Beynəlxalq təcrübə / 25 iyul 2019

Kuzey Kıbrısda ali təhsil

Kuzey Kıbrısın ali təhsil müəssisələrinə abituriyentlərin ixtisas seçimində əsas yeri qəbulda toplanan ballar tutur. Adada fəaliyyət göstərən universitetlər yerli abituriyentləri qəbul etməkdə daha çox maraqlıdırlar. Bir sıra universitetlərdə yüksək balla qəbul olmuş tələbələr üçün xüsusi güzəştlər də mövcuddur. Kuzey Kıbrıs universitetlərinin ən böyük üstünlüyü beynəlxalq standartlara uyğun təhsil mühitinin yaradılmasıdır Kuzey Kıbrısda ali təhsil özünəməxsusluğu ilə seçilir. Bu özünəməxsusluq təhsil sisteminin ilk növbədə şəffaflıq və ədalətlilik prinsipi üzərində qurulmasıdır. Universitetlərin inkişafının təməlində dayanan amillərdən biri də rəqabət mühitidir. Hazırda ölkədə 16 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Universitetlər müasir binalar və texno parklarla təmin olunublar. Universitetlərin fəaliyyəti yalnız Türkiyənin Ali Attestasiya qurumu-YÖK tərəfindən nizamlanır. YÖK eyni zamanda tədris üçün ixtisasları təsdiq edir. Həmçinin YÖDAK adlı yerli qurum da bu sahədə lisenziyalaşdırma fəaliyyəti həyata keçirir. Ali məktəblərdə təhsilin keyfiyyəti də həmçinin tələbələrin Kuzey Kıbrıs universitetlərinə marağını artıran amillərdəndir. Ölkənin müstəqilliyinin dünya ölkələri tərəfindən tanınmamasına baxmayaraq Şimali Kiprdə 130 ölkədən 110 minə yaxın tələbə təhsil alır. Ali məktəblərdə təhsil əyani formada həyata keçirilir. Nadir hallarda magistratura pilləsində distant təhsil mövcuddur.
Ali məktəblərə qəbul necə həyata keçirilir?
Kuzey Kıbrısın ali məktəblərinə qəbul umumi olaraq test üsulu ilə həyata keçirilir. Amma Universitetlərin özləri də qəbul həyata keçirmək hüququna malikdirlər. Şagirdlər orta məktəb illərində əldə etdikləri nailiyyətlər, eləcə də testdə qazandıqları ballarla Kuzey Kıbrısla yanaşı, Türkiyənin ali məktəblərinə də qəbul olmaq imkanı əldə edirlər. Girnə Amerikan Universitetinə qəbul olmaq üçün bəlli bir bal toplamaq tələb olunur. Məsələn, lisey diplomunuz olmalıdır. Əslində lisey diplomu olan, bu kimi universitetlərin qəbul tələblərinə cavab verir. Amma lisey diplomu almaq da hər abituriyentə nəsib olmur. Girnə Amerikan Universiteti, Doğu Akdeniz Universiteti, Lefke Avropa Universiteti, Yaxın Şərq Universiteti, Kuzey Kıbrıs Beynəlxalq Universiteti kimi təhsil ocaqlarına qəbul olmaq üçün tələb olunan bal yüksəkdir. Amma maraqlıdır ki, Kuzey Kıbrıslı gənclər üçün hədəf bu ölkənin Universitetlərinə qəbul olmaq deyil. Kuzey Kıbrıs Universitetlərinə qəbul olan yerli gənclər əsasən orta məkəbləri ən zəif nəticə ilə bitirənlərdir. Onların alternativləri qalmadıqları üçün Kuzey Kıbrıs universitetlərini seçirlər. Kuzey Kıbrıslı gənclərin təhsil almaq üçün ilk hədəfi İngiltərədir. Kiprlilər İngiltərəyə vizasız getmək imkanına malikdirlər. Kuzey Kıbrıslı gənclərin təhsil almaq üçün ikinci hədəfləri Avropa Universitetləri, üçüncü hədəf isə Türkiyədir. Bu üç imkanı əldə edə bilməyən gənclər Kuzey Kıbrısın təhsil müəssisələrini seçirlər. Kuzey Kıbrısda Azərbaycandakı kimi ali məktəblərə hazırlıq kursları yoxdur. Fəaliyyətdə olan kurslar isə AELS, TOEFLlə məşğul olurlar. Bu da İngiltərə, Avropa ölkələri, Türkiyə kimi dövlətlərin universitetlərinin qəbul üçün tələb etdiyi ingilis dili bilgisi səviyyəsi üçündür. Ölkənin bütün universitetlərinin nəzdində “Foundation school” hazırlıq kursları fəaliyyət göstərir. Tələbənin ingilis dilində yetərli biliyi yoxdursa, bu kurslar onlara biliklərini artıqmaqda kömək edir. Burada həm yerli, həm də əcnəbi tələbələr biliklərini artırırlar. Yaxşı cəhət burasındadır ki, Kuzey Kıbrıslı tələbələrin 95 faizi inglis dilini öyrənərək məktəbi başa vurur. 
