Layihələr / 02 sentyabr 2019

Ürək döyüntüləri ilə...

"Təhsil Və Zaman" qəzetinin son sayında dərc olunan bu yazı İmişli şəhər 7 nömrəli tam orta məktəbin biologiya müəllimi Leyli Əliyevanın iş təcrübəsi haqqındadır.
Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Ana hədiyyəsi” şeiri ilə başlayan dərsdə Leyli Əliyeva əslində bir biologiya dərsini modelləşdirirdi. O, 9-cu sinifdə tədris edəcəyi “Ürəyin quruluşu və işi” mövzusunu “Ana hədiyyəsi” şeiri ilə başlamaqla ilkin olaraq demək istəyirdi ki, sinəmizdə döyünən ürək yalnız bizi ayaqda saxlayan, həyata bağlayan cismani bir hissəmiz deyildir. O, həm də bizim mənəvi varlığımızı, mənəvi dünyamızı, hiss və duyğularımızı, arzu və istəklərimizi özündə daşıyan bir parçamızdır.
 Anam namaz üstə əl açıb göyə
Allaha yalvarır "ya rəbbim!” - deyə:
- Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!
Bu nədir? Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən?
Çoxdur bu dünyada hədiyyə... ancaq
Ömürdən hədiyyə görməmişəm mən.
Özünün ahəngdar səsi ilə ifadə etdiyi bu şeirlə müəllim elə ilk andanca qəlbin, ürəyin mənəvi dəyəri haqqında təsəvvür yaratmağa, bununla da sinfi bir ürək ətrafında cəm etməyə nail oldu. Əslində müəllim ötən dərsdə keçdiyi “Qan və limfa dövranı” mövzusu ilə şagirdlərini ürək mövzusu ətrafında işləməyə hazırlamışdı. Belə demək mümkünsə, sanki yetirmələrini “orqanizmdə dövran etdirərək ürəyə gətirib çatdırmışdır.” Müəllimin dərs boyunca təqdim etdiyi model ürəyin insan üçün önəmliliyini aşılamaqla bərabər, onun böyük mahiyyətini ortaya qoyurdu. Ümumiyyətlə, Leyli müəllimin tədris prosesində tətbiq etdiyi metodikalara, üsullara bələd olduğum üçün deyə bilərəm ki, o, biologiyanın hər bir mövzusunu insanın, cəmiyyətin vacib həyat elementi kimi təqdim edə bilir. Dərs boyunca müşahidə etdiyim ən diqqətçəkən məqam isə o idi ki, Leyli müəllim həm də bir bioloq olaraq şagirdlərinin bioloji xüsusiyyətləri ilə bərabər, mənəvi dünyalarına da mükəmməl bələd kimi görünürdü. Yəni o, şagirdini tam olaraq tanıyırdı. Mən əlbəttə ki, bu tendensiyanı müşahidə etdiyim digər müəllimlərin də dərslərində görmüşəm: şagirdin bilik səviyyəsinə uyğun tapşırıq vermək, onu bilik və bacarıqları səviyyəsində danışdırmaq, ona arzu və istəklərinə müvafiq yanaşmaq müəllimin ustalığından asılıdır. Buna nail olan müəllim sinfi bütünlüklə fəallaşdırmağı, öz biliklərini lazımı ölçüdə ötürməyi, şagirdlərindən istədiyi cavabı almağı bacarır. 
