Ali və Orta təhsil / 24 sentyabr 2020

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏHSİLALANLARIN ELMİ TƏDQİQAT BACARIQLARININ İNKİŞAFI

     XXI əsrin başlanğıcında Azərbaycan təhsil sisteminin yenidən qurulması, modernləşdirilməsi və bu işlərin pedaqoji innovasiyalardan istifadə olunmaqla yerinə yetirilməsi prioritet problem hesab edilir. Onların həll olunması üçün yeni pedaqoji araşdırmalara ehtiyac duyulur. Təhsil sistemdir, təhsil prosesdir, təhsil dəyərdir. Təhsilin dəyər olması milli-mədəni keyfiyyətləri özündə ehtiva edir. Bu dəyərləri yaşadan və gələcək nəsillərə ötürən vasitə təhsildir. Təhsil insanların milli və bəşəri dəyərlərə yiyələnməsi prosesinin mühüm amilidir. Pedaqoqun innovasiya potensialı onun praktiki fəaliyyətində təzahür edir. Başqa sözlə, pedaqoqun yaradıcılığı onun potensialının məqsədyönlü surətdə həyata keçirilməsidir. Bu potensiala öz maraq və təsəvvürlərinin inkişaf etdirilməsi istəyi, həmçinin imkanı, yaranan problemlərin qeyri-ənənəvi həllinin tapılması, artıq təhsildə mövcud olan qeyri-standart yanaşmaların qəbul olunması və tətbiqi; yeni təsəvvürləri və ideyaları ümumiləşdirmək və üzə çıxarmaq, real təcrübədə layihələşdirmək, modelləşdirmək; mədəni-estetik inkişafetmə, təhsillilik, yeniliyə açıq olmaq, məlumatlılıq və mədəni sahədə özünü ifadə edə bilmə daxildir. Pedaqoji texnologiya yalnız təhsilin elementi kimi deyil, həmçinin onun məqsədi, məzmunu, prosesi və nəticəsi kimi xidmət göstərir. Təlim texnologiyaları pedaqoji prosesə sistemli, elmi və ardıcıl şəkildə tətbiq edildikdə o, təhsilin ayrılmaz bir hissəsinə çevrilir. Ali təhsilə başlayan tələbələr  müəyyən vərdişlərə  sərbəst şəkildə yiyələnmək məcburiyyətində qalırlar. Elmi problemin qoyulması Tədqiqat işləri hər şeydən öncə praktiki problemlərin həlli ilə məşğul olur və əldə olunan nəticələr sonralar nəzəriyyənin inkişafına yönəldilir. Onlar həmçinin yeni hadisələrin dərk edilməsində yaranan çətinliklərin aradan qaldırılmasında, əvvəllər məlum olan faktların izah olunmasında və yaxud köhnə faktların kifayət qədər araşdırılmadığı hallarda yerinə yetirilir. Elmi–tədqiqat işləri təkcə problemin qoyulması ilə bitmir, burada problem daimi diqqət mərkəzində olur. Elmi işin səviyyəsi qoyulan problemin aktuallığı ilə ölçülərək, bir çox obyektiv və subyektiv amillərdən asılıdır. Hər bir elmi problem adi sualdan onunla fərqlənir ki, burada cavab sadəcə olaraq məlum informasiyalar əsasında tapıla bilmir. Elmdə problem əsasən situasiyalarda mövcud nəzəriyyələrlə izah oluna bilməyən yeni faktların kəşfi ilə ortaya çıxır elmi problem – elmi–praktiki araşdırılması vacib olan elmi biliyin forması olub, tərkibində insanlara məlum olmayan faktlar daşıyır. Problemdə onun empirik və nəzəri tərəfləri birləşir. Problemin məlum faktlar əsasında düzgün qoyuluşu onun uğurlu həlli üçün ilkin şərtdir. Bunun üçün sadəcə dərsliklərin oxunması kifayət etmir, çünki, dərslik sırf bir fənn üzrə məlum olan biliklərin sadə dildə tələbələrə çatdırılmasını qarşısına məqsəd qoyur. Sadəcə kitablara baxmaqla hər hansı verilmiş bir elmi tapşırığın icrası üçün iş planının tərtibi, aparılması və sənədləşdirilməsi çox çətin məsələdir. Burada elmi işlərin tərtibi və prezentasiyası xüsusi ədəbiyyatlarda təsvir olunmuş metodiki göstərişlərin köməyi ilə həyata keçirilir. Belə ədəbiyyatlar ümumi bilik bazasına əsaslanaraq addım–addım tapşırığın deduktiv yolla başa düşülməsinə, onun həll olunmasına kömək edir. Problemin formulə edilməsi zamanı yalnız onun elmin inkişafındakı rolunun qiymətləndirilməsi kifayət deyil.