Əcnəbi tələbələrin Kuzey Kıbrıs universitetlərinə qəbulu orta təhsil haqqında müvafiq sənəd əsasında həyata keçirilir. Məsələn, əgər siz Azərbaycanın orta məktəbindən məzun olub attestat almısınızsa, deməli Kuzey Kıbrısın istənilən universitetinə qəbul ola bilərsiz. Əgər siz ingilis dilində təhsil alacaqsınızsa, AELS və TOEFL diplomunuz yoxdursa, burada ingilis dili imtahanına daxil olub, “Foundation school”da ingilis dilini öyrənirsiz. Kuzey Kıbrıs universitetlərinə qəbul olmaq asan görünsə də, təhsil almaq çətin hesab edilir. Ümumiyyətlə, bildiyimiz kimi, Türkiyədə yüksək sınav deyilən bir proses yoxdur. Məsələn, İstanbul universitetinin bakalavr pilləsini bitirib, magistr olmaq istəyirsinizsə, qiymət cədvəlini verib təhsilinizi davam etdirirsiz. Qiymətlər 2.4 göstəricisindən çox olmalıdır.
Qeyd edim ki, Kuzey Kıbrısın ali təhsil müəssisələrinin üzərində Təhsil nazirliyinin təsir gücü yoxdur. Onlara fəaliyyət lisenziyasının Türkiyənin Yüksək Öyrətim Kurulu (YÖK) verir. Buna görə də universitetlərin fəaliyyəti YÖK tərəfindən nizamlanır. Məzunların da diplomları YÖK tərəfindən verilir. Qeyd edim ki, Türkiyənin bütün univrsitetləri və ali məktəbləri Yüksək Öyrətim Kuruluna tabedir. YÖK müstəqil idarə olmaqla, ali məktəblərin fəaliyyətini, onların ehtiyaclarını, inkişaf etdiriliməsi planlarını hazırlayır, müxtəlif ixtisaslar üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə tələbə və müəllimlərin ölkədaxili, eləcə də ölkə xaricində təlimini təşkil edir və tənzimləyir. Bundan əlavə, ali məktəblər arasında əlaqələri koordinasiya edir. YÖK-ün tərkibinə ali təhsil müfəttişliyi, dəqiq planlaşdırma, araşdırma, inkişaf etdirmə, büdcə, investisiya və koordinasiya funksiyasını daşıyan şöbələr daxildir. YÖK-ə paralel olaraq Kuzey Kıbrısda YÖDAK (Yüksək Öyrətim Dairəsi Akkreditasiya Kurulu) da fəaliyyət göstərir. Universitetlər ümumi qanunvericilik əsasında standartlara cavab verən müəllimlərin işə qəbulunda sərbəstdirlər. Bu, onların tədris prosesini müasir dövrün tələbləri səviyyəsində qurmaq istəkləri ilə bağlıdır.
Kuzey Kıbrıs təhsilində əcnəbi tələbələri cəlb edən ən mühüm amil təhsil prosesinin elmi-pedaqoji, tədrisin, təcrübə prosesinin dünyanın qabaqcıl təhsil sistemləri ilə (Amerika, Böyük Britaniya təhsil sistemləri ilə) inteqrativ şəraitdə qurulması, mütərəqqi təhsil proqramlarının tətbiqi, təhsil ödənişlərinin münasibliyi, pedaqoji kadr heyətinin peşəkarlığı, mənəvi-psixoloji mühit, eləcə də ölkənin coğrafi mövqeyi, təbiətinin gözəlliyidir. Amerika və İngiltərə təhsil modellərinin tətbiqi də tələbələri cəlb edən amillərdəndir. Türkiyədən, dünyanın ayrı-ayrı ölkələrindən görkəmli mütəxəssislər universitetlərə mühazirəçi, müəllim kimi dəvət edilir. 