Dərsin əvvəlində şagirdlər keçmiş mövzu üzrə ev tapşırıqlarını təqdim etdilər. “Aorta” qrupu qan damarlarının xüsusiyyətlərini araşdırmışdı. Onlar damarların oxşar və fərqli cəhətlərini məharətlə izah etdilər. “Ürək” qrupu “Böyük qan dövranı” haqqında məlumat verdi. “Kapilyar” qrupu isə “Kiçik qan dövranı”nı xarakterizə etdi. Onlar Leyli müəllimin verdiyi istiqamət əsasında, sözün həqiqi mənasında, tədqiqat aparmış, çətin yolla gedərək dərslikdən kənara çıxmış, qan və limfa dövranının mahiyyətini açmaqla, onu kütləvi anlaşılacaq səviyyədə izah etməyə nail olmuşdular. Bu zaman paralel olaraq iki yolla getmişdilər: Birinci yolda məlumatları internet resurslarından əldə etmiş, ikinci yolda isə elmi-kütləvi ədəbiyyatdan istifadə etmişdilər. Nəticə etibarilə maraqlı, rəngarəng, bir-birini təkrarlamayan, fikir tutumu zəngin olan təqdimatlar meydana gəlmişdir. Nəhayət dördüncü qrupun hazırladığı “Limfa dövranı” adlı esse təqdimatların elmi-kütləvi mahiyyətinə bədii yaradıcılıq elementləri də qatmaqla sinfin yaradıcı şagirdlərdən təmsil olunduğu fikrini irəli sürməyə əsas verirdi. Dərsin gedişi boyunca müəllim və şagirdlərin yaradıcı fəaliyyəti, şübhəsiz ki, prosesin daha da zənginləşməsinə, yaradıcı fəaliyyətin maraqlı ideyalar doğurmasına imkan yaradırdı. Bu ideyaların, fikirlərin hər biri müəllimin yaratdığı Ürək obrazı ətrafında cərəyan edirdi. Ümumiyyətlə, qeyd etdiyim kimi, müəllimin təlim prosesində ən böyük uğuru tədris etdiyi mövzunun obrazını yaratmaqdır. Leyli müəllim sinifdə elə bir atmosfer qurmuşdu ki, bu atmosferdə şagirdlər ürək obrazını aydın görür, bu obrazın fəaliyyətini izləyə bilirdilər. Maraqlı idi ki, müəllim ürək mövzusuna daha geniş aspektdən yanaşmışdı. Dərsin müəyyən mərhələlərində ürək mənə cəmiyyəti xatırladırdı. Daha doğrusu, müəllimin sinifdə qurduğu inteqrativ mühit ürəklə bərabər cəmiyyəti də sinifə daşımışdı. Diqqətlə müşahidə etdikdə dərs boyunca “açılan ürək” cəmiyyətlə paralel dünyalar kimi təqdim olunurdu. Elə tədqiqat sualı da bu paralelliyin açılmasına xidmət edirdi: “Ürəyin quruluşu və isi nədən ibarətdir?” 
“Ürək” qrupu “Ürəyin döyünməsinin fazaları” tapşırığını yerinə yetirdi. Onlar fazaları açmaqla, maraqlı faktlarla çıxış etdilər. Ürəyin üç fazasından bəhs etdilər. Bunlar əslində elmi problemlər olsa da, şagirdlərin təqdimatında tam aydınlığı ilə ifadə olunmaqla mahiyyəti meydana qoydu. 
Leyli müəllim ürək mövzusunu öyrətməklə əslində mühüm bir həqiqəti aşılayırdı: bizim qəlbimiz olduğu kimi, biz də bəşərin qəlbiyik. Sinəmizdə döyünən ürək kimi, biz də bəşəriyyətin çırpınan ürəyiyik. Sinəmizdəki ürək olmadan yaşamadığımız kimi, bəşəriyyətin ürəyi saydığımız insan da olmadan o, bir heçə bərabərdir. İnsan cəmiyyətin, bəşəriyyətin döyünən ürəyidir. Biz ürəyimizi tanımalı, onu qorumağı bacarmalıyıq. Bu, bəşəriyyətin gələcəyi üçün vacibdir. Göründüyü kimi, Leyli müəllim kiçicik bir sinif otağından şagirdlərinin qəlbinə bəşəri məhəbbət toxumu səpməklə, onlardan həm də böyük qəlbə malik vətəndaş hazırlamağa çalışırdı. Onlar anlayırdılar ki, hər ürək döyüntüsünün arxasında böyük bir proses dayanır. Cəmiyyətdə də belədir. Baş verən hər hansı bir hadisə hansısa bir sosial-iqtisadi, ictimai-mədəni proseslə bağlıdır. Cəmiyyətin də qəlbi var. Bu qəlb o zaman sağlam döyünür ki, mənəvi və fiziki cəhətdən sağlam insanlardan təmsil olunsun. 