İstənilən problem elm qarşısında qoyula bilməz, əks halda o həll olunmayan problemlərə aid edilir. Problemin qoyulmasından öncə ilkin tədqiqatların aparılmasına ehtiyac var. İlkin araşdırmalar problemin konkretləşdirilməsinə və onun həlli yollarının seçilməsində önəmli yer tutur. Elmi problemin belə işlənməsi bir neçə pillədə aparılr. İlkin olaraq alınmış yeni faktlar və hadisələr məlum nəzəriyyələr çərçivəsində izah edilir. Faktların çoxluğu yeni nəzəriyyələrin işlənməsinə tələbat yaradır. Növbəti addımda problemin həlli yolları və ideyaların ilkin analizi və qiymətləndirilməsi aparılır. Əslində burada problemin həlli üçün vacib olan hipotezin heç bir həll yolu göstərilmədən əsaslandırılması baş verir. Qoyulan problemin növü və həlli onun məqsədinin, həmçinin digər problemlərlə əlaqəsinin aşkarlanmasına yol açaraq konkret halda həll yolunu düzgün qiymətləndirməyə imkan yaradır. Mövcud nəzəriyyələr və empirik məlumatlar kifayət qədər olmadıqda problemin həllinə məhdudiyyətlər qoyulur. Məlum nəzəriyyələrin, həll yollarının və məqsədlərin düzgün qiymətləndirilməsindən sonra qoyulmuş problemin ilkin təsvirinin dəqiqləşdirilməsi mümkün olur. İstər elmi tədqiqat, istərsə də praktik iş zamanı müəyyən metodlardan istifadə edilir, başqa sözlə qarşısına qoyduğu məqsədə nail olmaq üçün öz fəaliyyətini müvafiq şəkildə təşkil edir. Bu zaman istifadə olunan priyomlar və vasitələr elmi tədqiqat metodları adlanır. Həmin metodların köməyi ilə müvafiq elmin qanunauyğunluqları aşkara çıxarılır. Elmdə əldə edilən nəticələrin gücü tətbiq olunan tədqiqat metodlarının təkmillik dərəcəsindən, onların  validliyi və etibarlılığından və s. asılıdır. Metod nə qədər düzgün seçilərsə, nəticə o qədər uğurlu olur. 
     Аli təhsil müəssisəsində təhsilalanların еlmi tədqiqat işinin təşkili , təhsilalanların elmi tədqiqat işi sisteminin metodoloji əsasları müasir dövrdə istehsal texnologiyalarının informasiyalaşdırması ilə əlaqədar xüsusi informasiyaların (elmi, texniki, texnoloji və s.) həcmi sürətlə artır. Belə bir şəraitdə hazır biliklərin mənimsənilməsinə və təqdim olunmasına əsaslanan təlim texnologiyaları rasional və perspektivli hesab olunmur.Təhsilalanların yaradıcılıq qabiliyyətinin yüksəldilməsi və intellektual səviyyəsinin formalaşdırılmasına yönəldilmiş təhsil texnologiyalarından istifadə edilməsi vacibdir. 
   Ali məktəbdə təhsilə qədəm qoymaqla gənclərin həyatında yeni mərhələ başlayır. Ali təhsilin əsas məqsədi də elə buradan irəli gələn özünütəşkiletmə və sərbəst işləmə kimi amillərlə müşaiyət olunan bir inkişaf prosesindən ibarətdir. -Tələbələri tədris prosesində müşaiyət edərək,  kurs və layihə işləri, bakalavr və magistr dissertasiyalarının verilmiş vaxt çərçivəsində addım , addım uğurla işləmələrində  onlara yardımçı olmaq hər birimizin fəaliyyətinin əsasa qayəsi olmalıdır. Əldə olunan metodiki biliklər elmi– tədqiqat işlərinin  ali məktəblərdə tədris olunan bütün elm sahələri üçün dəyərlidir. Təhsilalanların elmi tədqiqat bacarıqlarının inkişafına,  praktik təcrübələrin təşkilinə  Universitetlərdə fəaliyyət göstərən Elmi Tədqiqat Mərkəzləri vasitəsilə   metodiki   köməyinin təşkili nəzərdə tutulan problemin həllinə yardımçı ola bilər. 