Bu sistem tələbələrin mənəvi keyfiyyətlərinin, liderlik, qlobal problemləri dərketmə, multikulturallıq xüsusiyyətlərinin formalaşmasına yol açır. Universitetlərin idarə olunmasında da, beynəlxalq əlaqələrin qurulmasında da bu mütərəqqi modellərin tətbiqi səmərəli nəticələrə gətirib çıxarır. Amerika təhsil sistemi aşılayır ki, sən məzun yox, lidersən. Bizə məzun yox, lider lazımdır. Onlar dünyada lider olacaq şəxsiyyətləri yetişdirməyi qarşıya məqsəd qoyurlar. Amerikanın ali təhsil müəssisələrinin geniş ixtisas seçimi, elmi-tədris bazası da özünəməxsusluğu ilə seçilir. Malik olduqları baza imkan verir ki, universitetlər tədrislə bərabər, elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparıb, fundamental elmi nəticələr meydana gətirsinlər. İngilis təhsil sistemi isə aşılayır ki, sən dünyaya mədəniyyət yaymalısan. Diqqət çəkən məqamlardan biri də Kuzey Kıbrısın ali məktəblərində təhsilin bakalavr pilləsini bitirən məzunların Kuzey Kıbrısla yanaşı, xarici ölkələrdə magistr və doktorant təhsili almaq imkanlarının genişliyidir. Məzunlar ona görə bu imkanlara malik olurlar ki, Kuzey Kıbrısın ali təhsil ocaqlarının dünyanın reytinqli təhsil ocaqları ilə beynəlxalq müstəvidə əlaqələri mövcuddur. Bu universitetlərin sırasına Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın, Şotlandiyanın, Norveçin və digər ölkələrin ali təhsil müəssisələri daxildir. Kuzey Kıbrıs təhsilində Amerikanın və Böyük Britaniyanın təhsil modellərinin tətbiq olunması da təhsil şəraitinə üstünlük gətirməklə, kadr hazırlığı prosesini dövrün tələbləri səviyyəsinə yüksəltməklə, tələbələrin marağını cəlb edir. Ölkədə hazırda Təhsil nazirliyinin tətbiq etdiyi təhsil modeli İngiltərənin və Türkiyənin təhsil modellərinin sintezindən yaranan bir ortaq sistemdir. Bu sistemin mənəvi tərəfi Atatürk ideyalarına, Türkiyənin milli təhsil sisteminə, texniki tərəfi isə ingilis təhsil sistemiə əsaslanır. Tədris ingilis sisteminə, idarəçilik isə Türk sisteminə əsaslanır. Məsələn, Girnə Amerikan Universitetinin özünün müstəqil tədris proqramı var. Girnə British Schoolda tədris proqramı tamamilə İngiltərə təhsil modelinə əsaslanır. 15 faiz isə Kuzey Kıbrısın Təhsil nazirliyinin qoyduğu tələbə müvafiq olaraq ölkənin təhsil modelinə əsaslanır. Diqqət yetirək, ölkənin Universitetlərinin əksəriyyəti İACBE-biznes-təhsil Beynəlxalq Universitetlər Assosiasiyasının, ECBET – Avropa Şurası biznes-təhsil təşkilatının, ECİS Avropa Şurası beynəlxalq təhsil qurumunun, Amerika Təhsil Konsorsiumunun, YUNESKO nəzdində universitetlərin beynəlxalq Assosiasiyasının və digər nüfuzlu birliklərin üzvüdür. Bütün bunlar, eləcə də, malik olduqları beynəlxalq akkreditasiyalar universitetlərin dünyaya çıxışını təmin edir. Eləcə də, Kuzey Kıbrıs universitetlərinin dünyanın təhsil şəbəkəsindəki yerini müəyyənləşdirir. Faktlara müraciət edək: 1985-ci ildə əsası qoyulan Girnə Amerikan Universitetinin Amerikanın Virciniya ştatında, Böyük Britaniyanın Kenterberi şəhərində, eləcə də, Sinqapurda, Hong Kongda, Şri Lankada, Moldovada filialları fəaliyyət göstərir. Bu universitetdə təhsil Amerika təhsil modeli əsasında aparılır. Bu təhsil modeli özündə həm də dünyanın hər yerindən olan gənclər üçün keyfiyyətli Amerika təhsil modelinin əlçatan olmasını ehtiva edir. Hazırda GAU-da 70 ölkədən tələbə təhsil alır. Tələbələr müxtəlif qrantlar əldə etməklə yanaşı, təhsil ödənişlərində güzəştlər, akademik təqaüdlər, həmçinin Böyük Britaniya və Sinqapurda 1-2 semestr təhsil almaq imkanlarına da malikdirlər. Göründüyü kimi, Kuzey Kıbrısın universitetləri dünya təhsil arenasında öz layiqli yerlərini tutmaqdadırlar.
