BÖYÜKAĞA MIKAYILLI: “BU HƏRƏKƏT MƏNƏVI AŞINMANIN NƏTICƏSIDIR”

Yəni hesab olundu ki, ölkənin mövcud durumunda belə bir nöqsana yol vermiş şəxsə töhmət verməklə kifayətlənmək olar. Düşünürəm ki, Nailə Məmmədovanın mənəvi dəyərlərə və hüquqa zidd bu addımının kökləri daha dərindir”, deyə Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü Böyükağa Mikayıllı vurğulayıb.
O, qeyd edib ki, yanlış addım hələ illər öncə belə bir şəxsin direktor təyin edilməsi ilə atılıb. Necə olub ki, belə bir adam direktorluğa gətirilib. Tutaq ki, tanımayıblar, bilməyiblər, direktor təyin ediblər. Bəs axı neçə müddətdir ki, mətbuat bu adamın direktor kimi fəaliyyətini tənqid edir, ciddi nöqsanlarının olduğunu yazır, bu günə kimi niyə onun haqqında bir ölçü götürülmür? Yəni bu, o qədər çətindir? Hansı nailiyyətlərinə, hansı uğurlarına görə belə adamlar direktorluğa gətirilir və uzun illər vəzifədə saxlanılır?
Böyükağa Mikayıllının sözlərinə görə, bu hərəkət mənəvi aşınmanın nəticəsidir və təlim-tərbiyə müəssisəsində işləmək belə adamlara yaraşmaz. Bu, qanunlara, mənəvi dəyərlərə meydan oxumağın ən bariz nümunəsidir. Bu adam gərək özü ərizə yazıb vəzifədən getsin. Çünki bu mənəvi keyfiyyətlərlə minlərlə şagirdin, pedaqoji kollektivin qarşısına çıxmaq sadəcə eyibdir. Bu gün ölkənin əksər məktəblərinin məzunları arasında Vətən müharibəsinin şəhidləri var, qaziləri var. Hər bir məktəb şəhidlərə yas saxlayır, onların ruhunu əbədiləşdirir, qazilərini, döyüşçü məzunlarını axtarıb tapır, onların qayğıları ilə maraqlanır. Bu gün şəhid, qazi olan, hələ də ordu sıralarında torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda səngərlərdə dayanan müəllimlərimiz var. Bunu hamı bilir. Yəni bir məktəb rəhbərinin bu günlərin acısını anlaması o qədər çətindirmi? Bir qədər səbr edib gözləmək olmazdımı, çox çətin idimi?
Qeyd edim ki, 187 nömrəli tam orta məktəbin zəngin ənənələri var. Vaxtilə bu təhsil ocağının adı ölkəmizin ən yaxşı məktəbləri sırasında çəkilib və bu nailiyyətlərin əldə olunmasında məktəbə uzun illər rəhbərlik etmiş Respublikanın əməkdar müəllimi, mərhum Səyyarə Zeynalovanın əvəzsiz xidmətləri olub. Elə bilirəm ki, müvafiq qurumlar məktəbin zəngin ənənələrinin bərpa olunması barədə düşünəcəklər.
Ekspert sözü
REPORTAJ