“Aorta” qrupunun aldığı tapşırıq isə “Ürəyin quruluşu”nun öyrənilməsi haqqında idi. Şagirdlərin əhatəli cavablarından aydın olurdu ki, ürək-əzələdən təşkil olunmuş, içi boş orqandır. Ürəyin daxili hissəsi 2 qulaqcığa və 2 mədəciyə ayrılır. Qan qulaqcıqdan mədəciyə xüsusi axar vasitəsilə tökülür. Qulaqcıqlarla mədəciklər arasında taylı qapaqlar vardır ki, bu da mədəciyə tökülən qanın qulaqcığa geri qayıtmasına mane olur. Ürəyin sol hissəsində 2 ədəd, sağ hissəsində 3 ədəd qapaq olur və s. 
“Vena” “Ürəyin işi”ni xarakterizə elədi. Qeyd etdilər ki, qan dövranı sistemi ürək və qan damarlarından ibarətdir. Ürək – yığılaraq qanı arteriya və venalara qovan orqandır. Arteriyalar –ürəkdən aldıqları qanı orqan və toxumalara daşıyan damarlardır.
Arteriyalar daxilində olan qan yüngül, al qırmızı rəngdə olur. Bu qan tərkibində orqan və toxumalar üçün vacib olan oksigen və qida maddələri ilə zəngin olur. Orqan və toxumaların həyat fəaliyyəti nəticəsində yaranan kimyəvi parçalanma məhsulları, karbon qazı isə venalarla ürəyə qaytarılır. Arterial qana nisbətən venoz qan daha ağır və tünd qırmızı rəngdə olur.
“Kapilyar” qrupu da maraqlı cavabları ilə diqqətə gəldi. Onlar “Ürək əzələsinin xüsusiyyətləri” mövzusunda tədqiqat apardılar. Ürəyin əzələ qişası miokard - (lat. myocardium) ürəyin qalın, qüvvətli və əhəmiyyətli qişasıdır. Miokard miofibrillərin xüsusiyyətlərinə görə eninə zolaqlı əzələlərdən hesab olunmasına baxmayaraq, quruluş və fizioloji cəhətcə onlardan (sklet əzələlərindən) tamamilə ayrılır. Miokard sklet əzələlərindəki kimi dəstələr əmələ gətirməyib, əksinə şaxələnirlər və bir-birilə birləşirlər; odur ki, ürək əzələsi ümumiyyətlə, top (simplast) şəklini alır. Fizioloji cəhətcə ürək əzələsi qeyri-iradidir və ritmik yığılma qabiliyyətinə malikdir. 
Leyli Əliyeva mövzunun mükəmməl mənimsdilməsi üçün ziq-zaq üsulunu tətbiq edir, bununla da, sinfin problem ətrafında əməkdaşlıq şəraitində işləməsinə yol açırdı. Onlar üçün irəli sürülən problem öncə qalın meşənin dərinliyində qırxıncı otaqdakı mücrünün içindəki qiymətli əşya təsirini bağışlayırdı. Amma ora çatmaq üçün yollar aydılaşdıqca, o mücrüdəkini götürmək çətinlik törətmirdi. Vaxt ötdükcə “mücrü” açılırdı. Əslində mücrüyə doğru yolların hər biri sirli qapılarla bağlı idi. Və bu qapıların açarı yalnız biologiyadan irəli sürülən suallarda deyil, müəllimin fiziki, ədəbi, fəlsəfi, ictimai savadılılığı ilə açılırdı. Əslində bu labrinti o, özü qurmuşdu. Bununla o, şagirdlərini müəyyən məqamlarda çətinliklə üz-üzə qoyur, çıxış yolları aramasına şərait yaradırdı. Ümumiyyətlə, Leyli Əliyevanın apardığı dərsdə diqqətimi çox məqamlar cəlb etdi. Bunlar ondan ibarət idi ki, Leyli müəllim dərs prosesində əyani vəsaitlərin tətbiqinə geniş yer verir. Ürək mövzusunun tədrisində inək ürəyi üzərində apardığı təcrübə, ürək döyüntüsünü, ürək işini əyani şəkildə göstərməsi, ürəyin fəaliyyətini texniki qurğularla əyani olaraq müqayisə etməsi, internet resurslarından istifadə etməklə keçdiyi mövzunu daha əyani şəkildə təqdim etməsi, şagirdlərinə onların şəxsi mənəvi keyfiyyətləri, psixoloji xüsusiyyətləri nəzərə alaraq yanaşması, nəhayət ürəyin insan həyatında həm mənəvi, həm də fiziki cəhətdən önəmli rol oynadığını ustalıqla təqdim etməsi dərs prosesinə həm də geniş ictimai məzmun verirdi. Qeyd edim ki, müəllimin özü tərəfindən tərtib olunmuş krossvord da mövzunun incliklərinin açılması baxımından əhəmiyyətli idi. 