Qazi Mağusada yerləşən Doğu Akdeniz Universiteti (DAU) Kuzey Kıbrısın qocaman universitetlərindəndir. Bu ali təhsil ocağının əsası 1979-cu ildə qoyulub. Malik olduğu akkreditasiyalar, beynəlxalq əlaqələr tələbələrin təhsillərini Avropada, Amerikada tərəfdaşlıq, tələbə mübadiləsi proqramları çərçivəsində davam etdirmələrinə yol açır. Qeyd edim ki, Kuzey Kıbrısın ən reytinqli universitetlərindən hesab edilən və dövlət ali təhsil müəssisəsi olan Doğu Akdəniz Universiteti nəzdində ingilis dilinin öyrədilməsi üzrə hazırlıq fakültəsi, kollec və uşaq bağçası fəaliyyət göstərir. Universitet öz tələbələrinin təhsil zamanı, həmçinin təhsillərini başa vurduqdan sonra Kuzey Kıbrısda, Avropada, Amerikada ixtisaslarına uyğun iş əldə etmələrinə də yardımçı olur. Bu fakt onu göstərir ki, ölkənin təhsil ocaqlarında təhsilin səviyyəsi kifayət qədər yüksəkdir və məzunların savadlılıq səviyyəsi onların işlə təmin olunmalarına imkan yaradır. Beynəlxalq Universitetlər Birliyi, Avropa Universitetlər Birliyi, Aralıq Dənizi Universitetlər Birliyi, İslam Ölkələri Universitetlər Federasiyasının İdarə Heyətinin üzvü olan DAÜ Amerikada texniki və mühəndislik proqramlarıına nəzarət edən ABET-dən ekvivalentlik sənədi alıb. Bu, mühəndislik ixtisaslarına aid olan dünyanın ən nüfuzlu ekvivalentliyidir. Türkiyədə bu ekvivalentlik DAÜ-dan başqa yalnız Orta Doğu Texnik, Bilkənt, İstanbul Texnik və Boğaziçi Universitetlərinə verilib. DAÜ-nün Biznes və İqtisadiyyat Fakültəsi Türkiyənin ancaq üç universitetinin üzv olduğu EFMD və AACSB-yə üzvüdür. DAÜ-nün Turizm və Mehmanxana İşi Ali Kollecinin turizm sahəsində tək qurum olan TEDQUAL-dan alınmış akkreditasiyası var. DAÜ YÖK sisteminə daxil edilən universitetlər arasında bu tanınmaya sahib olan yeganə universitetdir. Universitet 150-ə yaxın dünya universitetləri ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalayıb.
Universitet – Qeyri-Hökümət Təşkilatları əlaqələri
Universitetlərin ictimai həyatda rolu

Kuzey Kıbrısın universitetləri yerləşdikləri şəhərlərin ictimai həyatında önəmli rol oynayırlar. Onlar Qeyri-Hökümət Təşkilatlarının layihələrinin maliyyələşməsində, şəhərlərin infrastruklarının inkişafında iştirak etməklə, ümumilikdə ölkənin, onun təhsilinin tərəqqisinə öz töhfələrini verirlər. Girnə Amerika Universitetinin hesabatlarında yer tutan faktlara diqqət yetirək: Girnə Amerika Universiteti görmə əngəlli, yaxud digər fiziki qüsurlu uşaqlar üçün sinif açdığını elan edir. Dövlətə bu barədə müraciət edir. Dövlət lazımi vəsaiti ayırır. Universitet Qeyri-hökümət təşkilatları ilə birgə bu layihəni icra edir. Ümimiyyətlə, QHT-lər universitet-dövlət vasitəçiliyi olmadan da təhsil layihələrinin reallaşdırlmasında iştirak edir, problemlərin aradan qalxmasına öz töhfələrini verirlər.
