Ekspert sözü / Reportaj / 21 dekabr 2020
Koronavirusun yeni növünün yayılması ilə bağlı xəbərlərə aydınlıq gətirildi

Bununla bağlı "Report"a açıqlama verən azərbaycanlı alim bildirib ki, koronavirusun nisbətən dəyişikliyə uğramış növü ilə bağlı xarici mətbuatda yayılmış məlumatları tirajlayıb insanları qorxuya salmaq düzgün deyil:
"Ümumiyyətlə bu mövzuda aidiyyatı qurumlar dünəndən rəsmi məlumat verməli idilər. Təəssüflər olsun ki, mən belə açıqlamalara rast gəlmədim. Ona görə də insanları maarifləndirməyi özümə borc bilirəm. Ümumiyyətlə, insanlara virusla bağlı hər hansı bir yeni xəbəri təqdim edərkən orada mütləq elmə əsaslanan fikirlər yer almalıdır. Çünki bizlər bir ölkə olaraq çox həssas bir dönəmdən keçirik, hər hansı yanlış fikir ciddi psixoloji sarsıntılara səbəb olur. Dünəndən yayılan xəbərlərdə isə bəzi mənbələrdə hətta virusa yeni “B.1.1.7 SARS-CoV-2” adı verildiyi də deyilirdi. Belə fikirlərin heç biri həqiqətlərə əsaslanmır. B.1.1.7-ni insanlarımız virusun bir qolu və ya onun soyunda olan bir xətt kimi (english: lineage B.1.1.7) qəbul etməlidirlər. İngiltərədə də həmin bu xətdə müəyyən dəyişikliklərə rast gəlinib ki, bu dəyişikliklər də 4 həftə ərzində çoxalmağa başlayıb və İngiltərənin fərqli yerlərində virusa yoluxmalar zamanı virusun labaratoriyada incələnməsi nəticəsində bu dəyişikliklər tapılıb. Bu dəyişikliklərin çoxalması eyni ilə virusun İngiltərədə sürətlə yayılması zamanına təsadüf etdiyindən İngiltərə alimləri haqlı şəkildə narahat olmağa və bütün dünyanı bu növ dəyişiklikləri ciddi izləməyə çağırıb. Daha sonra Niderland, Danimarka və Avstraliyada da İngiltərədə təsbit edilmiş yeni koronavirus növünün aşkar edilməsi barədə yayılan xəbərlərdən sonra artıq müəyyən ölkələrdə ciddi təhlükəsizlik tədbirləri görülməyə başladı. Həqiqətdə isə virusda olan bu dəyişikliyin əvvəlki virusla labaratoriyada müqayisəsi hələ aparılmayıb. Belə bir müqayisəni aparmadan da virusda olan bu dəyişikliyin onu daha da təhlükəli etməsi fikrini səsləndirmək elmi tərəfdən doğru deyil. Bunu labaratoriyada sübut etmək mümkün olmazsa deməli virusun həmin ərəfədə çoxalması sadəcə təsadüf olub".

O, həmçinin bildirib ki, virusda olan bu cür dəyişikliklərin ilkin mərhələdə
tətbiq ediləcək 1-ci nəsil peyvəndlərin funksiyasına, xüsusilə də gen texnologiyası ilə hazırlanan peyvəndlərin funksiyasına təsiri o qədər də ehtimal olunan deyil. Çünki gen texnologiyasında əgər ehtiyac olarsa bu cür dəyişikliklərə uyğun peyvənd hazırlamaq çətin olmamalıdır. O, həmçinin əlavə edib ki, yaşadığı Almaniyada hələ həmin mutant viruslara rast gəlinməsi rəsmi şəkildə elan olunmayıb.
Mənbə
Ekspert sözü
REPORTAJ