Leyli müəllim ev tapşırığı olaraq şagirdlərinə ürəyin quruluşu və işi, ürəyi necə qorumaq haqqında təqdimat hazırlamaq, eləcə də dahi cərrah Andreas Vezalinin ömürlük sürgün olunmasının səbəblərini öyrənmək tapşırıldı. Bununla da, o, şagirdlərinin mövzuya yaradıcı yanaşaraq tədqiqat aparmaq, mövzu ətrafında daha geniş məlumat əldə etmək üçün stimul yaratdı.
Ümumiyyətlə, Leyli müəllimin apardığı bütün dərslərdə diqqət çəkən mühüm məqamlardan biri əyanilikdir. Əgər “Ürəyin quruluşu və işi” mövzusunda sinif otağında şagirdlər döyünən ürəyi canlı olaraq müşahidə edirlərsə, balıqlar mövzusunda balıqları, göbələklər mövzusunda göbələkləri əyani görə bilirlər. Bəzi mövzuların tədrisi isə onları təbiətin qoynuna çağırır. Leyli Əliyevanı şagirdləri ilə birlikdə təbiətdə görmək adi hala çevrilib. Onlar bəzən təbiəti elə təbiətin özündən öyrənirlər. Leyli müəllim söyləyir ki, təbiətdə öyrənilən mövzu əyanilik baxımından diqqəti cəlb etdiyi kimi, təbii mühit fonunda daha mükəmməl mənimsənilir. Təbiətin qoynunda keçilən dərs şagirddə həm mövzuya, həm də təbiətin özünə bağlılıq, məhəbbət yaradır. Seyr edilən təbiət mənzərələri gözlərdən süzülərək ürəkdə özünə əbədi məskən salır. 
Leyli Əliyeva məktəbdə həm də maraqlı tədbirlərin təşkilatçısı kimi tanınır. Onun hər bir tədbiri dərslərində olduğu kimi əyaniliyi, öyrədiciliyi, təbiiliyi, zənginliyi, inteqrativliyi ilə diqqəti cəlb edir.Təşkil etdiyi biologiya gecələrinin biri təbiətin möcüzəli bitkilərinə həsr olunmuşdu. Tədbirdə çətinliklə əldə etdilən bitkilər, onların bioloji xüsusiyyətlərini açıqlanır, otların müalicəvi cəhətlərindən bəhs olunurdu. Leyli müəllimin bu biologiya gecəsində hazırladığı “Bioloji imla” orijinallığı ilə diqqəti cəlb etdi. İmlada təiətdə mövcud olan şəfaverici otlardan bəhs olunurdu. Maraqlıdır ki, 6-cı sinif şagirdləri imlanı tamamlamaqla təbiət, onun möcüzələri haqqında ətraflı məlumata malik olduqlarını nümayiş etdirdilər. Tədbirdə nümayiş olunan nağıl-səhnəcik isə meyvələr aləmindən bəhs edirdi. “Meyvə” geyimli şagirdlər tamaşaçıları meyvələrin möcüzəli aləminə nağıl-səhnəciklərlə aparmaqla, təbiətin möcüzəli kompozisiyasını, canlı təbiət mühitini yaradırdılar. “Meyvələrdən üç meyvə var” mahnısı isə təbiətin səsi kimi səslənirdi. Leyli müəllimin böyük məhəbbətlə, ürəklə qurduğu hər bir dərsdə, hər bir tədbirdə şagirdlərinin ürək çırpıntlarını duymaq mümkündür. Çünki onlar hər bir işi ürəklə görməyi bacarırlar.

Böyükağa Mikayıllı