Universitetlər sosial layihələrdə də fəal iştirak edirlər. Onlar bu aspektdə təhsil nazirliyi və dgər qurumlarla fəal əməkdaşlığa qoşulurlar. Öz büdcələrindən istifadə etməklə şəhərlərin infrastrukturlarının inkişafına dəstək verirlər. Kuzey Kıbrısda insanlar, təşkilatlar öz şəhərləri, öz ölkələri üçün bir ağac əkməyi belə böyük şərəf hesab edirlər. Universitetlər yerləşdiyi şəhərin, ərazinin sosial-mədəni həyatına əsaslı şəkildə təsir göstərirlər. Girnə Amerikan Universitetinin 20 min kontingenti var. Əlbəttə ki, 30 minlik bir şəhər üçün bu böyük bir rəqəmdir. Universitet özündə məsuliyyət hiss edərək şəhərin sosial, mədəni, ictimai həyatında yaxından iştirak edir. Eləcə də, şəhərin qeyri-hökümət təşkilatlarına vəsait ayıraraq onları da şəhərin ictimai həyatına qoşur. Universitetlərin “Sosial aktiviti” büdcəsi mövcuddur. Hər il tələbələrdən təhsil haqqından əlavə olaraq alınan 200 avro vəsait həmin büdcədə toplanır. Tələbələr bu vəsaiti böyük məmnuniyyətlə ödəyirlər. Çünki bu vəsait onların da yaşadıqları şəhərin mədəni, mənəvi inkişafına sərf olunur. Hər kəs bu inkişafa öz töhfəsini verməklə yanaşı, özünü onun bir parçası hesab edir. Universitet bu vəsaitdən istifadə etməklə şəhərin inkişafına dəstək olur, sosial və mədəni tədbirlər keçirir, maarifçilik işi aparır. Bu, həm də tələbələrin düşüncəsində belə bir fikrin yaranmasına yol açır: hansı vəzifədə, hansı mövqedə olmağından asılı olmayaraq yaşadığın, nemətlərindən bəhrələndiyin ərazinin inkişafına çalış, onun günügündən gözəlləşməsinə öz töhfəni ver. Bütün bunlar deməyə əsas verir ki, Kuzey Kıbrıs universitetləri öz ölkələri, tələbələri, müəllimləri üçün həm də həyat və təcrübə məktəbi, dünyanı görməyə, dərk etməyə açılan bir qapıdır.
Yazıçı Toni Vaqner yazır: “Hamımız aldığımız təhsilin əsərləriyik. Uşaqlarımız üçün istədiyimiz məktəblərin öz təcrübələrimizi və ya istədiklərimizi əks etdirməsinə ümid edirik. Bu, fərqli təhsil üçün yaradıcı fikirlərimizi məhdudlaşdırır. Heç dəyişməyən bir təhsil sisteminin 21-ci əsr dünyasının ehtiyaclarına cavab verməyəcəyi dəqiqdir. Həqiqətən böyük dəyişimə ehtiyacımız var.” Şimali Kiprdə təhsilin illər üzrə inkişaf dinamikasına nəzər yetirdikcə görmək mümkündür ki, onlar dünyanın ən yaxşı təhsil modellərinin sintezindən (ABŞ-İngiltərə-Türkiyə) bir model yaratmaqla, dünyanın dəyişən tələblərini fəaliyyətlərində aparıcı istiqamət kimi qəbul edirlər. Dünyada dəyişiklik baş verdikcə qurulan sistem buna adekvat cavab verir. Onlar yeniliklərə dərhal reaksiya verməklə yanaşı, özləri də yeniliklər yaradırlar. Texnologiyaların tətbiqinə üstünlük verilir. Təhsilin bütün pillələrində sərbəstlik ön planda dayanır. Şagird və tələbə öyrənməkdə, müəllim öyrətməkdə, direktor, rektor idarə etməkdə sərbəstdir. Heç kəs heç kəsi məcbur etmir, cünki hər kəs nə etmək lazım olduğunu bilir. Təhsil idarəciləri dərk edirlər ki, ölkənin gələcək qurucuları məhz onların yaratdıqları təhsil sistemində formalaşacaq. Şlaxerin sözləri ilə desək: “Dünyanın ən uğurlu təhsil mədəniyyətlərində şagirdlərin uğurlarına sistem cavabdeh olur.” Sistem o zaman üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirir ki, dövlətin bütün strukturları təhsilin şəxsiyyət-mədəniyyət-mənəviyyat yaratdığını dərk edir və onun xidmətində dayanır. Şimali Kiprdə belə bir sistemi müşahidə etmək mümkündür.

Böyükağa MİKAYILLI

İstifadə edilmiş ədəbiyyat:
1. Orada bir ada var uzakta. Stella Aciman. Galata Yayınları. İSBN: 978-65-446-309-1
2. Kıbrıs tarixi – Osmanlı və İngilis idarəsi dönəmi: 1571-1948. İSBN: 0786053327226
3. Kibrısın bilinmeyen tarihi. Rauf Ersenal. Limasol Bankası Kültür yayınları. İSBN: 978-605-851-170-5
4. Farklı bir kültür. Dillirga Ciit1. Orhan Oydaş. Eser sahibinin kendi yayını. İSBN: 9789963275182
5. Kktc-de egitim ve egitimçiler. Bir gün qezeti. Ünal Uzman
6. Mahmudov M. Dünyada təhsil sistemləri. Bakı Mütərcim nəşriyyatı, 2014.