  Ali məktəblərdə  aparılan elmi  tədqiqatların müasir səviyyədə aparılması və keyfiyyətinin yüksəldilməsi təmin olunmalıdır. Ali məktəblərdə elmi tədqiqatlar həm kafedralarda, həm də elmi tədqiqat müəssisələrində aparılır. Elmi-texniki potensialın – tədqiqatçıların təkrar istehsalını təmin edən elm və təhsil strukturlarının bib-biri ilə qarşılıqlı əlaqəsi, təhsilin elmlə sintezi olmadan müasir təhsil inkişaf edə bilməz. Bu proses eyni zamanda ali məktəblərin pedaqoji potensialını inkişaf etdirməyə, tədris proqram və kurslarının məzmununu, təhsil texnologiyalarını və metodlarını yeniləşdirməyə imkan verir. Elm və təhsilin gələcək inteqrasiyasını təmin etmək üçün elmi tədqiqatların ali məktəb, sahə və akademik bölmələrinin bir sıra sahələrində yaranmış əlaqəsizliyin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin hazırlanması və mərhələlər üzrə həyata keçirilməsi tələb olunur. Azərbaycan Respublikasının Təhsil Qanununa əsasən ali məktəblər həm təhsil, həm də mühüm elm mərkəzləridir. Ali məktəb elmi ixtisas profilinə uyğun olaraq təhsil prosesinin daim təkmilləşdirilməsini təmin etməklə bərabər dövlət sifarişlərinin, müqavilə və kontraktlar əsasında proqramların, layihələrin yerinə yetirilməsində fəal iştirak edir. Bu məqsədlə ali məktəblərdə kafedralarla yanaşı elmi-tədqiqat laboratoriyaları, mərkəzləri, institutları, yaradıcılıq kompleksləri və s. yaradılır. Dövlət milli dirçəlişi təmin edən elm sahələrində, o cümlədən təhsil və mədəniyyət problemləri sahəsində əsaslı araşdırmalara üstünlük verir. Təhsil alan gənclərin elmi-tədqiqat işinə cəlb olunması ali məktəb elminin əsas vəzifələrindən biridir. Bu sahədə həyata keçirilən iş yaradıcılıq fəaliyyəti konsepsiyasına söykənən pedaqoji texnologiyalar əsasında qurulmalıdır. Tələbələr, bir qayda olaraq, ali təhsil müəssisəsinin elmi bölmələrində və kafedralarında yerinə yetirilən tədqiqat işlərinin icraçıları kimi cəlb olunurlar. Bu tapşırıqlarda yaradıcılıq elementlərindən istifadə olunması, sadə araşdırmaların və tədqiqatların aparılması nəzərdə tutulmalıdır. Tələbəyə elmi tədqiqat işinin proqramının və ya təqvim planının tərtib edilməsi, tədqiqatlara başlamazdan əvvəl istifadə ediləcək ədəbiyyat mənbələrindən məlumatların toplanıb təhlil edilməsi, təqvim planında nəzərdə tutulan digər işlərin yerinə yetirilməsi, tədqiqat işinin  nəticələrinin təhlil və şərh edilməsi, onları özündə cəm edən hesabatın, tələbə konfranslarında iştirak etmək üçün məruzələr və müasir texnologiyalar əsasında təqdimatın hazırlanması sahəsində biliklərin əldə edilməsi və təcrübə vərdişləri, habelə kollektiv halında işləmək bacarığı aşılanmalıdır. Ali təhsil müəssisələrində elmi işlərin nəticələrinin tədris prosesinə tətbiq edilməsinə meyl getdikcə artır, aparılan elmi tədqiqatların keyfiyyətinin artırılmasına diqqət yetirilir.


Vəliyeva Zülfiyyə
ADPU-nun ETM-nin Tətbiqi tətqiqatlar bölməsinin elmi işçisi.
Respublikanın Əməkdar Müəllimi. Müəllimlərin Peşəkarlıq Səviyyəsinin
İnkişaf Etdirilməsi Layihəsi üzrə Milli məsləhətçi