğuran səhifəsi” “Xalq qəzeti” 7 oktyabr 2007-ci il). Mən doğma universitetimlə daim fəxr etmişəm. 2006-cı ildə mənim 80 illik yubileyimlə əlaqədar Gəncə pedaqoji institutuna görüşə dəvət olundum. Bu münasibətlə fikrimi aşağıdakı misralarda belə ifadə etmişdim: 
                               Gəlmişəm 
Nizami yurduna, bu gözəl diyara
Bir daha yenidən salama gəldim.
Əhdi-peyman etdiyim mərd insanlara,
Dərs aldıq onlardan, kəlama gəldim.
Mərdlik, igidlik, qəhrəmanlıq təcəssümü,
Cavad xanın qəbri önünə
                gül qoymağa gəlmişəm.
Əsəd əmimlə, Səfər dayimiın,
               bir də qaçqın bacımın
Məzarına baş çəkməyə gəlmişəm.
Bu ahıl çağımda səyahətə gəlmişəm.
Şah Abbas məscidini, o Allah evini
Sidqi ürəkdən ziyarətə gəlmişəm.
Islam Rüstəmzadənin, Hacıbala Hacıyevin
Səlimə xanımın, bir də Əli Qəmərlinin
Ruhları qarşısında baş əyməyə gəlmişəm.
Tələbə yoldaşlarımla görüşməyə gəlmişəm.
Talonla beş yüz qram çörək aldığım
Mağazaya mən səcdəyə gəlmişəm.
Gənc yaşımın keçdiyi sinif otaqlarında
Yenidən tələbə tək oturmağa gəlmişəm.
Çoxdandır gəlmirəm, əlli illik hesabata gəlmişəm,
Səksən ilin yolçusuyam, yata-yata gəlmişəm.
Başqaları tək, yolum olmadı hamar
Məni sarsıtmadı yağan leysan, boran, qar
Məqsədimdən dönmədim, muradıma
                            çata-çata gəlmişəm. 
Son olaraq, doğma universitetimin professor-müəllim heyətini bir daha salamlayıram. Azərbaycan təhsilinin tərəqqisi yolunda onlara yeni-yeni uğurlar arzulayıram. 
Hörmətlə: 93 yaşlı tələbəniz
  • Tarix fakültəsinin 1951-ci il məzunu, 
  • SSRİ PEA-nın müxbir üzvü,
  • Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü,
  • Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü və onun Qızıl Medalının laureati,
  • Türkiyə Elmlər Akademiyasının “Türk dünyasına hizmət” Qızıl medalının laureatı,
  • Pedaqoji elmlər doktoru,
  • Professor,
  • Azərbaycan SSr-nin Əməkdar ali məktəb işçisi,
  • Doğma universitetimizin 90, 100 illik yubiley tədbirlərində görüşmək arzusu vəümidi ilə
Hüseyn Əhmədov
 5 yanvar 2019-cu il